SON XƏBƏRLƏR

İran adlanan yerdə prezidentliyə namizəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb

2021.10.20, 07:36
İran adlanan yerdə prezidentliyə namizəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb

Gunaz.tv
Azərbaycanlıların kompakt yaşadığı Haftabadda tərəfdarları qarşısında çıxış edən Mir Hüseyn Musəvi Azərbaycan dilində nitq söyləyib İranda islahatçıların prezidentliyə əsas namizədi olan Mir Hüseyn Musəvinin tərəfdarları Tehranın mərkəzində çoxminli aksiya keçiriblər. ANS TV-nin seçki prosesini izləmək üçün Tehrana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Musəvi ölkəsinin xarici siyasəti barədə danışarkən Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O bildirib ki, İranla qonşu dövlət olan Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaşiqəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Musəvi çıxışında Məhəmmədhüseyn Şəhriyarın "Heydərbaba" şeirini oxuyub və tərəfdarları qarşısında Azərbaycan dilində çıxış edib. Ötən gün Tehranın mərkəzində baş tutan nümayişdə Musəvinin həyat yoldaşı Zəhra Rahnavard çıxış edərək Mahmud Əhmədinejadın iranlılara xəyanət etdiyini bəyan edib. O, ölkədə söz, mətbuat və fikir azadlığının təmin olunmasına çağırış səsləndirib. "Mən sizinlə danışıram, cənab Əhmədinejad. Siz 70 milyon iranlını təhqir etmisiniz, çünki siz onların prezidentini aşağılamısınız və onlara yalan danışan prezident təqdim etmisiniz. Biz İran xalqının əbədi arzuları olan ifadə, mətbuat və fikir azadlığı istəyirik", deyə Zəhra Rahnavard bildirib. Mir Hüseyn Musəvinin tərəfdarlarından biri Sara Kordisə verdiyi müsahibədə bildirib ki, insanlar Mahmud Əhmədinejadın hökumətindən bezdiyindən islahatçı Musəvini dəstəkləyirlər: "Musəvini ona görə dəstəkləyirlər ki, onun korrupsiyada əli yoxdur və xalq hazırki hökumətdən cana doyub". Mir Hüseyn Musəvinin tərəfdarları nümayişdən sonra gecə yarıya qədər Tehran küçələrində atəşfəşanlıq edərək namizədlərini dəstəkləyən şüarlar səsləndiriblər. İndiyə qədər İranda keçirilən prezident seçkisində oxşar seçki mühiti qeydə alınmayıb. Qeyd edək ki, İranda İslam İnqilabından sonra baş nazir postu 1989-cu ildə ləğv olunana qədər bu vəzifəni tutan Mir Hüseyn Musəvi iyunun 12-də baş tutacaq prezident seçkisində hazırki dövlət başçısı Mahmud Əhmədinejadın əsas rəqibi hesab olunur. Bu, ölkədə İslam Respublikası qurulduqdan sonra İranda keçirilən 10-cu prezident seçkisidir. Seçki günü yaxınlaşdıqca, aparılan rəy sorğuları və müşahidəçilərin fikirlərinə əsasən, ictimai rəy islahatçı namizəd Mir Hüseyn Müsəvinin xeyrinə dəyişməkdədir. İslahatçılar ümid edir ki, əhalinin seçkidə yüksək fəallığı onlara mühafizəkar xətt yürüdən Mahmud Əhmədinejadı hakimiyyətdən uzaqlaşdırmağa kömək edəcək. İslahatçılar onu İranı beynəlxalq təcrid vəziyyətinə salmaqda və iqtisadi bəlalarda günahlandırırlar. Bu baxımdan Mir Hüseyn Musəvi qısa zaman ərzində tanınmış incəsənət xadimləri, rejissorlar, aktyorlar, siyasətçilər və minlərlə tələbənin dəstəyini qazanaraq onları öz kütləvi aksiyalarına cəlb edə bilib. Belə ki, bu həftə islahatçı namizədin on minlərlə tərəfdarı indiyə qədər görünməməmiş fəallıq və qələbəliklə paytaxt Tehran və digər şəhərlərin küçələrinə axışaraq şok effekti yaradıblar. Onlar Mir Hüseyn Musəvini dəstəkləyən şüarlar səsləndirməklə yanaşı, hazırki dövlət başçısı Mahmud Əhmədinejadın əleyhinə də şüarlar deyiblər. Seçkiöncəsi son televiziya çıxışını edən Mir Hüseyn Musəvi tərəfdarlarını bir daha əmin edib ki, o, heç bir halda seçki yarışmasından geri çəkilməyəcək və seçki kampaniyasında verdiyi vədləri yerinə yetirəcək: "Mən sizə bildirirəm ki, gəldiyim yolu qayıtmayacağam. Yarışmadan çıxmaq və təslim olmaqdan söhbət gedə bilməz. Mən həmçinin şüarlarımdan da imtina etməyəcəyəm. Mən kasıbları dəstəkləmək kimi əsas şüarlarıma sadiq qalacağam. Mən hələ də inqilabın ilk illərində olan Mir Hüseynəm. Mən yeni situasiyanı başa düşürəm və buna görə də səhnəyə daxil olmuşam. Bizim seçki kampaniyasında iştirak edən insanlar biri-birinə qarşı daha mərhəmətli olublar, onlar daha şən və xoşbəxtdirlər. Biz bu atmosferi sayıqlıqla və seçkilərdə yüksək fəallığa nail olmaqla qoruyub saxlamalıyıq". /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar