SON XƏBƏRLƏR

AKP Bakıdan belə təpki gözləmirdi

2021.10.20, 07:36
AKP Bakıdan belə təpki gözləmirdi

Gunaz.tv
Svante Kornell: "Türkiyə Ermənistanla sərhədlərini açarsa, bu, həm Azərbaycan, həm də Türkiyə üçün pis olar" Zahid Oruc: "24 apreldən sonra proseslərin istiqaməti dəyişməyəcəksə, bu, "yol xəritəsi" yox, yolsuzluq xəritəsi olacaq" Aprelin 23-də 2005-ci ildən bəri Türkiyə və Ermənistan arasında İsveçrədə aparılan danışıqların nəticəsi kimi birgə bəyanat açıqlanıb. Bəyanatda Ankara və İrəvanın "yol xəritəsi"ni imzaladıqları bildirilir. Qeyd olunur ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyilə ikitərəfli münasibətlərin tənzimlənməsi və yaxın qonşuluq, qarşılıqlı hörmət ruhunda inkişafı məqsədiylə intensiv iş aparıblar. Beləliklə də Türkiyə də Ermənistan bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına təkan veriblər. Ramiz Mikayıloğlu "Bu prosesdə hər iki tərəf nəzərəçarpacaq irəliləyişə və anlaşmaya nail olublar. Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılmasıyla bağlı hər iki tərəfi qane edəcək əhatəli çərçivə ətrafında razılığa gəliblər. Bu kontekstdə də yol xəritəsi müəyyənləşdirilib. Bu, razılaşdırılmış əsas prosesin davam etdirilməsi üçün pozitiv perspektiv yaradır". Ancaq birgə bəyanatda "yol xəritə"sinin detalları açıqlanmayıb. ABŞ və Avropa Birliyi məmnunluqlarını bildiriblər. Türk mətbuatı Azərbaycanı izləyir Türk mətbuatı da məsələyə geniş yer ayırıb. "Milliyyət" qəzeti yazır ki, Ankara və İrəvanın münasibətləri normallaşdıracaq "yol xəritəsi" üzərində razılığa gəlmələri ABŞ və Avropa Birliyini məmnun edib. Azerbaycan isə Türkiyə ilə Ermənistanın razılaşdıqları "yol xəritəsi"nin işğal altındakı Azərbaycan torpaqlarının boşaldılmasını da nəzərdə tutmasını istədiyini bildirib. "Milliyyət" Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxovun açıqlamasını nəzərə çatdırıb. Xatırladaq ki, Elxan Poloxov hər ölkənin başqa bir ölkəylə münasibət qurmaq haqqının olduğunu, açıqlanan "yol xəritəsi"nin detallarının öyrənildiyini, Türkiyə-Ermənistan yaxınlaşmasına paralel olaraq Ermənistanın işğal altında saxladıqları Azərbaycan torpaqlarından çəkilməsi və Qarabağ münaqişəsi həll edilməsinin zəruri olduğunu söyləyib. Elxan Poloxov bildirib ki, rəsmi Bakı anlaşmanın türk rəsmilərinin daha öncə açıqladığı kimi bu məqsədə xidmət edəcəyinə inanır. "Milliyət" qəzeti fransa mətbuatının "əgər Türkiyə Ermənistanla əlaqələrini Qarabağ məsələsini bir kənara qoyaraq normallaşdırarsa, Bakı Türkiyəyə ixrac etdiyi təbii qazı kəsəcək" sözlərinə yer verib. Qəzet Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin bu günlərdə Türkiyədə olması, Baş Qərargah rəisi İlkər Başbuğla bir araya gəlməsinə də diqqət çəkib. "Azərbaycanı sildikmi?"... "Cümhuriyyət" qəzeti manşet məqaləsini "Azərbaycanı sildikmi?" başlığıyla verib. Qəzet yazır ki, birgə bəyannamədə Azərbaycanın adı heç keçməyib: "Türkiyə bu açıqlamasıyla 24 apreldə "erməni soyqırımı" ilə bağlı çıxış edəcək ABŞ prezidenti Barak Obamaya "soyqırım ifadəsindən istifadə etmə, bu, prosesə ciddi şəkildə mənfi yöndə təsir edər" mesajını göndərdi. "Yol xəritəsi"nin bəlirləndiyi mesajda Qarabağdan söz açılmaması "Azərbaycanı sildikmi?" sualını ortaya çıxarıb və Azərbaycan "işğala son verilmədən sərhəd açılmasın" xəbərdarlığını etdi. Son dəqiqə mesajına Azərbaycandan dərhal cavab gəldi. Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin Dağlıq Qarabağın işğaldan azad edilməsiylə paralel olması gərəkliyini açıqladı. Cons Hopkins Universitetinin Orta Asya ve Qafqaz İnstitutunun direktoru Svante Kornell hesab edir ki, 23 apreldə "yol xəritəsi"nin açıqlanmaması Barak Obamanın "soyqırım" sözünü dilə gətirməməsinə hesablanıb: "AKP Barak Obamanın "soyqırım" sözünü dilə gətirməsini bir illik əngəllədi, ancaq Azərbaycan xalqını xəyal qırıqlığına uğratdı. Erməni diasporu bunu Türkiyəyə yönəlik təzyiqlərinin nəticəsi sayacaqlar və "soyqırım"ın tanınması üçün daha səylə mücadilə edəcəklər. Əslində AKP bu davranışıyla Barak Obamaya yardım əlini uzadıb. Çünki Barak Obama prezident seçkiləri kampaniyası dönəmində ermənilərə birmənalı vəd vermişdi. İndi "soyqırım" sözünü dilə gətirsə, Türkiyəylə əlaqələr pozulacaqdı. Belə bir addım Türkiyənin təpgisi səbəbindən Ermənistan üçün də zərərli olacaqdı." "Martdakı anlaşma da tamam fərqliydi" Ancaq Svante Kornell xəbərdarlıq edib ki, uzlaşmadan sonra ilk addım kimi Türkiyə Ermənistanla sərhədlərini açarsa, bu, həm Azərbaycan, həm də Türkiyə üçün pis olar: "Bunun yerinə münasibətlərin normallaşması baxımından diplomatik əlaqələr qurular, birlikdə ailə fotoları çəkilər. Münasibətlərdəki gerçək irəliləyiş Qarabağa bağlıdır. Azərbaycanın Qarabağ xaricində 7 rayonu da erməni işğalı altındadır. AKP ağıllı siyasət yürüdərək onların bir neçəsini Ermənistanın boşaltmasını gözləməli, daha sonra sərhədi açmalıdır. O zaman azərbaycanlılar da bunu qəbul edər. Əks halda Türkiyənin sərhədi açmasını erməni diasporu bir zəfər və Türkiyənin zəifliyi kimi qiymətləndirəcəklər. Hesab edəcəklər ki, bir qədər də aktiv olsalar, Türkiyə "soyqırım"ı qəbul edəcək. Amerikadakı ermənilərdə yanaşma belədir, savaş baltalarını yerə qoymazlar". Amerikalı ekspert maraqlı bir bəyanat da verir: "Türkiyədəki bələdiyyə sevkilərindən sonra Ankara atılacaq addımlarını yenidən Qarabağ probleminin çözümünə bağladı. Rəcəb Tayyib Ərdoğan və Abdulla Gül bu istiqamətdə açıqlamalar verdilər. Ancaq AKP-nin İrəvanla martdakı anlaşması bundan fərqliydi. Bunda azərbaycanlıların təpgisinin rol oynadığını düşünürəm. Bakı tam anlamıyla gizli bazarlıqlarda yer almadı. AKP rəsmi Bakını bir az məlumatlandırır, ancaq aparılan danışıqlar barədə danışmırdı. Azərbaycan ciddi biçimdə Türkiyədən uzaqlaşdı. Əski qardaşlıq havası artıq yoxdur. Azərbaycanda çox böyük xəyal qırıqlığı var, Türkiyəyə və türk hökumətinə güvənmirlər. Bu, sadəcə, liderlər səviyyəsində deyil, Azərbaycan cəmiyyətində belə bir təpgi var. Hesab edirəm ki, AKP Bakıdan belə təpgi gözləmirdi, azərbaycanlıların bunu qəbul edəcəyini sanırdı. Amma azərbaycanlılar çox dəyişdi, o, artıq köhnə kiçik qardaş deyil". Bir gün qalıb... Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Milli Məclisin Təhlükəsizlik və müdafiə daimi komitəsinin üzvü Zahid Oruc deyir ki, "yol xəritəsi" məhz bu günlərdə ortaya çıxması gözlənilən "soyqırım" iddiaları ilə birbaşa bağlıdır: "Həm də biz bunun lelə olmasını istəyirik. 24 apreldən sonra davranışlar, indiki addımların istiqaməti dəyişməyəcəksə, o halda "soyqırım" iddiaları bəhanəsi Türkiyə siyasi elitasına hər hansı bəraət verməyəcək. Azərbaycanda bu prosesi izləyən qüvvələr də aprelin 24-dən sonrakı davranışların fərqli olacağını gözləyirlər, "yol xəritəsi"ni ABŞ, Türkiyə və Ermənistan arasında aparılan danışıqların nəticəsi sayırlar. Əgər 24 apreldən sonra proseslərin istiqaməti dəyişməyəcəksə, bu, "yol xəritəsi" yox, yolsuzluq xəritəsi olacaq və regionda ciddi problemlər yaradacaq". Zahid Oruc bildirdi ki, Türkiyənin hakim siyasi dairələri xarici aləmi və Azərbaycanı inandırmaq istəyirlər ki, yürütdükləri siyasət hamı üçün faydalıdır. Milyonlarla insan bunun yanlış olduğunu deyirlər: "Çox kiçik bir azlığın bizi bunun uğurlu olacağına inandırması qeyri-mümkündür. Əgər bu "yol xəritəsi" "soyqırım" məsələsiylə bağlı deyilsə, həqiqətən köklü münasibətləri özündə ehtiva edirsə, başqa məsələdir. O halda bu "yol xəritəsi" erməni layihəsi kimi təzahür edəcək. ABŞ prezidenti "soyqırım"ı tanımasa da, ermənilərin bu prosesdə uduşu daha çox olacaq. Türkiyə-Azərbaycan arasında qardaşlıq, dostluq nə qədər möhkəm olubsa, ondan sonra hər bir dövlət ayrı-ayrılıqda özlərinin mənafeləri uğrunda mübarizəyə qalxacaqlar. Bu ayrılıq da avtomatik ciddi zərərlərə, ziyanlara yol açacaq və üçüncü qüvvələrə xeyirli olacaq. Qarabağ məsələsi "yol xəritəsi"ndə yoxdursa, Türkiyənin ən ciddi maraqları da orada əksini tapmayıbsa, o halda bu, "erməni xəritəsi"dir. Bu yolla Türkiyənin getməsi çox böyük təəssüflər doğurur. Rusiyanın Qarabağın işğalında rolunu bildiyimiz üçün onun Ermənistana bu günkü dəstəklərini başa düşürük. Amma Türkiyə diplomatiyasındakı bu məqamlar bizim üçün anlaşılmazdır. Türkiyənin özünə bəraət qazandırmasına bir gün qalıb. Söhbət 24 apreldən gedir. Ondan sonrakı dönəmdə AKP hökumətinin davranışı dəyişməzsə, yeni geosiyasi situasi yaranacaq və Azərbaycan da siyasətini buna uyğunlaşdırmağa məcbur olacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar