Ombudsman Aparatından verilən məlumata görə, növbəti başçəkmə çərçivəsində 29 iyul 2023-cü il tarixində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyan fərdi qaydada qəbul edilib, müraciəti dinlənilib.
Vaqif Xaçaturyan ilkin tutulma anından ona göstərilən humanist münasibətdən, keyfiyyətli tibbi xidmətdən razılığını bildirib və səhhətində müsbət dəyişikliklər olduğunu deyib. O, bütün bunlara, eyni zamanda, onunla rəftara, saxlanma şəraitinə, ailəsi ilə əlaqə imkanı yaradıldığına görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, həmin şəxsə münasibətdə də heç bir fərq qoyulmadan milli qanunvericiliyə və beynəlxalq sənədlərə uyğun olaraq hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müəyyən edilib. Başçəkmə çərçivəsində Vaqif Xaçaturyan barəsində qəbul edilmiş məlumatlar, video və fotoşəkillər müvafiq beynəlxalq qurumlara da göndərilib.