SON XƏBƏRLƏR

OBAMA, SARKOZİ VƏ MEDVEDYEV DAHA ÇOX KİMƏ TƏZYİQ EDƏCƏK?

2021.10.20, 07:36
OBAMA, SARKOZİ VƏ MEDVEDYEV DAHA ÇOX KİMƏ TƏZYİQ EDƏCƏK?

Gunaz.tv
Eldar Namazov: “Görüşdə sülhə məcburetmə prinsipindən istifadə olunması istisna edilmir” Xəbər verildiyi kimi, Dağlıq Qarabağ münaqişəsinə dair 17 illik danışıqlar prosesində misli görünməmiş addım atılır. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin prezidentləri iyulun 6-8-də Moskvada beynəlxalq sammitdə bir araya gələcəklər. Rusiya, ABŞ və Fransa prezidentlərinin birlikdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirəcəyi və Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəkləri bildirilir. Artıq rəsmi məlumat yayılıb ki, dünyanın böyük dövlətləri eyni zamanda öz aralarında Qafqazda nüfuz savaşı kontekstində Qarabağ münaqişəsini müzakirəyə çıxaracaqlar. Ekspertlərin fikrincə, Moskvada baş tutacaq sammitdə münaqişənin həlli istiqamətində həlledici addımlar atıla bilər. Həmçinin Azərbaycan və Ermənistan prezidentlərinə üç böyük dövlətin başçısının birlikdə təzyiq etməsi də istisna olunmur. Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Eldar Namazov bildirdi ki, diplomatiyada sülhə məcburetmə anlayışı var. O hallarda bundan istifadə olunur ki, beynəlxalq ictimaiyyət hansısa konfliktin həllində həddən artıq maraqlı olur, tezliklə həmin məsələni həll etməyə çalışır. Konfliktdə olan tərəflər isə heç cür razılığa gələ bilmirlər. Ona görə də beynəlxalq ictimaiyyət tərəflərə təzyiq göstərir və konfliktin həlli ilə bağlı hansısa modeli qəbul eləməyə məcbur edir. Bu, beynəlxalq diplomatik praktikada o qədər də tez-tez rastlaşılan hal deyil. Ancaq son dərəcə zərurət yarananda məcburetmə anlayışından istifadə edilir. E.Namazovun fikrincə, sözügedən görüşdə sülhə məcburetmə prinsipindən istifadə olunması istisna edilmir: “Bu yaxınlarda bir neçə dəfə həm Ermənistan, həm də Rusiya mətbuatında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı sülhə məcburetmə prinsipindən istifadə etmək haqqında müxtəlif rəylər söylənməyə başlanıb. Bu, təsadüfi deyil. Hazırda bir şey tam aydındır ki, bir çox beynəlxalq qurumlar və ölkələr Qarabağ probleminin həllində çox maraqlı görünürlər. Əvvəlki illərdən fərqli olaraq, burada beynəlxalq ictimaiyyətin bu məsələyə ciddi müdaxilə etdiyi və problemi həll etmək istəyinin olduğu göz qabağındadır. Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə beynəlxalq qurumlarda formalaşıb”. O ki, qaldı kimə nə cür təsir etmək olar məsələsinə, politoloqun sözlərinə görə, İlham Əliyevlə Serj Sərkisyana onların təmsil etdikləri dövlətlərin imkanlarını nəzərə alıb buna uyğun təzyiq edilə bilər: “Azərbaycanla Ermənistanın imkanlarını nəzərdən keçirəndə görərik ki, tərəflərin hər birinin öz fərqli imkanları var. Ermənistanın imkanı daha çox diasporanın gücündədir. Erməni diasporasının ABŞ və Fransanın hakim dairələrinə müəyyən təsir etmək imkanları var. Azərbaycanın isə əsas üstünlüyü böyük təbii resursları, regiondakı enerji layihələrində və geopolitik məsələlərdə mühüm rol oynamasıdır . Azərbaycana da, Ermənistana da müəyyən təzyiq edilə bilər. Azərbaycanın təzyiqləri dəf etmək imkanı ən azı Ermənistandan az deyil. Hətta deyərdim ki, Azərbaycanın üstünlükləri var. Azərbaycanın üstünlüklərindən biri Qarabağ məsələsindəki mövqeyinin tam beynəlxalq hüquq normalarına uyğun olmasıdır”. E.Namazovun fikrincə, 5 prezidentin iştirakı formatında görüşün baş tutacağını indidən əminliklə söyləmək də doğru olmazdı: “Bu formatda görüşün baş tutmasının özünün də bir neçə şərtləri var. Qarşıdakı bir ayın ərzində Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan asılı olacaq ki, o şərtlər yerinə yetiriləcək, yoxsa yox. Böyük üçlüyün hansı tənzimlənmə modelinin üzərində dayanacağını da söyləmək çətindir”. Etibar SEYİDAĞA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar