SON XƏBƏRLƏR

ERMƏNİSTAN “YOL XƏRİTƏSİ”nin GİZLİNLƏRİNİ AÇIQLAYACAQ

2021.10.20, 07:36
ERMƏNİSTAN “YOL XƏRİTƏSİ”nin GİZLİNLƏRİNİ AÇIQLAYACAQ

Gunaz.tv
ERMƏNİSTAN “YOL XƏRİTƏSİ”nin GİZLİNLƏRİNİ AÇIQLAYACAQ Sənəd düşmən ölkənin hakimiyyətində parçalanma yaratdı Türkiyə ilə anlaşma İrəvanda Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılıb Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair ötən həftə elan edilmiş “yol xəritəsi” İrəvanda Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılıb. Aprelin 25-də axşam başlayan və gecə saatlarına qədər davam edən müzakirələr zamanı prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyan Təhlükəsizlik Şurasının üzvlərinə anlaşma sənədi haqda məlumat veriblər. Hakim koalisiyaya daxil olan Daşnaksütun Partiyasının nümayəndəsi isə iclasa qatılmaqdan imtina edib. Partiya “yol xəritəsi”nə qarşı çıxır və hakim koalisiyanı tərk etməyə hazırlaşır. Buna səbəb sənəddə Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarından imtina etməsi mənasını verən Qars anlaşmasını tanımasının nəzərdə tutulmasıdır. Həmçinin daşnaklar Türkiyədən “soyqırımı” rəsmən tanımağı tələb edir. Erməni KİV-lərinin məlumatlarına görə, iclasın mətbuata açıq hissəsində çıxış edən Sərkisyan deyib ki, o, Türkiyə ilə əldə olunmuş anlaşmanın ictimaiyyət tərəfindən dəstəklənəcəyinə ümid edir. O məlumat verib ki, aprelin 23-də gecə Ermənistan, Türkiyə və İsveçrə xarici işlər nazirlikləri tərəfindən elan edilən anlaşma qarşılıqlı münasibətlərin normallaşmasına dair neçə vaxtdır davam edən səylərin nəticəsidir. “Mən əminəm ki, yaxın zamanlarda biz bu sənədi ictimaiyyətə açıqlaya biləcəyik və inanıram ki, erməni xalqı bu sənədi dəstəkləyəcək. Bizim yanaşmamız aydındır, 21-ci əsrdə sərhədlər bağlı qala bilməz. Effektikv dövlət olmaq üçün biz öz nəqliyyat dəhlizlərimizi şaxələndirməliyik, enerji mənbələrinə çıxış əldə etməli, ticarətin coğrafiyasını genişləndirməliyik. Bir daha rəsmən təkrar və bəyan edirəm ki, türklərlə bizim danışıqlarımızda Azərbaycan mövzusu heç zaman qaldırılmayıb, həmçinin Dağlıq Qarabağ münaqişəsinə də heç zaman toxunulmayıb. Lakin ErmənistanTürkiyə münasibətlərinin yaxşılaşması ola bilsin ki, Qarabağ probleminin nizamlanmasına da müsbət təsir göstərsin, lakin bu məsələ bizim türklərlə münasibətlərimizdə ön şərt ola bilməz”. Sərkisyan onu da deyib ki, Ermənistan “soyqırım”ın tanınmasını Türkiyə ilə münasibətlərin qurulması üçün ön şərt kimi irəli sürmür. Ermənistan rəhbərinin sözlərinə görə, Türkiyə ilə münasibətlərin qurulması “soyqırım”ın beynəlxalq miqyasda tanınması üçün də əngəl ola bilməz. Sərkisyan qeyd edib ki, “yol xəritəsi” haqda bəyanatın aprelin 23-də açıqlanması belə fikirlərə səbəb olub ki, bu anlaşma “soyqırım”ın beynəlxalq miqyasda tanınmasını önləmək üçündür: “Lakin bu belə deyil. Əksinə, beynəlxalq xəbər agentliklərinin lentlərinə diqqət yetirsək, bunun əksinə əmin ola bilərik. Soyqırım mövzusu heç vaxt indiki kimi geniş işıqlandırılmamışdı. Dünyanın bütün aparıcı KİV-ləri xəbərlərini ondan başladılar ki, 1915-ci ildə ermənilərə qarşı soyqırım olub. Mən rəsmən bəyan edirəm ki, Türkiyə ilə münasibətlərin qurulması heç vaxt soyqırımın tanınmasına maneə ola bilməz. Soyqırımın yenidən təkrarlanmasının qarşısını almağın ən yaxşı yolu onun tanınmasıdır. Bəyanatın aprelin 24-ü ərəfəsində açıqlanması isə simvolik məna kəsb edirdi”. Türkiyə tərəfinin açıqlamalarında deyildiyinin əksinə olaraq, Sərkisyan məlumat verib ki, üç ölkə adından yayılan bəyanat rəsmi sənəd kimi imzalanıb. Sərkisyanın fikrincə, sənədə İsveçrənin də imza atması, ABŞ Dövlət Departamentinin müsbət reaksiyası və vitse-prezident Cozef Baydenin ona zəng etməsi təsdiq edib ki, beynəlxalq ictimaiyyət anlaşmanın qarantıdır və prosesin irəli aparılmasına kömək etməyə hazırdır. Təhlükəsizlik Şurasının katibi Artur Bağdasaryan isə deyib ki, “yol xəritəsi”nin detallarına dair Türkiyə mətbuatında yayılan xəbərlər doğru deyil. Xatırladaq ki, həmin məlumatlarda sənədin 5 bənddən ibarət olduğu, orada Ermənistanın Qars anlaşmasını tanıması və “soyqırım” məsələsinin ortaq komissiyada araşdırılması yer alırdı. Bağdasaryan məlumat verib ki, yaxın zamanlarda “yol xəritəsi” ictimaiyyətə açıqlanacaq. “Ermənistanla Türkiyə arasında heç bir məxfi anlaşma, o cümlədən Qarabağ münaqişəsinin həllinə dair ön şərt yoxdur”deyə, o bildirib. Təhlükəsizlik Şurasının iclasında Daşnaksütun Partiyasının nümayəndəsi Armen Rüstəmyan iştirak etməyib. Bağdasaryan deyib ki, partiyanın mövqeyini anlayışla qarşılayır və Daşnaksütun hakim koalisiyada iştirak edib-etməmək məsələsinə baxmaq hüququna malikdir. “Koalisiyada olmaq heç də o demək deyil ki, hamı həmişə eyni mövqeni bölüşsün”. Daşnaksütun rəhbərlərindən Kiro Manoyan isə deyib ki, onlar yaxın günlərdə prezidentlə görüşərək koalisiyada iştirak məsələsinə baxacaqlar. Onun sözlərinə görə, partiyanın hakim koalisiyadan çıxması məsələsi müzakirə olunur. İclasın qapalı hissəsində isə xarici işlər naziri Nalbəndyan Türkiyə ilə aparılmış danışıqların detalları və “yol xəritəsi” haqda hesabat verib. Bildirilir ki, Ermənistan hakimiyyəti sənədi açıqlamaq üçün Türkiyə tərəfinin razılığını gözləyir. Lakin Türkiyədən xahiş edirlər ki, sənəd ictimaiyyətdə narahatlıq səngiyənə qədər açıqlanmasın. Xatırladaq ki, bu gün Türkiyədə Milli Təhlükəsizlik Şurasının aylıq toplantısı keçiriləcək və əsas müzakirə mövzusu Ermənistanla anlaşma olacaq. Təhlükəsizlk Şurasının iclasından dərhal sonra baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan rəhbərliyini məlumatlandırmaq üçün Bakıya gələcəyi gözlənilir. Qeyd edək ki, Türkiyə tərəfi Ermənistan sərhədlərinin Qarabağ münaqişəsi həll olunmadan açılmayacağı haqda vədlər verməkdədir. Eyni zamanda, Rəsmi Ankara əmin etmək istəyir ki, Ermənistanla “yol xəritəsi”nin həyata keçirilməsi Qarabağ məsələsinin həllində irəliləyişlərdən asılı olacaq. Lakin İrəvanda səslənən bəyanatlar bunun tam ziddinədir. Göründüyü kimi, Sərkisyan Türkiyə ilə danışıqlarda Qarabağ məsələsinin nəinki ön şərt kimi, ümumiyyətlə yer almadığını bəyan edir. Eyni zamanda məlum olur ki, Ermənistan “soyqırım”ın tanınmasından da geri çəkilməyib. Belə olan halda güzəştlərə ancaq bir tərəfin - AKP hökumətinin getdiyi haqda qənaət yaranır. Özü də AKP iqtidarı nəinki Qarabağ şərtindən geri çəkilib, hətta “soyqırım”ın gələcəkdə Türkiyə tərəfindən tanınmasına aparan prosesə qoşulub. Ermənistanda isə müxalifət də Türkiyə ilə anlaşmadan narahatdır. Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi bəyan edib ki, hakimiyyət anlaşmanın detallarını tezliklə açıqlamalıdır. Müxalifət sənəddə Qarabağın ön şərt kimi yer ala biləcəyini deyir. Türkiyədən isə Ermənistanla anlaşmanı Ərdoğanın keçmiş “hocası”, Səadət Partiyasının lideri hesab edilən keçmiş baş nazir Nəcməddin Ərbakan da pisləyib. Ərbakan jurnalistlərin sualına cavab olaraq bildirib ki, bu anlaşma Amerikanın arzusu ilə atılan addımdır: “Azərbaycana qarşı böyük haqsızlıqlar ortadaykən Ermənistan və Amerika əmr edir deyə dostluq qurmaq səhv siyasətdir. ABŞ-ın digər əmrləri yerinə yetirildiyi kimi bu əmri də yerinə yetirilir. Biz hər dəfə bunları xəbərdar edirik. Bir daha bildiririk ki, Ermənistan əvvəlcə Azərbaycan ərazilərini azad etməlidir, yalnız bundan sonra onlarla danışmaq olar. Azərbaycan bizim ən yaxın qardaş ölkəmizdir, Azərbaycanın davası bizim davamız sayılır”. Cümhuriyət Xalq Partiyasının sədri Dəniz Baykal da Trabzona səfəri zamanı rəsmi Ankaranın xarici siyasət kursunu tənqid edib. O bildirib ki, Ermənistanla münasibətlərin bərpası ilə bağlı gedən proseslər Türkiyəni diplomatik qalmaqala aparır: “Mən Ermənistan sərhədini niyə bağlamışdım? Qarabağı işğal etmişdilər. İndi ”sərhədi açın" deyirlər». İşğal aradan qalxdımı? İşğala son qoy, sərhədi açaq. İndi mən sərhədi açsam, nə olar? İşğala haqq qazandırılar və işğalı haqlı kimi görmüş olarıq. Bunlar çox təhlükəli və yanlış addımlardır. Kimə qarşı yanlış? Azərbaycana qarşı yanlış. Azərbaycan kimdir: Bizim can dostumuz, qardaşımız. Əgər biz Ermənistanla sərhədləri açsaq, Azərbaycan torpaqlarının işğalı davam edəcək və Azərbaycan-Türkiyə dostluğuna ciddi zərbə dəyəcək. Azərbaycan bizdən inciyəcək, “məni yarı yolda buraxdın”, “sən məni buraxdın, Ermənistanla dost olursan” deyəcək. Azərbaycanı küsdürməyi bacardıq". Baykal Türkiyə prezidenti Abdullah Gülü də tənqid edib. O deyib ki, Abdullah Gül Bəhreynə, Somaliyə, ərəb ölkələrinə gedir: “Ərəb ölkələrinə göstərdiyin marağı Azərbaycana göstərməyin lazım deyilmi? Niyə Azərbaycana getmir, onlara sahib çıxmırsan? Niyə bu incikliyi, yanlış anlaşmaları aradan qaldırmağa çalışmırsan? Ərəb ölkələrinə göstərdiyin marağı niyə Azərbaycandan əsirgəyirsən? Azərbaycanın arxasından oyun qurmaq bizə yaraşarmı?”. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar