SON XƏBƏRLƏR

SƏRHƏD BIR NEÇƏ HƏFTƏYƏ AÇILA BILƏR

2021.10.20, 07:36
SƏRHƏD BIR NEÇƏ HƏFTƏYƏ AÇILA BILƏR

Gunaz.tv
SƏRHƏD BIR NEÇƏ HƏFTƏYƏ AÇILA BILƏR Bunu “Röyter” agentliyinə açıqlama verən Qərb diplomatı deyib Türkiyə Ermənistanla anlaşdığı “Yol xəritəsi” planına uyğun olaraq sərhədlərini bir neçə həftəyə aça bilər. “Vətən” qəzetinin yazdığına görə, bu barədə “Röyter” agentliyinə açıqlama verən Qərb diplomatı bildirib. Qəzetin yazdığına görə, agentliyə açıqlama verən türk və erməni diplomatlar prinsip anlaşması əldə edildiyini, ancaq heç bir sənədə imza atılmadığını deyiblər. Lakin İsveçrədə Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar haqda məlumatlı olan Qərb diplomatı deyib ki, yaxın zamanda tərəflər “Yol xəritəsi”nə uyğun olaraq sürətli şəkildə konkret addımlar atacaqlar: “Yol xəritəsi” qonşuların mərhələ-mərhələ diplomatik əlaqələr qurmasını, sərhədlərin açılmasını və tarixi problemlərin həll edilməsi üçün komissiyalar qurulmasını nəzərdə tutur. Bütün bu prinsiplər qəbul edilib. Bu anlaşmaların yerinə yetirilməsi çox uzun olmayan proses olacaq, biz aylardan deyil, həftələrdən bəhs edə bilərik”. Xatırladaq ki, “Yol xəritəsi”nin artıq mətbuatda yayılan detallarına görə, Ermənistanla münasibətlərin qurulması və sərhədlərin açılması üçün Qarabağ ön şərt kimi irəli sürülmür. Buna baxmayaraq, Türkiyə prezidenti və baş naziri Azərbaycanı arxayın salmağa çalışır ki, Qarabağ münaqişəsi nizamlanmadan sərhədlərin açılmasından söhbət gedə bilməz. Bu vədi baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Ankaradakı görüşü zamanı bir daha təkrar edib. Erməni tərəfi isə bildirir ki, “Yol xəritəsi”ndə heç bir ilkin şərt yer almır. Eyni zamanda sərhədlərin açılması bu il ərzində baş verəcək. Türkiyə xarici işlər naziri Əli Babacan isə Ermənistanla Azərbaycan və Türkiyə ilə Ermənistan arasındakı prosesləri şərh edərkən şahmat oyununu misal göstərib. Babacan deyib ki, onların məqsədi şahmatda olduğu kimi addım-addım irəliləməkdir: “Cənubi Qafqaz regionunda məqsədimiz Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşmasıdır. Asan deyil, olduqca qarışıq prosesdir, ancaq şahmatda olduğu kimi addım-addım irəliyə doğru hərəkət edirik”. Qeyd edək ki, “Yol xəritəsi”nə rəsmi Bakı nisbətən yumşaq reaksiya verib. Bu da Türkiyə mediasında AKP iqtidarının məsələni Azərbaycanla razılaşdırdığı və Qarabağ məsələsi həll olunmadan sərhədlərin açılmasına onu inandırması haqda şərhlərə səbəb olub. Xəbər verildiyi kimi, prezident Abdullah Gül aprelin 23-də Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Bu telefon söhbəti haqda Cankaya sarayından yayılan açıqlamada deyilirdi ki, tərəflər regiondakı prosesləri və ikitərəfli münasibətləri müzakirə edib, Türkiyə-Azərbaycan münasibətlərinin əvvəlki kimi qalacağını vurğulayıblar. Lakin bundan bir gün sonra Azərbaycan prezidentinin administrasiyası telefon danışığı ilə bağlı rəsmi açıqlama yaymağı lazım bilib, özü də bu açıqlama cəmi iki cümlədir. Orada deyilir ki, Gül Əliyevə Ermənistanla aparılan danışıqlar haqda məlumat verib, Əliyev isə ona Azərbaycan dövlətinin rəsmi mövqeyini xatırladıb. Göründüyü kimi, Azərbaycan tərəfi Ankaradan yayılan və telefon danışığında hər şeyin yoluna qoyulduğu mənasını verən açıqlamanı bölüşmür. Sabah baş nazir Ərdoğanın Bakıya gələrək Ermənistanla anlaşma barədə məlumat verəcəyi gözlənilir və ehtimal ki, Azərbaycan rəhbərliyi proseslərə necə reaksiya verməyi bu səfərdən sonra müəyyən edəcək. Türkiyədə isə müxalifət “Yol xəritəsi” ilə bağlı AKP iqtidarını sərt tənqid edir. MHP-dən keçmiş dövlət naziri Abdulxaliq Çay deyib ki, Türkiyənin Ermənistanla sərhədlərini açması “soyqırım” iddiaları qarşısında güzəştə getməsi olacaq. O, hökuməti ABŞ və Avropa İttifaqının təzyiqlərinə boyun əyərək Ermənistana güzəştə getməkdə günahlandırıb. CHP millət vəkili Canan Arıtman isə deyib ki, Ermənistanla sərhədlərin açılması istiqamətində AKP iqtidarının atdığı addımlar “tələffüz edilməsi mümkün olmayan tarixi səhv”dir. “ABŞ prezidenti Barak Obama “soyqırım” deməsin deyə bu il Ermənistanla sərhədləri açmağa razılaşdınız. Gələn il isə buna görə Ağrı dağını verəcəksiniz, ondan sonra Şərqi Anadolu bölgəsini, ondan sonra Kipr gələcək, ən sonda da “Kürdüstan”mı deyəcəklər?”- deyə C.Arıtman sual edib. O, deyib ki, Ərdoğanın “Qarabağ münaqişəsi həll olunmadan sərhədlər açılmayacaq” vədi də qeyri-səmimidir. CHP millət vəkili Türkiyənin yeritdiyi siyasət nəticəsində Azərbaycanı Rusiyanın qucağına itələdiyini də deyib. Onun sözlərinə görə, Azərbaycan “Nabucco” layihəsindən imtina edir, Türkiyə on milyardlarla dollar itirəcək: “Bəs AKP bunları millətə necə anladacaq? AKP iqtidarda sonsuz deyil, əgər yaxalansalar, yüksək məhkəmədə vətənə xəyanətdən hesab verəcəklər”. Xatırladaq ki, Azərbaycan prezidenti aprelin 24-də Sofiyada başlayan və “Nabucco” layihəsinin diqqət mərkəzində olduğu sammitə qatılmadı. Bu, rəsmi Bakının Türkiyəyə növbəti mesajı kimi qiymətləndirilir. Həmin sammitdə A.Gül İ.Əliyevlə görüşməyi planlaşdırırdı. Lakin Əliyev sammitə qatılmamaqla göstərdi ki, Azərbaycan öz qazını Türkiyə üzərindən nəql etmək istəmir. Fərhad Məmmədov

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar