SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan prezidentləri mayın 7-də görüşəcəklər

2021.10.20, 07:36
Azərbaycan və Ermənistan prezidentləri mayın 7-də görüşəcəklər

Gunaz.tv
Azərbaycan və Ermənistan prezidentləri mayın 7-də görüşəcəklər Minsk Qrupunun Fransalı, Amerikalı və Rusiyalı həmsədrləri Prezidentlər İlham Əliyevin və Serj Sarkisyanın sayca 4-cü görüşü Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına dair Praqada keçiriləcək sammiti zamanı baş tutacaq. Bunu Yerevanda səfərdə olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin mətbuat konfransında fransalı həmsədr Bernar Fasye bildirib. Bernar Fasye deyib ki, həmsədrlər prezidentlərə daha bir görüşü iyun ayında, ehtimalən, Sankt-Peterburqda keçirməyi təklif ediblər. Onun sözlərinə görə, belə bir görüşün mümkünlüyünə ümidlər var, amma son sözü Ermənistan və Azərbaycan prezidentləri deməlidirlər. Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayza isə Dağlıq Qarabağ danışıqlarında yaxın aylarda irəliləyişin əldə ediləcəyinə ümidini bir daha izhar edib. ABŞ Dövlət Katibi Hillari Klintonun Qarabağ məsələsinin yaxın ay ərzində həll edilə biləcəyi haqda bu yaxınlarda verdiyi bəyanatı şərh edərkən Mətyu Brayza deyib: "Fikrimcə, mənim rəisim deməyib ki, bu məsələ bir ay ərzində həll olunacaq. Xeyr. O, deyib ki, növbəti bir neçə ay ərzində həll olunacaq. Bu isə tamamilə mümkündür". Mətyu Brayza Qarabağ məsələsinin həllinin dəqiq tarixini əvvəlcədən söyləyə bilməyəcəyini qeyd edərək deyib ki, lakin bir neçə ay ərzində bunun gerçəkləşəcəyinə ümid bəsləyir. Ermənistan-Türkiyə təmaslarına gəldikdə, Mətyu Brayza deyib ki, bu iki ölkə arasında "yol xəritəsinin" imzalanması ilə əlaqədar Amerika Dövlət Departamentinin bəyanatı ona dəlalət edir ki, Amerika bu addımı alqışlayır. Ötən həftə Ermənistan və Türkiyənin xarici işlər nazirlikləri, habelə Xarici İşlər üzrə İsveçrənin federal departamenti Ermənistanla Türkiyə arasında münasibətlərin səhmana salınması proqramına dair "yol xəritəsi" adlı bir sənəd imzalamışlar. Mətyu Brayzanın sözlərinə görə, Amerika, Fransa və Rusiya hökümətləri həmişə inanıblar ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması bütün bölgənin inkişafına müsbət təsir göstərəcək. O, əlavə edərək deyib ki, əldə edilmiş bu razılıqda "bölgədə həyata keçirilmiş işlər habelə müsbət siyasi və diplomatik enerji öz əksini tapıb". "Bu enerji özü-özlüyündə Qarabağ probleminin həllinə də təsirini göstərir. Biz hesab edirik ki, bu iki proses ayrıca, parallel və müxtəlif həll sürəti ilə irəliləyəcək", - deyib M.Brayza. Öz növbəsində Bernar Fasye qeyd edib ki, Fransa rəhbərliyi Ermənistan-Türkiyə münasibətlərinin mümkün tənzimlənməsinə yönələn bu ilk addımı salamlayır. "Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması prosesi müvəffəqiyyətlə inkişaf edir, və bu müvəffəqiyyət bölgənin bütün ölkələrini bəhrələndirir" - deyib B.Fasye.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar