SON XƏBƏRLƏR

Əhmədinejad və Ərdoğanın rəqabəti

2021.10.20, 07:36
Əhmədinejad və Ərdoğanın rəqabəti

Gunaz.tv
Əhmədinejad və Ərdoğanın rəqabəti Elçin Mirzəbəyli: "AKP Avropa ilə modernlik baxımından yarışan Türkiyəni İranla eyni səviyyəyə qoymamalıdır" İran prezidenti Mahmud Əhmədinejadın BMT-nin Cenevrədə irqçilik əleyhinə keçirdiyi beynəlxalq konfransı ciddi qalmaqal yaradıb. Məsələ tək həmin gün konfrans zalını Avropa Birliyinə üzv bir sıra dövlətlərin nümayəndələrinin tərk etməsi, Mahmud Əhmədinejada kloun brunu atılması ilə yekunlaşmayıb. Hətta Rusiya Xarici İşlər Nazirliyi belə bir gün sonra bəyanat yayıb. İranın beynəlxalq aləmdə tərəfdaşlarından sayılan Moskva Mahmud Əhmədinejatı sərt danışmaqda günahlandırıb. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz BAXCP-nin beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli deyir ki, ortaya çıxan mənzərə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Mahmud Əhmədinejad ərəb dünyasında nufuz qazanmaq uğrunda yarışa girmələri təəssüratını oyadır. Başqa sözlə, İran rəhbərliyi baş nazir Rəcəb Tayyib Ərdoğanın Davosdakı məşhur çıxışından sonra Türkiyənin ərəb dünyasında artan nüfuzundan narahatçılıq keçirir. Buna görə də Mahmud Əhmədinejad Cenevrədə revanş götürməyə çalışıb. BAXCP-nin beynəlxalq məsələlər üzrə katibi bildirdi ki, əslində belə rəqabətə, savaşa ehtiyac yoxdur. Birincisi, ərəblər islamın bətnində yaraya çevrilən İrana antipatiyayla yanaşırlar. Türkiyəyə münasibətdə isə Osmanlı dövründən qalma qısqanclıq var. Digər tərəfdən, xürufat və qaranlığın hökm sürdüyü ərəb dünyasında liderlik yarışına qatılmaq Türkiyənin özünü inkişafdan geri sala bilər: "Ən məqbul yol odur ki, Türkiyə öz dünyəvi dövlət modelini inkişaf etdirsin. Bu halda ərəb dünyası da istər-istəməz inkişaf etmiş Türkiyənin dövlət modelinə maraq göstərəcək. İran hansı inkişafın sahibidir? İran günümüzdə üçüncü ölkələr arasında özünə dayaq axtarmaqla məşğuldur. AKP-nin hazırkı siyasəti Türkiyəni İran səviyyəsinə endirməkdədir. AKP Avropa ilə modernlik baxımından yarışan Türkiyəni İranla eyni səviyyəyə qoymamalıdır". Ramiz Mikayıloğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar