SON XƏBƏRLƏR

Naxçıvanda Nuh tufanı haqqında beynəlxalq smpozium başlayır

2021.10.20, 07:36
Naxçıvanda Nuh tufanı haqqında beynəlxalq smpozium başlayır

Gunaz.tv
Naxçıvanda Nuh tufanı haqqında beynəlxalq smpozium başlayır Bəşər sivilizasiyasının ilkin məskənlərindən biri olan Naxçıvan torpağının qədimliyi burada mövcud olan tarixi abidələrdə, tapılan maddi-mədəniyyət nümunələrində qorunub saxlanılır. Nuh peyğəmbər və onun tərəfdarları ilə bağlı faktların Naxçıvan torpağı ilə bilavasitə bağlılığı isə bu torpağın qədimliyini bir daha sübut edir Gəmiqaya təsvirləri, Nəbi yurdu, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhdaban, Peyğəmbərayağı kimi yer adlarında yaşayan bu tarix tədqiqatçıların da diqqətini cəlb edib. Son illərdə Nuh peyğəmbər və dünya tufanının Naxçıvan torpağı ilə bağlılığı aktuallıq kəsb etmiş, muxtar respublikada bu istiqamətdə diqqətəlayiq işlər görülmüşdür. Muxtar respublika ərazisindəki tarixi abidələrin pasportlaşdırılması, bununla bağlı monoqrafiya və məqalələrin çap olunması, “Naxçıvan abidələri ensiklopediyası”nın nəşri bunun bariz ifadəsidir. Bu istiqamətdə atılan ən böyük addım isə Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin yerinin dəqiqləşdirilərək qalıqlarının aşkar edilməsi və həmin abidənin bərpası olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 10 fevral 2009-cu il tarixdə “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi haqqında” sərəncam imzalayıb. Bu gün aprelin 24-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəyirmi zalında beynəlxalq simpoziumun açılışı olacaq. Azərbaycan və dünya elminin tanınmış simalarının qatılacaqları simpoziumda Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, AMEA-nın müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Türkiyədən professor-doktor Yaşar Kalafat, Rusiyadan professor Elfina Sibqatullina, İrandan filologiya elmləri namizədi, dosent Qədir Güldikən çıxış edəcəklər. Alimlər dünya tarixində Naxçıvanın yeri, Nuh tufanı fəlsəfəsi və onun Naxçıvanla bağlılığı, Nuh türbəsinin tarixi mənbələrdəki yeri haqqında ətraflı və elmi əsaslara söykənən məruzələr edəcəklər. Sonra simpozium öz işini bölmə iclasları üzrə davam etdirəcək. İki gün davam edəcək iclaslarda “Nuh peyğəmbər və dünya tufanı”, “Nuh peyğəmbər və Gəmiqaya təsvirləri”, “Dünya tufanı və Naxçıvan abidələri” mövzuları ətrafında müzakirələr aparılacaqdır. Bölmə iclaslarında AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə yanaşı, Azərbaycanın tanınmış elm xadimləri, Türkiyə, İran və Misirdən gələn şərqşünas alim və filoloqlar iştirak edəcəklər. Simpoziumun keçiriləcəyi günlərdə qonaqların Nuh peyğəmbərin məzarüstü türbəsi, şəhərin tarixi yerləri ilə tanışlığı və Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə səfərləri də nəzərdə tutulmuşdur. AzərTAc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar