SON XƏBƏRLƏR

Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin nizamnaməsi qəbul edilib

2023.04.28, 19:44
Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin nizamnaməsi qəbul edilib

Gunaz.tv

Bu, Bakıda keçirilmiş “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü”ndə baş tutub.

Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın qiymətləndiricilər təşkilatlarının rəhbərlərinin iştirakı etdiyi görüşdə həmçinin Qazaxıstanın Qiymətləndiricilər Palatası ilə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Analoji müqavilənin Özbəkistan qiymətləndiriciləri ilə də bağlanacağı bildirilir.

Tədbirin sonunda AQC-nin sədri Vüqar Oruc və Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahceci jurnalistlərə açıqlama verib.

V.Oruc belə tədbirlərin türk dövlətlərində qiymətləndirmə fəaliyyətini əlaqələndirmə məqsədi daşıdığını qeyd edib: “Bu gün qəbul edilən sənədlər tarixi əhəmiyyətə malikdir. Növbəti mərhələdə 1-3 iyun tarixlərində Qazaxıstanda birliyimizin təsisi ilə bağlı qərar qəbul edəcəyik.

Bununla Türk Dövlətləri Qiymətləndiricilər Birliyini elan edəcək və bu istiqamətdə rəsmi fəaliyyətə başlayacağıq. Bu günkü zirvə həmin həmin toplantıya hazırlıq məqsədi daşıyır. 

Üzrlü səbəblərə görə bu tədbirə qatılmayan Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistan da Birlikdə təmsil olunmaq barədə məktub ünvanlayıb. Məqsədimiz türk dövlətlərində qiymətləndirmə fəaliyyətinə töhfə verməkdir. 

Bu addımlarla qardaş dövlətlərdəki həmkarlarımızın təcrübələrini öyrənirik, onlarla əməkdaşlıq istiqamətində danışıqlar aparırıq. Azərbaycan qiymətləndiriciləri Türkiyədəki qiymətləndirmə şirkətləri ilə də əməkdaşlıq müqavilələri imzalayıb.

AQC-yə daxil olan şirkətlərə tövsiyə etmişik ki, Türkiyədə və digər türk dövlətlərində olan şirkətlərlə əməkdaşlığa start versinlər, təcrübə mübadiləsi aparsınlar”.

Y.Bahceci isə bundan sonra türk dövlətlərindəki qiymətləndiricilərin əlaqələrinin daha da güclənəcəyini qeyd edib: “Qiymətləndirmə maliyyə və bank sektorunun təməlini formalaşdırır. Ona görə də burda addımların düzgün atılması maliyyə, bank və ticarət sektoru üçün vacibdir. Türkiyənin bu istiqamətdə böyük təcrübəsi var.

Bu təcrübəni qardaş dövlətlərlə də paylaşacağıq. Düşünürəm ki, rəsmi birliyimizin yaradılması bu əlaqələri daha da gücləndirəcək”. (report)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar