SON XƏBƏRLƏR

İSRAİLİN MÜDHİŞ İRAN PLANI

2021.10.20, 07:36
İSRAİLİN MÜDHİŞ İRAN PLANI

Gunaz.tv
İSRAİLİN MÜDHİŞ İRAN PLANI Bir neçə gün əvvəl İranın bütün aviasiyası məhv edilə bilərmiş Tehranı məxfi hərbi plan haqda Rusiya kəşfiyyatı xəbərdar edib İsrailin İranın hərbi-hava qüvvələrini məhv etmək üçün müdhiş plan hazırladığı üzə çıxıb. “Mossad”a yaxınlığı ilə bilinən “Debka” saytının yaydığı sensasion xəbərə görə, İsrail ordusu aprelin 17-də İran silahlı qüvvələri günü münasibətilə Tehran yaxınlığında aviaparad keçiriləcəyi haqda məlumatları əldə edərək paradda iştirak edəcək bütün hərbi təyyarələri məhv etmək planı hazırlayıb. Xəbərdə bildirilir ki, Tehran ətrafındakı Mehrabad aviabazasına paradda nümayiş etdirilmək üçün İranın bütün hərbi aviasiyası - 140-dan çox bombardmançı və qırıcı təyyarə cəmləşdirilib. Plana görə, İsrail hərbi-hava qüvvələri həmin gün qəfil hücumla bazanı yerlə-yeksan etməli imiş. Lakin Rusiya Baş Qərargahına bağlı Baş Kəşfiyyat İdarəsi (QRU) və Rusiyanın kosmik kəşfiyyatı İsrailin bu planından xəbər tutaraq Tehranı xəbərdar edib. Rusiya kəşfiyyatına məlum olub ki, İsrailin hərbi-hava bazalarında İranın Mehrabad bazasına hava hücumu üçün təlimlər keçirilir. Plana görə, hücumun uğurlu alınacağı halda İranın bütün nüvə obyektləri hava hücumlarından müdafiəsiz qalacaqdı. Rusiya kəşfiyyatı İsrail hərbi-hava qüvvələrinin 1967-ci ildə Misirin hərbi-hava qüvvələrini havadan endirilən qəfil zərbələrlə cəmi bir neçə saata məhv edilməsini təmin etmiş plan əsasında işlədiyini üzə çıxarıb. Rusiya kəşfiyyatından alınan məlumatdan sonra İran dərhal aprelin 17-də hərbi-hava qüvvələrinin paradını ləğv edib. Mehrabad bazasında cəmləşdirilmiş aviasiya təcili şəkildə ölkə ərazisindəki müxtəlif aerodromlara aparılıb. İran Müdafiə Nazirliyi isə bəyan edib ki, silahlı qüvvələr günü münasibətilə hərbi-hava qüvvələrinin paradı “hava şəraitinə görə” təxirə salınır. Baxmayaraq ki, həmin gün hava şəraiti günəşli və aviasiyanın uçuşu üçün tam normal olub. Qeyd edək ki, son günlər İsrailin İrana qarşı hava hücumlarına hazırlaşdığı haqda xəbərlər yayılır. İsrailin yeni hökumətində bildirirlər ki, İranın nüvə proqramlarının dayandırılmasına bir neçə ay qalır. Xəbərlərə görə, İsrail ordusu İranın nüvə obyektlərinə qəfil zərbələr endirmək üçün bütün hazırlıqları başa çatdırıb. İsrail ordusunun sözçüsü Avi Bnyaqu “Kursor” agentliyinə açıqlamasında deyib ki, ordunun bütün bölmələri - hərbi-hava qüvvələri, dəniz qüvvələri, piyada, tank və artilleriya hissələri İranla müharibəyə tam hazırdır. Bnyaqu deyib ki, İsrail İranın nüvə probleminin beynəlxalq ictimaiyyət tərəfindən siyasi yolla həll edilməsini istəyir, ancaq ümidlərini təkcə buna bağlaya bilməz. “Biz istənilən an başlaya biləcək hərbi münaqişəyə hazır olmalıyıq”- deyə general Bnyaqu bildirib. Onun sözlərinə görə, İranın nüvə proqramı İsrailin varlığı üçün təhlükədir: “Biz yol verə bilmərik ki, İran atom silahı əldə etsin”. General onu da deyib ki, İsrail hazırda üç cəbhədə döyüşür: “Şimaldan bizi "Hizbullah" hədələyir, cənubdan “Həmas”la qarşı-qarşıyayıq, uzaqdan-uzağa isə Tehran. İsrailə dənizdən hücumu da istisna etmək olmaz". Xəbərlərə görə, İsrailin İrana qarşı təkbaşına hərbi əməliyyatlara başlaya biləcəyi Vaşinqtonda ciddi narahatlıqla izlənilir. Çünki bu halda ABŞ istər-istəməz İsrailin müdafiəsinə qalxa və İranla hərbi münaqişəyə cəlb oluna bilər. İran isə bəyan edib ki, İsrailin hücumuna cavab olaraq Yaxın Şərqdəki bütün Amerika hədəflərinə sarsıdıcı cavab zərbələri endiriləcək. Hazırda Barak Obama və onun administrasiyası İranla yumşaq tonda danışır və birbaşa dialoqa can atır. Ağ Ev İrana qarşı yeni sanksiyalara da həvəs göstərmir. Bu baxımdan Obama administrasiyası İsrailə təzyiq etməyə çalışır ki, İrana zərbə planlarını təxirə salsın. İsrail mənbələrinə görə, prezident Obama və dövlət katibi Hillari Klinton İrana qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə İsrailə qarşı sanksiyalar tətbiq etməyi nəzərdə tutur. Belə sanksiyalardan biri İsrailə iqtisadi yardımların kəsilməsi ola bilər. H.Klinton bəyan edib ki, İsrailin yeni hökuməti qısa müddət ərzində Fələstin administrasiyası ilə danışıqları bərpa etməlidir. Onun fikrincə, bu danışıqlar bərpa edilməsə, ərəb ölkələrini İrana qarşı beynəlxalq koalisiyaya cəlb etmək mümkün olmayacaq. Məsələ İsrailin baş naziri Benyamin Netanyahunun gələn ay Vaşinqtona səfəri zamanı müzakirə olunacaq. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar