SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ QARMAQARIŞIQ SİYASİ GÜNDƏM

2021.10.20, 07:36
TÜRKİYƏDƏ QARMAQARIŞIQ SİYASİ GÜNDƏM

Gunaz.tv
AKP-nin bağlanması iddiası üzrə prosesdə həlledici mərhələ yaxınlaşır, CHP-nin də başı üzərində qara buludlar var Türkiyədə siyasət qarışıq və qeyri-müəyyən olaraq qalır. Futbol üzrə milli yığma komandanın Avropa çempionatındakı uğurlu çıxışları iki həftəyə yaxındır ölkədə siyasi çəkişmələri nisbətən arxa plana keçirsə də yenidən gündəmdə AKP-nin bağlanması iddiası, silahlı qüvvələrin rəhbərliyinə qarşı aparılan kompromat savaşı kimi məsələlər gündəmdə ilk yerini tutmağa başlayıb. Son məlumata görə, Konstitusiya Məhkəməsi hakim Ədalət və İnkişaf Partiyasının bağlanmasına dair verilən iddia üzrə prosesdə həlledici mərhələyə yaxınlaşıb. Belə ki, iyulun 3-də məhkəmə bu iddia üzrə dinləmə keçirəcək və AKP iddiaya cavabını şifahi nitqlə çatdıracaq. Həmçinin baş prokuror iddia üzrə çıxış edəcək. AKP-dən şifahi müdafiə nitqi ilə hökumət sözçüsü, baş nazirin müavini Cəmil Çiçəyin çıxış edəcəyi bildirilir. İyulun 1-də isə baş prokuror Əbdürrəhman Yalçınqaya məhkəmə qarşısında iddiasını şifahi nitqlə əsaslandıracaq. Mətbuatın yazdığına görə, Çiçəyin nitqində AKP-nin bağlanması haqda iddianın əsası olmayan dəlillər üzərində qurulduğu göstəriləcək. Həmçinin o, 6 illik AKP iqtidarı dövründə həyata keçirilən islahatlar haqda məlumat verəcək. Bu ərəfədə Konstitusiya Məhkəməsinin başqanı Haşim Kılıcla bağlı ilginc ssenari ortaya atılıb. “Sabah” qəzetinin yazdığına görə, Kılıcın istefası istisna deyil. Çünki onun haqqında qanunsuz fəaliyyət göstərən ifrat-solçu “İBDA-C” təşkilatına bağlı olduğu haqda iddialar var. Bildirilir ki, Kılıc 70-ci illərdə bu təşkilatın buraxdığı jurnalda fəaliyyət göstərib. Mətbuatda yer alan bu iddianı artıq Kılıc təkzib edib və onun haqqında yalan məlumat yayanları məhkəməyə verəcəyini bildirib. Lakin buna baxmayaraq, bəziləri hesab edir ki, Kılıcın istefası gündəmə gələ bilər. Amerikanın məşhur “CP Morgan” bankı da AKP-nin bağlanması iddiası ilə bağlı təhlil hazırlayıb. Bankın hazırladığı təhlildə deyilir ki, əgər AKP bağlansa, baş nazir Rəcəb Tayyib Ərdoğanın siyasi fəaliyyətinə də qadağa qoyulacaq və o, millət vəkili kimi toxunulmazlığını itirəcək. Bu zaman isə Ərdoğan korrupsiya ittihamları ilə mühakimə oluna bilər. Bildirilir ki, əgər Konstitusiya Məhkəməsi AKP ilə bağlı prosesi tezliklə yekunlaşdırsa, o zaman Ərdoğanın yenidən parlamentə dönməsi asan olmayacaq. Bankın qənaətinə görə, AKP bağlansa da onun yerində qurulacaq partiya təkbaşına hökumət qura bilər. Ancaq bu hökumət daha zəif olacaq. “CP Morgan” Türkiyədə siyasi proseslərin ən pis ssenari üzrə cərəyan etməsi halında belə silahlı qüvvələrin müdaxiləsinin baş verməyəcəyi qənaətinə gəlib. Ankara siyasi gündəmində yer alan digər səs-küylü xəbər isə ana müxalifət partiyası CHP ilə bağlıdır. Belə ki, Konstitusiya Məhkəməsi CHP-yə dövlətdən ayrılan yardımların xərclənməsində pozuntular aşkar edərək faktla bağlı Cümhuriyyət Baş Prokurorluğunda cinayət işinin qaldırılması üçün müraciət edib. Doğrudur, müraciətdə konkret olaraq maliyyə pozuntularına görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb olunması istənilir. Lakin bildirilir ki, bu pozuntular CHP-nin bağlanmasını da gündəmə gətirə bilər. F.Məmmədov

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar