SON XƏBƏRLƏR

Ermənistan ordusundakı vəziyyət acınacaqlı hal alıb

2021.10.20, 07:36
Ermənistan ordusundakı vəziyyət acınacaqlı hal alıb

Gunaz.tv
Son vaxtlar Ermənistanın müdafiə sistemindəki vəziyyət daha da acınacaqlı hal alıb. Orduda şəxsi heyəti arasında mənəvi-psixoloji durum və nizam-intizam xeyli zəifləyib. Bunu ermənistan silahlı qüvvələrinin maddi-texniki təminatında yaranan problemlərlə əlaqələndirənlər də az deyil. Ermənistan ordusunda fərarilik halları gündən-günə artır. Bu, ordunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən bölmələrində daha qabarıq şəkildə nəzərə çarpır. Maraqlıdır ki, fərarilərin əksəriyyəti düşmən tərəf hesab olunan Azərbaycan hərbçilərinə təslim olmağa üstünlük verirlər. Bunun bir səbəbi təqibdən yaxa qurtarmaqdırsa, digəri burada təslim olan erməni əsirlərə göstərilən münasibətdir. Bu yaxınlarda Ermənistan ordusundan qaçaraq Azərbaycan tərəfə keçən 3 erməni əsgəri də bunu etiraf edib. Ermənilər burada onlara göstərilən münasibətdən razılıqlarını ifadə edərək bildiriblər ki, əgər öz ölkələrinə geri dönsəydilər, yaxalandıqları halda işgəncələrə məruz qalacaqdılar. Burada isə müalicə olunaraq üçüncü ölkəyə getmək istəyirlər. Əsgərlərin dediyinə görə, işğal olunmuş ərazilərdə yerləşən ermənistan ordusunun bölmələrində zülmdən yaxa qurtarmaq üçün Azərbaycan hərbçilərinə təslim olmağa üstünlük verənlərin sayı hər keçən gün daha da artır. Çünki, yerli erməni zabitlər və əsgərlər tez-tez ermənistanlıları döyür və təhqir edirlər. Son vaxtlarda Dağlıq Qarabağda yerləşən dağ-atıcı və motoatıcı diviziyalarda 19 bıçaqlanma hadisəsi baş verib və daxili mübahisələr zamanı 8 ermənistanlı hərbçi qətlə yetirilib. Ötən bir il ərzində isə 2 min 200-dən çox cinayət faktı qeydə alınıb. Bunun da 45-i ölümlə, 73-ü orta və ağır yaralanma halıyla nəticələnib. Qlobal maliyyə böhranının təsiri ilə Ermənistanda iqtisadi vəziyyətin daha da pisləşməsi ordunun maddi-texniki təchizatında da problemlər yaradıb. Hərbi qulluqçuların maaşlarının yubadılması hallarıyla yanaşı, mənimsənilməsi faktları da artıb. Xüsusilə bir sıra əlahiddə motaatıcı alaylarda aparılan yoxlamalar zamanı məlum olub ki, tabor və bölük komandirləri hərbi hissə komandirinin göstərişi ilə rütbəli hərbi qulluqçuların məvacibinin 50-80 faizini mənimsəyib. Yəni yaxın günlərdə erməni zabitləri də Azərbaycan hərbçilərinə təslim olsa, bu təəccüb doğurmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar