SON XƏBƏRLƏR

Saleh İldirim "Güney Azərbaycanın güc və mahiyyəti milli hərəkata qarşı olan yanlış yanaşmaları iflasa uğratdı"(MÜSAHİBƏ)

2021.10.20, 07:36
Saleh İldirim "Güney Azərbaycanın güc və mahiyyəti milli hərəkata qarşı olan yanlış yanaşmaları iflasa uğratdı"(MÜSAHİBƏ)

Gunaz.tv
Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü Saleh İldırımın Güney Azərbaycanda baş verən 22 may (Xordad hadisələri) hadisələrinin ildönümü ilə bağlı Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə müsahibəsi. Saleh bəy, 2006-ci il 22 may hadisələrinin əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik və bu hadisələrin baş verməsi Güney Azərbaycana nə verdi? 2006-cı ilin 22 mayı Güney Azərbaycan müasir savaşında ən əhəmiyyətli gündür. Bu gün Güney Azərbaycanın başkəndi Təbrizdə, onun ardından Urmu, Mərənd, Sulduz, Ərdəbil, Zəngan və bir sözlə Güney Azərbaycanın bütün şəhələrində küçələrə çıxaraq fars şovinizminin millətimizə qarşı apardığı təhqiredici siyasətlərə etiraz etdi. Bu etirazların içində verilən şuarlar bir daha göstərdi ki, Azərbaycan türkü işğalçı fars faşist rejiminin sayğısız davranışlarına və millətimizə qarşı apardığı işğalçı siyasətə dözmək və ona boyun əymək fikrindən çox uzaqdadır və bu şəraiti dəyişmək üçün öz milli mücadiləsindən vaz keçməyəcək, milli haqlarının əldə edilməsi istiqamətində sivil mübarizəsini davam etdirəcəkdir. Elə buna görə də 22 may milli qiyamimizin əməli simgəsi və Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Milli Dirçəliş günü kimi xatirələrdə qalıb və hər il bütün basqılara ramən qeyd edilir. Artıq bu gün Milli hərəkat yalnız mədəni sahədə deyil, həm də siyasi və təşkilati sahədə formalaşaraq mübarizə aparmaqdadır. Ona görə də milli savaşımız artıq Güney sərhədlərindən çıxaraq beynəlmilələşib. Bilirsiniz ki, Güney Azərbaycanda aparılan milli mübarizə dünyanın ictimai siyasi dairələrinin gündəminə gətirilib və bu fəaliyyətlər hər gün daha sistemli şəkildə aparılır . 80 ildən çoxdur ki, fars şovinist sistemi ilə idarə olunan iran adlanan ölkənin siyasi rejimləri öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinə və digər qeyri-fars millətlərinə qarşı əritmə və yoxetmə siyasətini seçmiş və bü gün də bu siyasət “din” adı altında daha qəddar formada aparılır. Heç də təsadufi deyil ki, millətimiz “Haray, haray, mən türkəm!” şuarı verməklə uzun illərdən bəri bu rejimlərin apardığı siyasətin səmərəsizliyini bir daha göstərmiş oldu. Yəni, millətimiz bəzi muhafizəkar qüvvələrin tutduğu köləlik siyasətinin əksinə olaraq çəkinmədən öz sözünü dedi və subut etdi ki, bu rejimlər saxta təbliğatlarla millətimizə vermək istədiyi saxta kimlik siyasətilə bu millətin milli və tarixi varlığını əlindən almaq mümkün olmayacaq. Ona görə də biz hesab edirik ki, Güney Azərbaycanda 22 mayda baş verən hadisələr hakim molla rejiminə millətimiz tərəfindən sərt bir yumruq oldu və rejim hələ də bu zərbədən özünə gələ bilməyib. Çünki, 22 may 2006- ci il tarixdə ( 1 xordad 1385) heç kim “Haray, haray, mən iranliyam! demədi, heç kim “Haray, haray, mən azəriyəm!” demədi , heç kim “Haray, haray, mən farsam!” demədi. Azərbaycan türkü öz kimliyini ortaya qoyaraq “Haray, haray, mən Türkəm!” deməklə bu illər ərzində milli kimliyimizə qarşı aparılan basqılara əməli təpki göstərdi. “Haray, haray, mən Türkəm!” şüarı Güney Azərbaycanın türkünün milli, siyasi istəklərini ortaya qoymaqla yanaşı, həm də türkün yaşadığı coğrafi ərazi bu şuarda öz əksini tapdı. Yəni Qərbi Çindən Avropaya qədər geniş bir ərazini əhatə edən bir böyük güclü milli kimlik, tarix, topraq, dövlət . “Təbriz, Bakı, Ankara, farslar hara, biz hara!” deyərək Güney Azərbaycan özünün daimi və danilmaz müttəfiqlərinin kimliyini də açıqladı. 22 may qiyamında verilən şüarlar strategiyamızı və milli hədəflərimizin nədən ibarət olmasını açıq şəkildə göstərdi. “O tay, bu tay bir olsun, mərkəzi Təbriz olsun!” deyərək bütövləşmə strategiyasının qaçılmaz olduğunu bir daha ortaya qoydu. “And ola Səttarxana, od salarıq Tehrana!” deyərək fars şovinizminin siyasi paytaxtı Tehranı rədd edib və “O tay, bu tay bir olsun, merkəzi Təbriz olsun!” deyərək öz gələcək paytaxtını belə təyin etmiş oldu. Bundan başqa “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq!” şuarı ilə millətimiz mərdliklə zülmə qarşı savaşacağını və bu savaşı axıra qədər aparacağı rejmin bütün hərbi və təhlükəsizlik quvvəsinə göstərdi. Bir sözlə 22 may Milli hərəkatımızın yeni mərhələsini özündə ehtiva edərək, milli hərəkatın milli-siyasi əsaslarını göstərdi. Həmçinin, milli hərəkatın aktiv şəkildə təşkilatlanma zərurətini ortaya qoydu. Sözsüz ki, bütün bu məsələlərin ortaya qoyulması Güney Azərbaycan milli azadlıq hərakatının dövlətləşmə istiqamətində hərəkət etməsinin də bariz göstəricisi oldu. Ona görə də biz GAİP olaraq milli istiqlalımıza aparan bu mübarizənin yüksək zirvəsində duran bu günü Güney Azərbaycan Milli dirçəlişi günü olaraq qəbul edirik. Bilirsiniz ki, hərəkatımız 22 may 2006-cı il milli qiyamından sonra da davam etdirilib. Hər il 22 mayın qeyd edilməsi ilə yanaşı 23 sentyabr məktəblərin açılış günü, Anadili günü , 21 Azər törənləri də bütün basqılara rəğmən keçirilir. Bilirsiniz ki, bu il 22 may 2009-cı il də Güney Azərbaycanın bir sıra şəhərlərində bir neçə gün davam edən etiraz aksiyaları ilə müşayət olundu və bu etirazlar hələ də müxtəlif formalarda davam etdirilir. Bu günlərdə Güney Azərbaycanın müxtəlif şəhərlərində keçirilən etirazlar hamısı 22 may 2006-cı il qiyamımızın davamı və istiqlal savaşımızın tərkib hissəsidir. Şübhəsiz ki, bütün bu proseslər 22 may qiyamının milli hərəkatımıza verdiyi əsaslı istəklərdən qaynaqlanır və bu proseslər getdikcə daha ciddi və təşkilatlanmış formada özünü göstərəcək. Biz əminik ki, milli iradəyə söykənən Güney Azərbaycan milli azadlıq hərəkatı müəyyənləşdirdiyi hədəfərə çatacaqdır. Elə buna görə də Güney Azərbaycan İstiqlal Partiyası milli hərəkatımızın qoyduğu strateji hədəfləri nəzərə alaraq, bu hərəkatın güclənməsi, sistemləşməsi istiqamətində fəaliyyətini aparır və bunun üçün təşkilatlanma və koordinə olunmuş şəkildə mübarizənin aparılmasına çalışır. Bəzən belə bir fikir işlədirlər ki, bu hadisələrin baş verməsində iran xüsusi xidmət orqanlarının və strateji mərkəzlərinin dəsti-xətti görünür. Sizin bu fikrə münasibətinizi bilmək maraqlı olardı... Bu sözü deyən bəzi qüvvələr məqsədyönlü Güney Azərbaycan milli hərəkatını güzdən salmağa çalışırlar. Bəziləri də var ki, onlar milli hərəkatın 22 may qiyamının tarixi fəlsəfəsindən xəbərsizdirlər. Əslində onlar bu kimi sözləri ortaya atmaqla öz passivliklərini ört-basdır etməyə, hərəkatı cılız göstərməyə cəhd edirlər bunun fonunda özlərini siyasi fiqur kimi göstərmək istəyirlər. Aydındır ki, birinci kəsim Güney Azərbaycan milli hərəkatı qarşısında yenilibdir, ona görə onlar bu yenilməyi inkar etmək üçün bu kimi iddialarda bulunurlar. Digər tərəfdən isə ikinci kəsim həqiqətən də 22 may qiyamının necə formalaşmasından xəbərsiz olan, milli hərəkatın içində yer ala bilməyən və milli hərəkatın istəklərini məhdudlaşdıraraq yalnız iran adlanan ölkənin əsas qanunundaki 15-ci maddəni özlərinə strateji hədəf seçən qüvvələrdilər. Bir məsələni aydınlaşdırmaq lazımdır və o da bundan ibarətdir ki, əgər bu kəsimlər Güney Azərbaycan milli hərəkatında hər hansı bir ciddi prosesi təşkil edə bilmirlərsə, Güneydə baş verən məlum hadisələri rejimin təhlukəsizlik orqanının hazırladığı bir plan kimi göstərmələri onların hərəkatdan uzaq olmalarını bir daha sübut edir. Bilirsiniz ki, milli hərəkat son üç ildə davamlı fəaliyyətilə öz mahiyyətini və əsas istiqamətini ortaya qoyub. Mən keçən müsahibəmdə də sizə 22 may qiyamının necə formalaşması haqda geniş bilgi verdim. Ancaq bir daha da xatırlatmaq istərdim ki, o vaxtlar biz belə bir düşüncə ortaya qoymuşduq ki, milli hərəkat Babək qalasından şəhərlərə gəlməli və milli istəklər Güneyin bütün şəhərlərində səslənməlidir. Bunu həyata keçirmək üçün ilk olaraq Xocalı soyqırımının Güneydə qeyd olunması məsələsi ortaya qoyuldu və Təbrizdə erməni kilsəsinin qarşısında çətin də olsa bir yürüş həyata keçirildi. Bu da onu göstərdi ki, milli hərəkat öz imkanlarını səfərbər etməklə milli istəklərini istəlinən yerdə ortaya qoya bilər. Bu düşüncəyə qarşı çıxan adamlar da oldu. Bəziləri çalışdılar ki, bu hərəkatı yalnız mədəni hərəkat olaraq gündəmə gətirsinlər və hərəkatın siyasi boyutunu kölgələsinlər. Onlar hərəkatın yalnız qalada toplaşmasını təbliğ etməklə milli hərəkatın küçələrə gəlməsinə qarşı çıxırdılar. Maraqlısı budur ki, onların yanaşması ilə milli hərəkatın istəkləri əsaslı mərhələlərdə üst-üstə düşmürdü. Onlar istəyirlər ki, öz istəklərini hərəkata sırısınlar. Lakin, milli hərəkat öz iradəsini ortaya qoydu və əsas istəklərini də bəyan etdi. Əminəm ki, özünü hərəkatın içində göstərən bu kimi qüvvələr artıq milli hərəkatın gücünü görüblər, ona görə də ya bu güc ətrafında toplaşıb hərəkət etməlidirlər, ya da milli hərəkat onları zaman içində kənarlaşdıracaq. Biz Güney Azərbaycan İstiqlal Partiyası olaraq milli hərəkatın gücünə inanaraq hələ may hadisələrindən öncə Güney Azərbaycanda küçə yürüşlərinin təşkil olunmasında maraqlıydıq və bu istiqamətdə bir sıra fəaliyyətlər etmişdik. Azərbaycan Milli höküməti dövründə Ədliyə naziri vəzifəsində çalışmış Firudin İbrahiminin şah rejimi tərəfindən qətlə yetirilməsi gününü etiraz günü elan edərək biz mayın 22-də bununla bağlı bir yürüşün keçirilməsini də nəzərdə tutmuşduq və yürüşün yeri, günü, saatı, elecə də veriləcək şuarları müəyyən olunmuşdu. Əlbəttə, heç kim təsəvvür edə bilməzdi ki, bu yürüş belə əzəmətli olacaq. Ancaq nəzərdə tutulan bu yürüş həmin ərəfədə baş vermiş bir sıra məlum hadisələrdən dolayı çoxmilyonlu yürüşə dünüşdü. Gedən proseslərə diqqət etdikdə milli hərəkata qarşı qərəzli iddialarla çıxış edən qüvvələrin məqsədi aydın olur. Bilirsiniz ki, Güneyin müxtəlif yerlərində keçirilən yürüşlər, o cümlədən Babək qalasında, Səttarxan və Bağırxanın anım mərasimlərdə keçirilən toplantılar ettelaat məmrları tərəfindən letnə alınır və təhlil edilir. Hələ o vaxtlar rejim məmurları anlayırdılar ki, bu hərəkat getdikcə güclənir. Belə olan təqdirdə onlar heç zaman istəməzdirlər ki, güclənməkdə olan bu hərəkat şəhərlərə daşınsın. Necəki rejimin hərbi və təhlükəsizlik qüvvələri çox çalışdılar ki, bu yürüşü əngəlləsinlər. Amma bunu bacarmadılar .indi bəziləri karikatura məsələsini qabartmaqla bu fikri formalaşdırmaq istəyirlər ki, güya Güney Azərbaycanda gedən proseslər o qədər də əhəmiyyətli deyil və onlar orada baş verən bir sıra hadisələri o , cümlədən karikatura məsələsini molla rejiminin planı əsasında ortaya atılmasını iddia edirlər. Lakin, belə yanaşmanın doğru olmadığını bir çox faktlarla göstərmək mümkündür ki, mən onlardan bir sırasına işarə etdim. Bunu da əlavə edim ki, faşist fars rejimi dəfələrlə türkləri müxtəlif formalarda təhqir edib. Bildiyiniz kimi bu günlərdə iran adlanan ölkənin keçmiş prezidenti olmuş M.Xatəmi Azərbaycan türklərini yenə də təhqir edib. Deməli bu fars şovinist sistemində türklərə qarşı təhqir normal bir hal kimi qəbul olunur. Biz bilirik ki, onların çəkdiyi bir sıra filmlərdə, yazdıqları kitablarda, qəzet və jurnallarda bu kimi yanaşmalar mövcuddur. əgər milli hərəkat sadəcə olaraq hər hansı təhqirə qarşı çıxmaq məsələsini gündəmə gətirsəydi, rejimin apardığı sərt basqılarla bu proses çoxdan səngimiş olardı. Ancaq, milli hərəkat bütün bu problemlərin iran adlanan ölkədə fars şovinist sistemindən qaynaqladığını dərk edir və bilir ki, azərbaycan türklərinə qarşı aparılan siyasət millətin varlığının məhv olunmasına yönəlmişdir. Milli hərəkat özünün strateji əsaslarını bu baxış acısından ortaya qoyub. 22 may 2006 – cı il milli qiyamı Güney Azərbaycan milli hərəkatı tarixində bir dönüş mərhələsi olaraq, millətimizin Dirçəliş günü kimi tatiximizə düşdü. Bu tarixi yaradan isə milli hərəkatımızın iradəsi oldu. Güney Azərbaycanın güc və mahiyyəti milli hərəkata qarşı olan yanlış yanaşmaları iflasa uğratdı. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar