SON XƏBƏRLƏR

ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri

2021.10.20, 07:36
ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri

Gunaz.tv
Obamanın yeni bəyanatları və iki geosiyasi faktor ABŞ-Azərbaycan münasibətlərində yeni bir canlanmanın yarandığını təsdiq edən hadisələr baş verir. Amerika prezidenti Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevə yazdığı məktubda starteji tərəfdaşlıq tonunda fikir ifadə etməsi və bizim ölkə ilə əməkdaşlıqda yeni bir səviyyəyə çatılmasından söhbət açması diqqəti cəlb etməkdədir. Bunun ardınca ABŞ Konqresində Azərbaycanla dostluq yönündə maraqlı fikirlər səslənmişdir. Konqresmenlər ABŞ-Azərbaycan əməkdaşlığında yeni səhifə aça biləcək ideyalar irəli sürüblər. Onların sırasında Azərbaycana Ermənistan məsələsinə görə qoyulmuş bəzi məhdudiyyətlər, o cümlədən bədnam “907-ci düzəliş”in ləğv edilməsi vardır. Artıq hər kəs hiss edir ki, bu məsələ yaramayan bir işdir. Onun sadəcə formal olaraq qalması ABŞ-ın öz imicinə zərbədir. Məsələnin başqa tərəfi isə bölgə ilə bağlı cərəyan edən geosiyasi proseslərin daxili məntiqinə bağlıdır. Bu problemə Barak Obamanın Şərq turnesində səsləndirdiyi fikirlərdən nəzər salmaq olar. B.Obama müsəlman dövlətlərinə qarşı rəsmi Vaşinqtonun siyasətini dəyişməkdə olduğunu ifadə edib. Hiss olunur ki, Amerika bu siyasətdə ciddi səhvlərə yol verdiyini anlayıb və vəziyyəti xeyrinə düzəltməyə çalışır. B.Obamanın Qahirədəki çıxışının əsas məğzi bundan ibarət idi. Onun ilk xarici turnesinə Türkiyədən başlamasını yada salsaq, bütövlükdə rəsmi Vaşinqtonun önəm verdiyi dövlətlərin dairəsi məlum olar. Müsəlman aləmində Türkiyə Amerika üçün ən çox önəm daşıyan dövlətdir. Ərəb dünyasında Misir, Qafqazda isə Azərbaycan onun strateji partnyoru rolunu oynamalıdır. Deməli, ABŞ-ın Azərbaycan siyasəti iki faktora görə istiqamətlənir – birincisi, Azərbaycan Türkiyəyə yaxın və Güney Qafqazda ən potensiallı ölkədir, ikincisi, Azərbaycan müsəlman ölkəsi olaraq tolerant siyasət yeridən, davamlı inkişafda olan dövlətdir. Hər iki faktorun sintetik təsiri Azərbaycanı bütün geosiyasi məqamlarda aktual etməkdədir. Eyni zamanda, Amerikanın Azərbaycan siyasətində müəyyən ikiliyini də bu faktorların kəsişdiyi sahələr təşkil edirlər. Belə ki, ABŞ müsəlman dövləti olaraq Azərbaycanı indiyə qədər xristian ölkələri olan Ermənistan və Gürcüstan qədər diqqətə almamışdır. Bu, sirr deyil. ABŞ indiyə qədər Ermənistana ədalətsiz işində ya gizli dəstək verib, ya da lazımi təsiri göstərməmişdir. “Erməni soyqırımı” məsələsindən də rəsmi Vaşinqton Türkiyəyə siyasi təzyiq vasitəsi olaraq istifadə etməkdədir ki, bunun da fonunda Dağlıq Qarabağ məsələsində sona qədər ədalətli ola bilmir. Bu faktorun əleyhinə yeni gəlişmə var. O da yuxarıda qeyd etdiyimiz müsəlman dünyasında Amerikanın nüfuzunun aşağı düşməsi və o səbəbdən də daha çox geosiyasi mövqe itirməsidir. ABŞ anlayır ki, bu taktika ona xeyirdən çox ziyan vurur. Ona görə də xarici siyasətində müsəlmanlara qarşı daha ədalətli mövqe nümayiş etdirmək tendensiyasının güclənməsi gözləniləndir. O aspektdə ABŞ-ın Türkiyə və Azərbaycan siyasətində yeni notlar formalaşa bilər. Məhz o prizmada biz ABŞ-Azərbaycan münasibətlərinin strateji aspektlərinə önəm veririk. Bu səviyyədə digər faktor İsrail məsələsinə bağlıdır. İsraillə bağlı rəsmi Vaşinqtonda bir qədər tənqidi məqam yaranıb. B.Obama Fələstin dövlətinin yaradılmasında israr edir. Ancaq bu fonda belə İsrail-ABŞ əməkdaşlığı sıx strateji məzmun kəsb etməkdədir. İranın etirazlarına baxmayaraq, Azərbaycanın İcraillə münasibətləri inkişaf etdirməsi və bu ölkənin prezidentini qəbul etməyə hazırlaşması ciddi rezonans doğurmuşdur. ABŞ-dakı yəhudi diasporu üçün bu, çox müsbət əlamətdir. Mümkündür ki, ABŞ Konqresindəki yaranmış son ilıq münasibətdə həmin faktorun da rolu vardır. Hər bir halda Azərbaycan modern siyasət yeridən, bütün dini fərqliliklərə tolerant yanaşan müsəlman ölkəsi olduğunu tam sübut eməkdədir. Bu, on illiklərdir Ermənistanın və havadarlarının Azərbaycan haqqında yaratdığı mənfi mifi darmadağın etməkdir. İndi okeanın o tayında Qafqazın ən mədəni xalqının azərbaycanlılar olduğuna, artıq formalaşmış dövlətin Azərbaycan olduğuna şübhə etmirlər. Bu, əsas faktordur. Ona görə də Azərbaycanın Qafqaz dövləti olaraq qarşılaşdığı problemlərin həll edilməsinə ümid xeyli artmışdır. Bunun fonunda Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılmasında Amerika birmənalı ədalətli mövqe tutsa, onun bizim dövlətlə çox perspektivli əməkdaşlığı ola bilər. Azərbaycan müstəqil dövlət kimi sözünün arxasında durmağı bacarandır. Ona görə də ABŞ-ın verdiyi bəyanatlara münasibət yaxşıdır, ancaq əsas əməldir. Şahin Məhəmmədoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar