SON XƏBƏRLƏR

Türkiyəyə “dur”, Rusiyaya “buyur” politikaları

2021.10.20, 07:36
Türkiyəyə “dur”, Rusiyaya “buyur” politikaları

Gunaz.tv
Xaliq Bahadır Azərbaycan-Türkiyə ilişkiləri bir-birindən uzaqlaşma, aralanma fazasındadır. Nə baş verir, nədən belə oldu? Kimi dindirsən “sınırların açılması buna nədən oldu”, deyər. Onda soruşmaq gərəkir: doğrudanmı I Dünya Savaşı Frans Ferdinanda atılan güllə nədənindən baş vermişdi. O tarixi bilənlər, sözsüz, “yox” deyəcəklər. I Dünya Savaşını başladan nədənlər başqa idi. Bambaşqa. Frans Ferdinanda güllə atılması bir sıra böyük dövlətlərin çoxdan yetişdirdiyi bir savaşa nədən oldu. Indi bizdə də belədir. Bütün əriş-arğacı ilə Moskvaya bağlı olan Əliyevlər rejimi Türkiyədən biryolluq uzaqlaşıb, Rusiyaya qovuşmaq üçün bir nədən axtarırdı. Isveçrə danışıqları ilə bağlı gizlinləri, ən başlıcası, sınırların açılacağı ilə bağlı I.Əliyevə informasiya ötürən Rusiya öz işini gördü. Bu informasiya Kremlin Əliyevin prezident administrasiyasında oturan bir sıra adamlarına siqnal oldu: onlar yubanmadan əlaltılarını işə qataraq antiTürkiyə kampaniyasına start verdilər. Bir sıra Türkiyəli politoloqlar, yazarlar bunu qardaş Azərbaycanın “bir anda Türkiyəyə qarşı ayağa qalxması” adlandırmaları bütünlüklə yersizdir: ayağa qalxan xalq deyildi; Rusiyanın əli ilə 16 ildən bəri Azərbaycana yiyələnmiş, Azərbaycanı demokratiya yolundan döndərərək Ailə diktaturasına gətirib çıxarmış antimilli bir rejim idi. Bu sayaq gerçəkləri bilməyin özü bir qardaşlıq borcudur. Sınırların açılması ilə bağlı informasiya alınarkən I.Əliyev Türkiyədən üz döndərmək yerinə Türkiyəyə üz tutmalı, öncə yalan-doğru gizlinlərə aydınlıq gətirilməsinə çalışmalı idi. Bu kimi çalışmalar olmadan tez-tələsik antiTürkiyə kampaniyasına start verilməsi Türkiyədən uzaqlaşmaq üçün girəvə güddüyünün parlaq görsənişidir. Sonrakı addımlar da bunun belə olduğunu açıq-aydın göstərir. I.Əliyev “iş qrafikinin sıx olması” adı ilə Türkiyə hökumətinin çağırışından boyun qaçırdı. Bunun ardınca o, Rusiya hökumətinin çağırışına uyğun olaraq Rusiyaya üz tutdu. Hər yerdə Azərbaycanın yanında olan Türkiyədən üz döndərərək hər yerdə Azərbaycana düşmənçilik sərgiləyən Rusiyanın yanında olmaq nə deməkdir - qoy bunu Türkiyəli qardaşlarımız özləri desinlər. I.Əliyev Moskvada Rusiyanı Azərbaycanın “strateji partnyoru” adlandırdı. Qafqazı işğal edəndən üzü bəri Azərbaycanı bölüb-parçalama politikalarına baş vuran, Azərbaycan torpaqlarında soyqırım yoluyla öncə bir erməni dövləti (“Ermənistan”), sonra yenə soyqırım yoluyla ikinci erməni dövləti (“DQR”) yaradan, ermənilərin Azərbaycana üstün gəlmələri üçün onlara hər cür yardımlar eləyən, ayrıca olaraq onlara milyardlarla dollarlıq hərbi yardımlarda bulunan bir dövlət necə bizim strateji partnyorumuz ola bilər?! I.Əliyevin ardınca Moskvaya çağırılan terrorbaşı-prezident S.Sərkisyan Quzey Qafqazda Rusiyanı inamla strateji partnyor adlandıran daha bir dövlətin ortaya çıxmasından sevindiyini bildirib. Sərkisyanın bu ermənicə sevincinin kökündə I.Əliyevin Azərbaycanı Türkiyədən uzaqlaşdırması faktı durur! I.Əliyevin Azərbaycanı Türkiyədən uzaqlaşdırıb Rusiyaya yaxınlaşdırmasının kökündə başlıca olaraq iki faktor durur: 1) Əliyevlərin sovet dünəmindən Rusiyaya bağlılığı, üstəlik, son illərdə milyardlarla dəyərində Ailə biznesinin Rusiyaya bağlanması; 2) Türkiyənin demokratik dövlət quruluşu. Azərbaycanı demokratiya yolundan uzaqlaşdıran bir rejim üçün antidemokratik Rusiyanın çətiri altına sığınmaqdan gözəl nə ola bilər?! Istər sınırların açılması ilə bağlı qaldırılan hay-küy, istərsə də Qarabağ problemi ilə bağlı aparılan danışıqlar, get-gəllər - bunlar hamısı xalqı aldatmaq üçündür. Rusiyaya arxalanaraq ölkəni Demokratiyadan uzaqlaşdırmaq istər Qarabağdan, istərsə də Türkiyədən uzaqlaşmanın özəl prinsiplərindən sayılmalıdır. [email protected]/* */

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar