İRAN TƏCAVÜZKARA HƏLƏ DƏ "QARDAŞ" DEYİR
2021.10.20, 07:36
İRAN TƏCAVÜZKARA HƏLƏ DƏ "QARDAŞ" DEYİR Azərbaycandakı dini qurumlar isə Yerevan - Tehran əməkdaşlığına indiyədək etiraz etməyib S.SƏDRƏDDİN Türkiyə - Ermənistan sərhədinin açılması məsələsi ölkəmizin ictimai-siyasi həyatında əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Amma hələlik qardaş ölkə tərəfindən bu istiqamətdə gerçək addım atılmayıb. Heç şübhəsiz, bunun əsas səbəblərindən biri Türkiyə və Azərbaycan ictimaiyyətinin sərhədlərin açılmasına mənfi münasibətidir. Ölkəmizdəki bütün siyasi, ictimai, dini təşkilatlar, media qurumları və s. Türkiyədəki tərəfdaşlarına müraciət edərək bu addımın atılmasının qarşısının alınmasını istədilər. Çox maraqlıdır ki, biz bunu Türkiyə Cümhuriyyəti və ictimaiyyətindən ərklə istəyirik, bir sıra hallarda isə az qala bunu onlardan tələb belə edirik. Bunun çoxsaylı niyəsinə o qədər də cavab var. Səbəblərdən biri də ermənilərin hər iki ölkəyə qarşı xəyanətidir. Oxşar xəyanət İranda da baş verib. XX əsrin əvvəllərində Güney Azərbaycanın Salmas, Xoy, Urmiya, Culfa və digər şəhərlərində ermənilərin törətdikləri vəhşiliklər əslində Tehranın da bu məsələdə tərəfimizi tutmasına imkan verən səbəblərdəndir. Tehran BMT Təhlükəsizlik Şurası qətnamələrinin, İslam Konfransı Təşkilatının tələblərinin yerinə yetirilməsini də əsas götürə, Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi məsələsində haqqı müdafiə edə bilərdi. Ancaq Fələstin ərəblərinin müstəqilliyini müsəlman dünyasında və bölgədə liderlik iddiasına qurban verən İslam Respublikasının rəhbərliyi bu ərəfədə Ermənistan prezidenti Serj Sarqsyanı qəbul etdi. ERMƏNİ LİDERİ TEHRANDA İranda Ermənistan prezidentinin pişvazına ayətulla Xamneyidən tutmuş erməni icmasının nümayəndələrinədək hər kəs çıxmışdı. Müsəlmanlara liderlik edib islam birliyindən danışan İslam Respublikasının ali rəhbəri Xamneyi qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini bəyan edərək hazırkı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, ölkələrarası razılaşmaların əməli işə keçməsini istəyib: "Tehran səfərində əldə edilən razılaşmaları ciddi şəkildə həyata keçirin". Ermənistan hakimiyyəti, xalqı ilə qarşılıqı, səmimi münasibətlərin zəruri olduğunu söyləyən İslam Respublikasının ali rəhbəri tarixin çeşidli dövrlərində İrandakı ermənilərin oynadıqları roldan danışıb: "Erməni həmvətənlərimiz İraqa qarşı 8 illik müharibədə müsəlman qardaşları ilə çiyin-çiyinə vuruşub, inqilabı və İran İslam Respublikasını müdafiə ediblər". Dünya Azərbaycanlıları Konqresinin məlumatına görə, Ermənistan prezidenti iranlı həmkarı Mahmud Əhmədinijatla qapalı qapılar arxasında bir saatlıq danışıqlar aparıb. Prezidentlər iki ölkə arasında əlaqələrin dərinliyinə toxunaraq qarşılıqlı münasibətlərin bütün sahələrdə daha da genişləndirilməsinin vacibliyini bildiriblər. Əhmədinijat və Sarqsyan İranla Ermənistanın istər bölgə, istər dünya miqyasında müştərək baxışa malik olduqlarını söyləyiblər. Onların qənaətincə, bölgədə və dünyadakı dəyişiklik baxımından İranla Ermənistanın əməkdaşlığı zəruridir, bölgədə sülh, dostluq və qardaşlıq bütün ölkələrin birgə əməkdaşlığı ilə hakim olmalıdır. Sarqsyanın İrana səfərinin önəmindən bəhs edən Əhmədinijat Ermənistanın inkişafının bütün bölgə üçün xeyirli olacağını vurğulayıb: "Ermənistanın çiçəklənməsi, inkişafı və sabitliyi bütün bölgənin xeyrinədir. Qarşılıqlı əlaqələrimiz müxtəlif sahələrdə, o cümlədən enerji, ticarət, nəqliyyat sferalarında, beynəlxalq sahədə genişləndirilməlidir". Ermənistan prezidenti ölkəsinin inkişafı üçün göstərdiyi YARDIM və QAYĞIYA (seçmə bizimdir - red.) görə İran İslam Respublikasına öz təşəkkürünü bildirib: "Yerevanla Tehranın münasibətləri genişləndirilməli və qarşılıqlı əməkdaşlıq səviyyəsi yüksəldilməlidir". Tərəflər arasında 8 sənəd, o cümlədən Araz çayının üzərində Su Elektrik Stansiyasının tikintisinin maliyyələşməsinə, azad ticarət zonasının yaradılmasına, Ermənistan - İran arasında dəmir yol xəttinin çəkilməsinə dair anlaşma da imzalanıb. İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında Sarqsyan deyib: "Mənim buraya səfərim iki xalq arasında dostluğun təsdiqidir. İlk andan səmimi münasibət və məsələlərə konstruktiv yanaşma hiss etdim". İki dövlət arasında münasibətin gələcəyi barədə sualı cavablandıran erməni lideri bunu "aydın rəngdə" gördüyünü deyib. O, Tehran hakimiyyətinə, özəlliklə Əhmədinijata İrandakı ermənilərin mədəniyyətinin qorunmasında göstərilən qayğıya görə minnətdarlığını bildirib. Keçirilən görüşlərdə Qarabağ məsələsi də müzakirə olunub. Azərbaycan ictimaiyyəti üçün bu səfərin maraqlı tərəflərindən biri islam respublikasının prezidenti Mahmud Əhmədinijatın erməni həmkarı ilə Qarabağ məsələsinə dair apardığı danışıqlardır. Ancaq bu sayaq müzakirələrin "səsi sonra çıxdığından" həmin görüşdə erməni prezidentinin "Qarabağ məsələsində İranın tutduğu mövqe bizi qane edir" deyiminin mahiyyətinin müəyyən müddətdən sonra aydın olacağı da istisna edilmir... Xatırladaq ki, dövlətlər arasında çəkilməsi nəzərdə tutulan dəmir yolu xətti layihəsinin 5 il yarıma həyata keçirilməsi planlaşdırılıb. İranın yollar və əlaqələr naziri Həmid Bəhbəhaninin dediyinə görə, layihənin 1,5-1,8 milyard dollara başa gələcəyi gözlənilir. "Tərəflər Dünya və Asiya banklarından bununla bağlı maliyyə yardımı almaq istiqamətində birgə səy göstərəcəklər", - deyə Bəhbəhani söyləyib. Onun sözlərinə görə, İran - Ermənistan dəmir yolu xəttinin uzunluğu 470 km-dir, bunun 60 km-i İran ərazisindən, qalanı Ermənistandan keçəcək. Yerevan və Tehran rəsmiləri hesab edirlər ki, bu yolla enerji daşıyıcıları və başqa məhsullar daşımaqla Ermənistan xaricə çıxış əldə edə bilər. Məlum olduğu kimi, ötən ayın sonunda Sankt-Peterburqda Azərbaycan, İran və Rusiya dəmir yolu şirkətləri təmsilçilərinin iştirakı ilə toplantı keçirilib. Yığıncaqda "Şimal-Cənub" iqtisadi dəhlizinə dair planın gerçəkləşdirilməsi üçün birgə əməkdaşlıq müzakirə olunub. Müzakirələr zamanı Qəzvin - Rəşt - Ənzəli - Astara (Güney) şəhərlərindən keçəcək xəttin avadanlıqlarının quraşdırılması, habelə Azərbaycan Respublikasının Astara rayonunda işlərin gedişatına toxunulub. İranın xarici işlər naziri Mənuçehr Müttəki Bakıda səfərdə olarkən həmin işlərin sürətinin onu qane etmədiyini söyləmişdi. Bundan başqa, Sankt-Peterburq görüşündən öncə İran tərəfi Qəzvin - Rəşt - Astara dəmir yolu xəttinin çəkilməsi ilə "üçlər"in keçirdiyi toplantıya qatılmamışdı. Əslində bu işlərin gecikdirilməsində daha çox Tehranın suçlu olduğu ehtimal edilir. Çünki İslam Respublikası Ermənistana yardımlar etməklə daha çox Azərbaycan Respublikasına təzyiqlər edir. Başqa sözlə, Azərbaycan torpaqlarını işğal etdiyi üçün indiki ağır duruma düşən Ermənistanla hərtərəfli əlaqələri genişləndirən Tehran Bakını özündən asılı vəziyyətə salmaq, hadisələri nəzarət altına almaq niyyətindədir. Həmid Bəhbəhani "İran - Ermənistan dəmir yolu İran - Azərbaycan dəmir yolu xətti ilə rəqabət aparmayacaq" deməklə əslində məsələnin mahiyyətini gizlətməyə çalışıb. Xatırladaq ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinə dair toplantının keçirilməməsinə dair xəbər yayılan gün Yerevan və Tehran rəsmiləri başqa məlumat yayıblar. Həmin vaxt Ermənistanın nəqliyyat naziri Qurgen Sarkisyan bildirmişdi ki, rəsmi Yerevan İran - Ermənistan dəmir yol xəttinin tikintisinə sərmayə qoyacaq tərəfdaş axtarır. Nazirin sözünə görə, bu yolun inşası ilə bağlı İran, Rusiya və Çin əməkdaşlıq etməyə hazırdırlar. Yayılan xəbərə əsasən, hazırda Çin Orta Asiya və İrana qədər uzanacaq dəmir yol xəttini tikir. Ermənilərin fikrincə, İran - Ermənistan xətti Qara dənizə çıxışdır və ideyanın gerçəkləşməsində Çin də maraqlıdır. İRİB agentliyinin Yerevandan verdiyi məlumata əsasən, Qazaxıstanın Ermənistandakı səfirliyi İran - Ermənistan dəmir yol xəttinə qoşulmaq haqda bəyanat verib. Qazaxıstanın Yerevandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri bildirib ki, İran - Ermənistan dəmir yol xətti sayəsində ölkəsi də Türkmənistandan keçərək Ermənistanla birbaşa əlaqə qura biləcək. Diplomat deyib ki, İran - Ermənistan xətti ilə eyni zamanda Qazaxıstan - Türkmənistan layihəsinin də tikintisinə başlanılacaq. Bundan başqa İslam Respublikası İran - Əfqanıstan - Tacikistan dəmir yolu xəttinin çəkilməsi istiqamətində də fəaliyyətini davam etdirir. İran prezidentinin müavini Pərviz Davudi bu ilin fevralında Əfqanıstan prezidenti Həmid Karzayla görüşüb. Davudi deyib ki, ölkəsi Əfqanıstanla birlikdə bu sahəyə sərmayə qoymaq istəyir. Bu sayaq faktlar sübut edir ki, İslam Respublikası ölkəmiz ətrafında bu sayaq dəmir yolu xəttini inşa etdirməklə Bakı - Tbilisi - Qars dəmir yolu tikintisini də əngəlləmək istəyir. SARQSYAN TEHRANDA "SOYQIRIM"dan DANIŞIB Mərhum dövlət başçısı Heydər Əliyevin İrana səfəri zamanı onun Təbrizə getməsinə, habelə İrandakı Azərbaycan ziyalıları ilə görüşünə heç vaxt şərait yaradılmamışdı. Amma ikigünlük səfəri çərçivəsində Sarqsyan İrandakı erməni icmasına məxsus "Ararat" mədəni-idman kompleksində soydaşları ilə görüşüb. Görüşdə Ermənistanın İrandakı səfiri Karen Nazaryan çıxış edərək iki ölkə arasında əlaqələrin qurulmasında erməni icmasının rolunu xüsusi vurğulayıb. Görüş zamanı İrandakı üç erməni yeparxiyasının adından doktor Aida Avnesyan çıxış etdikdən sonra Sarqsyana hədiyyə verib. Toplantıda söz alan Ermənistan prezidenti Sarqsyan İranla ölkəsi arasında dostluğa toxunaraq onun etibarlı qonşu olduğunu təsdiqləyib. Ermənistan - Türkiyə münasibətlərindən danışan erməni lideri deyib ki, ölkələrarası əlaqələrin yaxşılaşması "soyqırım"ı şübhə altına qoymamalıdır və bu məsələdə "heç bir şərti qəbul edə bilmərik". Bu il aprelin 24-də ermənilər yenə İranın mərkəzi şəhərlərində, o cümlədən Tehranda "soyqırım" gününü qeyd edərək Türkiyədən etiraf gözlədiklərini elan ediblər. DİNDARLARIMIZ İRANA ETİRAZ ETMİRLƏR Yuxarıda qeyd etdiyimiz kimi, Türikyənin Ermənistanla sərhədi açmasına dair məsələyə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də etiraz etdi. O, bununla bağlı Türkiyənin uyğun dövlət qurumuna müraciət ünvanladı. Bu, təqdir olunası məsələdir. Lakin İranı ölkəmizdə müdafiə edən qurum və fərdlər Türkiyəyə etiraz edib onun qarasınca danışsalar da, Sarqsyanın bu qarışıq məqamda İslam Respublikasını ziyarətinə etiraz etmədilər. Hətta yeri düşəndə İranın "Səhər" kanalı kimi, Azərbaycan və Türkiyəyə qarşı təbliğat aparmaqdan da vaz keçmədilər. Fələstin ərəblərinin haqqını müdafiə edib Livan "Hizbullah"ının lideri Nəsrullahın təəssübünü çəkən dini təşkilatların təmsilçiləri indiyədək bir dəfə də olsun Ermənistanla səmimi münasibətə görə İslam Respublikasına açıq etirazlarını bildirməyiblər. Bundan başqa Güney Azərbaycan türklərinin milli-mədəni haqlarını müdafiə etdiyinə görə millət vəkili Sabir Rüstəmxanlıya "ölüm hökmü" çıxaranlar sərhəd məsələsi ərəfəsində Sarqsyanın Tehrana səfərinə etiraz etmədilər. Bir məsələyə də toxunmaq istərdik. Azərbaycan ictimaiyyətinin Türkiyəyə sevgisi təbii qarşılanmalıdır. "Uman yerdən küsərlər" deyib atalar. Amma ölkəmizdə İslam dini adından danışanların saxtakarlığı da bu arada üzə çıxmaqdadır. Belə ki, özünə çeşidli şəkildə dini titul verib müsəlman adından, onun birliyindən danışanların, İranın, "Hizbullah"ın, "Həmas"ın, Fələstindəki ərəblərin haqqının müdafiəsindən ağızdolusu moizə edənlərin iç üzləri açıldı. Məlum oldu ki, belələri bu sayaq çıxışları ilə ölkəmizdə sifariş yerinə yetirirlər. Əks halda onlar Fələstin ərəblərinin, "Hizbullah" və "Həmas"ın haqqını müdafiə etdikləri kimi, Güney Azərbaycan türklərinin milli-mədəni haqları ilə bağlı məsələyə də can yandırardılar. Əslində belə dindarlar istina edilməklə Azərbaycan ictimaiyyəti haqlı olaraq İslam Respublikasının rəhbərliyindən ummamaqda və onu müdafiə etməməkdə haqlıdır. Çünki ölkəmizin vətəndaşları yaxşı bilirlər ki, 35 milyonluq Güney Azərbaycan türkünün milli haqqını verməyən bir rejim müstəqil Azərbaycan Respublikasının mövcudluğunu belə çətinliklə qəbul edir. İranın Ermənistana YARDIMI və QAYĞISI da bunu təsdiqləyir... .ayna