SON XƏBƏRLƏR

TÜRKİYƏNİN QORXULU APRELİ SABAH BİTİR, AZƏRBAYCANIN QORXULU MAYI İSƏ HƏLƏ QABAQDADI

2021.10.20, 07:36
TÜRKİYƏNİN QORXULU APRELİ SABAH BİTİR, AZƏRBAYCANIN QORXULU MAYI İSƏ HƏLƏ QABAQDADI

Gunaz.tv
TÜRKİYƏNİN QORXULU APRELİ SABAH BİTİR, AZƏRBAYCANIN QORXULU MAYI İSƏ HƏLƏ QABAQDADI Könül ŞAMİLQIZI [email protected]/* */ Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin iki tərəfi də qane edəcək şəkildə normallaşdırılması istiqamətində ümumi çərçivənin və yol xəritəsinin müəyyənləşdirildiyini açıqladı. Yəqin sabahdan Azərbaycanda Türkiyəyə qarşı kampaniyanın “gördünüz, deyirdik bizi aldadırlar, inanmırdınız” mərhələsi başlayacaq. Türkiyədə də, çox güman, bir neçə gün “biz demişdik, Ərdoğana inanmayın, haqlı çıxdıq” havası hakim olacaq. Ermənilər bu situasiyadan yararlanıb “Türkiyə bizə heç bir ön şərt qoymur” bəyanatlarının, biz isə bu bəyanatlara istinadla Türkiyəyə hücumların sayını çoxaldacağıq. Özümüzü və Türkiyəni nə qədər aşağıladığımızın, rusların və ermənilərin çox usta şəkildə qurduqları informasiya tələsində çırpınmağımızın fərqinə varmadan, bəlkə də heç bir dostluq, qardaşlıq, müttəfiqlik ölçüsünə sığmayan siyasətimizin Ankaranı bu açıqlamaya vadar etdiyi ehtimalını ağlımızın ucundan belə keçirmədən... “Mən demişdim” tərzini heç sevmirəm, amma Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının bu günün məsələsi olmadığını, 2008-ci ildən başlayan futbol diplomatiyasının səmərə verməyəcəyini, bunun Ankarada da çox yaxşı anlaşıldığını, amma regionda liderlik iddiasında olan və beynəlxalq platformadakı hər addımının qarşısına “soyqırım” şantajı və “Ermənistanla münasibətlərin qurulması” şərti çıxarılan Türkiyənin bu xətti davam etdirməkdən başqa yolunun olmadığını hələ bu həşirdən xeyli əvvəl yazmışdım. Bu gün də həmin fikrimdə qalıram və Türkiyə XİN-in açıqlamasının daha çox sabah Vaşinqtondan gözlənilən təhlükəyə - “Obama 24 aprel müraciətində “soyqırım” ifadəsi işlədə bilər” təhlükəsinə qarşı önləyici addım olduğunu düşünürəm. Yaxşıdı, yoxsa pis, bu mürəkkəb vəziyyət Türkiyənin “soyqırım” iddialarına qarşı ciddi, uzunmüddətli strategiyasının olmaması səbəbindən, yoxsa beynəlxalq birliyin ədalətsizliyi ucbatından yaranıb – bunlar müzakirə oluna bilər. Amma bugünkü reallıq budu ki, Obama rəsmən “erməni soyqırımı”nı tanıyacağına söz vermiş prezidentdi və indiki situasiyada bu sözü deməməsi üçün Türkiyənin hansısa addım atması lazımdı. Bu baxımdan Türkiyə XİN-in açıqlaması istər zaman, istərsə də ehtiva etdiyi mahiyyət baxımından Ankara və Vaşinqton üçün zəruriydi. Ankara da özünün maraqlarını nəzərə alaraq və siyasət elminin qarşılıqlı maraqlar deyilən anlayışından çıxış edərək indiki situasiyada zəruri hesab etdiyi addımı atdı. Bu açıqlama Qarabağ şərtinin gündəmdən çıxması, sərhədlərin açılacağı və diplomatik münasibətlərin qurulacağı kimi izah oluna bilməz və olunmamalıdı. Ən azı o baxımdan ki, iki gün fərqlə baş nazir səviyyəsində verilən “işğal bitmədən sərhədi unudun” bəyanatı var və Türkiyə iki gündə bir-birinə zidd olan iki fərqli strateji qərar verəcək qədər qeyri-ciddi dövlət deyil. XİN-in bəhs etdiyi yol xəritəsində diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması kimi məsələlər nəzərdə tutulmuş ola bilər, amma bunun Azərbaycanla Ermənistan arasında problemlərin həlli istiqamətində addımların atılması ilə paralel həyata keçiriləcəyinə dair şərtlərin və bəndlərin yer almasına da mənim heç bir şübhəm yoxdu. Türkiyə dövləti Azərbaycanın maraqlarına zidd addım atmaz, atmağı düşünməz – hökumətdə istər Ərdoğan olsun, istər başqası... Türkiyənin bu açıqlamasından səmimi və ya qeyri-səmimi şəkildə narahatlıq keçirənlər, hətta Ankaranın Azərbaycana münasibətdə tutduğu mövqeyə şübhə edənlər ola bilər. Amma hətta buna görə də Türkiyəni suçlamaq ucuz populizmdən başqa bir şey deyil və heç nəyə yaramayacaq. Çünki əvvəla, bütün hallarda Türkiyə Azərbaycanın dünyadakı yeganə dəstəkçisi, tək dostudu və ondan uzaqlaşmaq, onu suçlamaq, ona güvənsizlik nümayiş etdirmək yalnız və yalnız bizim özümüzə zərər verə bilər. Digər tərəfdən, Azərbaycan marta qədər Ankara ilə birlikdə yürütdüyü siyasətdən bir neçə günün içində vaz keçib, “mən oynamıram” havasına girərək Türkiyəni pis vəziyyətdə qoymaqla, “bizə bilgi verilmədi” kimi tənqidə dözümsüz bəhanələrin arxasına saxlanaraq Türkiyəyə meydan oxuma tonuna keçməklə, Türkiyənin acığına Rusiyayla qardaşlıq pozları verməklə indiki mərhələdə giley-güzar eləmək haqqını itirib. Ankara ilə Bakı arasındakı münasibətlər heç zaman olmadığı qədər gərgin bir mərhələdən keçir və Türkiyənin ən yüksək səviyyədəki bəyanatlarına rəğmən Azərbaycan bu gərginliyi əlindən gəldiyi qədər artırmağa, uzatmağa meyllidi. “Kiçik qardaşın şıltaqlığı” əndazəni kifayət qədər aşıb və bu, səbr nümayiş etdirməyə, təmkinli davranıb Azərbaycanı qırmamağa çalışan Türkiyə rəsmilərinin son açıqlamalarında da aydınca sezilir. Ona görə də Azərbaycanın hakimiyyəti də, “əl gətir” deyəndə qol qoparan təbliğat strukturları da Ankaranın son addımını top-tüfənglə qarşılamaq əvəzinə ciddi şəkildə ölçüb-biçməli, Türkiyə ilə münasibətlərdə qarşılıqlı güvən təzələmək istiqamətində nələr edilə biləcəyini düşünməlidilər. Çünki Türkiyənin qorxulu apreli sabah bitir, Azərbaycanın qorxulu mayı isə hələ qabaqdadı. ABŞ dövlət katibi, ATƏT-in Minsk qrupunun həmsədrləri, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları izləyən əcnəbilərin hamısı “mayda anlaşma olacaq” deyirlər. Mayda və ya başqa ayda imzalanacağından asılı olmayaraq, hazırda üzərində söhbət gedən anlaşmanın Azərbaycanın faydasına olmadığının hamımız fərqindəyik. Amma “Wall Street Journal”da çıxan və dogrulanmayan “Aprelin 16-da Türkiyə Ermənistanla sərhədləri aça bilər” xəbərini bəhanə edib tozu dumana qatdığımız halda ABŞ dövlət katibi səviyyəsində səslənən “mayda anlaşma ola bilər” bəyanatına münasibətdə “təmkinimizi” qətiyyən pozmuruq. Baxmayaraq ki, 15 il sonra Qarabağda keçiriləcək referendum hətta günü sabah Türkiyə-Ermənistan sərhədinin açılmasından daha real və daha qorxunc təhlükədi. Bunu görmək və ya görünməsini əngəlləməmək, Qarabağ da daxil, bütün məsələlərdəki tək müttəfiqimizlə münasibətlərimizdə açdığımız yaranı necə sarımaq barədə düşünmək zamanıdı...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar