SON XƏBƏRLƏR

NATO-dan şok iddia . Azərbaycan Gürcüstan və Ukraynadan daha şanslıdır?

2021.10.20, 07:36
NATO-dan şok iddia . Azərbaycan Gürcüstan və Ukraynadan daha şanslıdır?

Gunaz.tv
NATO-da adının açıqlanmasını istəməyən bir mənbə postsovet məkanında bu quruma ən real namizədin Azərbaycan olduğunu iddia edib. Mənbə bir neçə NATO dövlətinin Azərbaycanın tezliklə quruma üzv olmaq istədiyini söyləyib. Həmin ölkələrin Türkiyə, Böyük Britaniya, Baltikyanı ölkələr, Rumıniya olduğunu deyirlər. Azərbaycanın Ukrayna və Gürcüstandan fərqli olaraq sabit siyasi gələcəyə sahib olduğu bu fikri söyləyənlərin əsas arqumentidir. Ukraynada 1-2 ilə hakimiyyətə kimin gələcəyi və hansı kursu aparacağı bəlli deyil. Gürcüstanda da təxminən eyni vəziyyət vardır. Azərbaycan isə bu baxımdan dəqiq mövqeyi və strategiyası olan dövlətdir. Azərbaycan həm də NATO ilə əməkdaşlığını uğurla və ziddiyyətsiz dabam etdirir. Lakin Azərbaycan bir sıra geosiyasi faktora görə NATO məsələsində tələsmir. Bir neçə ay öncə bir rusiyalı ekspert Azərbaycanın yavaş-yavaş NATO-ya doğru getdiyini demişdi. Bununla yanaşı, bizim ölkəni bu məsələdə qınaya bilmirlər. Çünki onun digər hərbi güclərlə əməkdaşlığı vardır. NATO-dakı mənbənin məhz indi məsələni qabartması isə səbəbsiz olmamalıdır. Əslində bu, heç NATO-dakı mənbə də olmaya bilər. Xüsusi informasiya şarı buraxaraq ölkəmizin bu məsələyə reaksiyasını öyrənə bilərlər. Hər bir halda bizim üçün NATO məsələsi adi amillərdən biri deyildir. Burada bir sıra məqamlara ayrıca diqqət yetirmək lazımdır. Azərbaycanın NATO-ya üzvlüyü Xankəndindən keçir. Dağlıq Qarabağ məsələsini həll etmədən bu problemin həll edilməsi mümkün deyildir. Gürcüstandakı durum da burada presedent yarada bilməz. Gürcüstan Abxaziya və Güney Osetiyasız NATO-ya üzv ola bilər. Bunun necə reallaşa biləcəyi Rusiyanın bu ərazilərə nəzarət etməsinə bağlıdır. Bu halda NATO Rusiyaya qarşı durmalı olur. Dağlıq Qarabağ isə tamam başqa xarakterə malik problemdir. NATO-nun Ermənistana qarşı durması gülünc bir şeydir. Həm də Azərbaycan torpaqları işğal altında qaldığı halda hər hansı hərbi quruma üzv olmaq istəməz. Bir məsələni də unutmayaq ki, NATO-nun bəzi dövlətləri Ermənistana havadarlıq edir. Bu şəraitdə torpaqlar işğal altından qurtulmayınca Azərbaycanın bu quruma üzvlüyündən söhbət gedə bilməz. NATO-dakı mənbə bunları bilə-bilə niyə Azərbayacanın şansından danışır? Görünür, burada əmindirlər ki, yaxın perspektivdə Dağlıq Qarabağ məsələsi ilə bağlı razılıq əldə olunacaq. O cümlədən, Barak Obamanın Moskva səfərinə ümid edə bilərlər. Lakin hesab etmirik ki, hazırkı şəraitdə Dağlıq Qarabağla bağlı prinsipial razılıq əldə olunsun. Çünki Ermənistan təcavüzkar mövqeyindən dönmür. Bu, sadə, ancaq əsas maneədir. NATO məsələsində Rusiya faktorunu qətiyyən unutmaq olmaz. Rusiya həmin məsələyə çox həssasdır. Gürcüstanla bağlı yaranmış durum buna misaldır. Rusiya NATO-nun onun sərhədi yaxınlığına gəlməsini qəbul etmir. Azərbaycanda sabitliyin pozulmasına gətirib çıxara biləcək bəzi təxribatlara cəhd edilməsi bu baxımdan heç də təsadüfi deyil. İran amilinə də həmin prizmada nəzər yetirmək gərəkdir. İran Qərbin hərbi təhlükəsizlik sisteminin Qafqaza gəlişinə kəskin reaksiya verməkdədir. Azərbaycan təbii ki, bu məqamın üstündən sakit keçə bilməz. Onda belə çıxır ki, Azərbaycanın NATO-ya üzvlüyü bir sıra geosiyasi faktora sıx bağlıdır. Bu bağlılıqları birdəfəlik qırmaq mümkün deyildir. Onların həlli də zaman tələb edir. O faktorlara enerji təhlükəsizliyi məsələsini mütləq daxil etmək gərəkdir. Enerji məsələsində Azərbaycanın yeri və rolu prinsipial xarakter daşıyır. Onun inkar edilməsi mümkün deyildir. Ona görə də enerji təhlükəsizliyi sisteminin yaradılması ilə NATO-nun genişlənməsi arasında bir bağlantı olduğunu demək zorundayıq. Onun necə həll ediləcəyi tam bəlli deyil. Bunlar Azərbaycanın NATO-ya üzvlüyü məsələsinin mürəkkəb faktorlara bağlı olduğunu ifadə edir. Onların həll edilməsindən sonra həmin işin baş tutması mümkündür. Ona görə də NATO-dakı mənbələr ilk növbədə Dağlıq Qarabağ məsələsinin həllinə diqqət yetirsələr, daha yaxşı olar. Bu problemdə aydınlıq olmayınca NATO məsələsində konkretlik ola bilməz. Məsələyə kompleks yanaşmaq gərəkdir, sonra hər hansı tərəf bundan zərər görməsin.Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar