SON XƏBƏRLƏR

İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National

2026.11.20, 19:19
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National

İran agentləri iyirmi ildən artıqdır ki, Yaxın Şərq ölkələrində hərəkət etmək üçün saxta adlarla və ya başqa şəxslərin adına verilmiş pasport və şəxsiyyət sənədlərindən istifadə edirlər.

Gunaz.tv

Bu barədə The National qəzeti cümə günü İraq, Livan və ABŞ-dan olan təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməliyyatçıları saxta və ya qanuni yollarla əldə edilmiş Livan və İraq sənədlərindən istifadə edərək əsl kimliklərini gizlədə biliblər. Rəsmilər belə sənədlərin sayının yüzlərlə ola biləcəyini bildirsələr də, onların dəqiq miqyası məlum deyil.

Nəşrin məlumatına görə, mart ayında İsrailin Beyruta endirdiyi zərbə nəticəsində Livan pasportları ilə oteldə qeydiyyatdan keçmiş bir neçə iranlı rəsminin öldürülməsindən sonra Livan biometrik pasport sisteminə keçidi sürətləndirib. Livanlı təhlükəsizlik rəsmisi The National qəzetinə bildirib ki, yeni sistem sənədlərdən sui-istifadəni çətinləşdirəcək.

İraqda isə İran və “Hizbullah” əməliyyatçılarına, əsasən, 2003–2008-ci illər arasında ölkə daxilində sərbəst hərəkət etmək və silahlı qruplaşmaların təşkilinə kömək göstərmək məqsədilə İraq sənədləri verilib.

SEPAH son üç ildə, xüsusilə də son aylarda “Hizbullah”ın qərar qəbuletmə prosesində təsirini genişləndirib və qruplaşmanın əməliyyatları ilə strateji istiqamətinə nəzarəti qismən ələ keçirib.

Nəşrin məlumatına görə, İran əməliyyatçılarının “Hizbullah”a dəstək göstərmək məqsədilə Livanın, xüsusilə də ölkənin cənub bölgələrində hələ də fəaliyyət göstərdiyi ehtimal olunur.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar