SON XƏBƏRLƏR

PUTİNİN QƏZƏBİ NƏDƏN XƏBƏR VERİR? . Elxan Şahinoğlu

2021.10.20, 07:36
PUTİNİN QƏZƏBİ NƏDƏN XƏBƏR VERİR? . Elxan Şahinoğlu

Gunaz.tv
"Atlas" Araşdırmalar Mərkəzinin sədri Rusiyanın baş naziri Vladimir Putinin prezident olduğu dövr sosial-iqtisadi rəvan keçdi, ciddi problemlər yaranmadı. 1990-cı illərin sonunda neftin qiyməti kəllə-çarxa qalxmışdı deyə o, istədiyi proqramları maliyyələşdirir, istədiyi sahədə əmək haqqını artırırdı. Ancaq elə ki dünyada iqtisadi böhran baş qaldırdı, enerji ucuzlaşdı, xammal ixracı azaldı, Rusiyanın ağır günləri başladı. Uğurlu günləri arxada qalan Putin də qəfil sərtləşdi. Hətta o səviyyəyə qədər ki, ölkənin strateji müttəfiqi olan Belarusu cəzalandırmaq fikrinə düşdü. Vəd etdiyi kreditləri verməməsi bir yana, indi bu ölkədən Rusiyaya idxal edilən süd məhsullarına da qadağa qoyub. Hazırda Rusiya müəssisələrinin əksəriyyəti yarı gücünə işləyir, işsizlərin sayı durmadan artır. Ölkənin ən böyük bəlası ABŞ, Avropa Birliyi ölkələri, Çin, hətta Hindistan kimi hazır məhsul istehsal etməməsidir. Prezident Dmitri Medvedyev nə qədər “ölkə iqtisadiyyatını innovasiyalarla və texnologiyalarla zənginləşdirməliyik” desə də, Rusiyanın xammal ixracatından qurtulmasına hələ çox var. Ötən həftənin sonunda Sankt-Peterburq yaxınlığında 22 min əhalisi olan Pikalyevo şəhərciyində üç sement zavodu fəaliyyətini dayandırdı, qəzəblənmiş fəhlələr küçələrə axışdı. Onlar hətta Putinin keçəcəyi yolu da kəsdilər. Putin yerli bürokratların və dayanmış zavod sahiblərinin arzulamadığı variantı seçdi, birbaşa boş sement zavoduna getdi, nazir və sahibkarları ora topladı, sahibkarları, o cümlədən Rusiyanın və hətta dünyanın ən varlı iş adamlarından sayılan Oleq Deripaskanı dərsini oxumamış şagird kimi danladı. Müasir Rusiya tarixində ilk dəfəydi Kremlə yaxın oliqarx bu şəkildə danlanırdı. Amma Putinin başqa çıxış yolu da yox idi. O başa düşürdü ki, Pikalyevodakı olaylarını görməzliyə vursa, Rusiyada zəncirvari reaksiya başlayacaq, sahibkarlar rentabelsiz zavodları qapadacaq, narazı işçilər isə mitinq və yürüşlərə şıxacaq. Təsadüfi deyil ki, o gün Arxangelsk şəhərində həkimlərin etiraz aksiyası keçirdiyi xəbəri də yayılmışdı. Baş nazirin Pikalyevoda nümayiş etdirdiyi sərtlik işə yarayacaqmı? Doğrudur, Putin Deripaskanı zavodları açmağa və işçilərə olan borcunu ödəməyə məcbur etdi. Ancaq iqtisadi ekspertlər yenidən çalışmağa başlayan sement zavodlarının öz məhsulları üçün bazar tapacağına şübhəylə yanaşırlar. Yəni Deripaska Putinin qorxusundan geri çəkilsə də bir azdan - gəlirləri lap azalmağa başlayanda ya həmin zavodları dəyər-dəyməzinə satmağa məcbur olacaqlar, ya da Abramoviç kimi, şələ-küləsini yığışdırıb kapitalıyla birlikdə xaricə gedəcəklər. Putin sonradan Abramoviçə Yakutsk bölgəsinin qubernatorluğunu yükləmişdi ki, qazandıqlarının heç olmasa bir qismini vətənində xərcələsin, ancaq Abramoviç imkan düşən kimi bu yükdən də xilas oldu. İndi Moskvanın ona əli çatmır. Vaxtilə Putin ancaq rəqib gördüyü oliqarxları sıxışdırırdı (Qusinski, Xodorkovski), indi isə hətta Moskva meri Lujkovla şəxsi dostluğu olan Telman İsmayılovu da hədəfə alıb. T.İsmayılov Antalyada Avropanın ən bahalı mehmanxanasını tikdirəndən sonra Kremlə yaxın Rusiya KİV-lərində “Burda qazandığı pulları Türkiyədə xərcləyir, halbuki bizdə iqtisadi vəziyyət daha ağırdır” fikirləri səslənməyə başladı. Türk mətbuatı onun Türkiyədən vətəndaşlıq almaq istədiyini yazandan sonra isə T.İsmayılovun vəziyyəti daha da qəlizləşdi. Rusiyanın RTR kanalının analitik “Vesti” proqramı ötən bazar T.İsmayılovun Moskvadakı Çerkizivo bazarından geniş reportaj verdi. Reportajda iddia olunurdu ki, bu bazar narkotik malların dövr etdiyi ən böyük məkan, dövlət içində dövlətdir və Putin belə məkanlarda 2 milyard dollarlıq narkotik maddə gizlədildiyini deyibmiş. Kremlə yaxın televiziya kanalı az qala bunu iddia etmiş oldu ki, T.İsmayılov Antalyadakı mehmanxananı Rusiyada narkotik mallar satması hesabına tikdirib. Məncə, T.İsmayılovun vaxtı azdır. Kapitalıyla birlikdə Türkiyəyə və ya hasısa başqa ölkəyə köçməyə macal tapmasa, onu Xodorkovskinin taleyi gözləyə bilər. mediaforum.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar