SON XƏBƏRLƏR

Qabil Hüseynli: Bakının Tehranla yaxınlaşması riskli addımdır

2021.10.20, 07:36
Qabil Hüseynli: Bakının Tehranla yaxınlaşması riskli addımdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan-ABŞ münasibətlərinin getdikcə soyuqlaşdığı, beynəlxalq birliyin isə İrana qarşı yeni sanksiyalara əl atmaq istədiyi bir vaxtda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Tehrana səfər edərək İran rəhbərliyi ilə iki ölkə arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparması birmənalı qarşılanmadı. Qeyd edək ki, hələlik nazirin səfəri və Tehranda müzakirə olunan məsələlərlə bağlı Qərb dairələrinin reaksiyası ortada olmasa da, ekspertlər ABŞ-İran münasibətlərinin kifayət qədər gərgin olduğu bir şəraitdə ABŞ-ın strateji partnyoru olan Azərbaycanın Tehranla əlaqələrin dərinləşməsini nəzərdən keçirməsi Qərbdə birmənalı qarşılana bilməz. Digər tərəfdən isə bəzi ekspertlər rəsmi Vaşinqtonun İranla bağlı Azərbaycandan müəyyən istəklərinin olduğunu da önə çəkərək belə bir vaxtda Azərbaycanın xarici siyasət idarəsinin başçısının İrana səfər etməsinin bir növ ABŞ üçün mesaj olduğunu bildirirlər. Politoloq Qabil Hüseynli isə İrana qarşı beynəlxalq təzyiqlərin artdığı və yeni sanksiyaların tətbiq olunması ərəfəsində rəsmi Bakının Tehranla yaxınlaşmaq istəyini bir qədər riskli addım sayır. "Çünki ola bilsin, bu yaxınlarda İrana qarşı daha sərt sanksiyalar tətbiq edilsin. Azərbaycanın bu sanksiyalara qoşulması və ya ondan özünü kənarda saxlayıb-saxlaya bilməyəcəyi hələlik bəlli deyil. İndi buna şərh vermək də çətindi" deyən politoloq hesab edir ki, rəsmi Bakı Tehranla əlaqələrin dərinləşməsinə yalnız iqtisadi müstəvidə maraqlı ola bilər. Azərbaycanın hazırda öz qazı üçün bazar axtardığını, İranın isə Azərbaycan qazını almağa maraqlı olduğunu bildirən politoloq hesab edir ki, İran Azərbaycana qonşu ölkə olmaqla yanaşı, həm də iki ölkə arasında qazı nəql edə biləcək hazır boru kəməri var. Bu baxımdan da politoloq hazırkı şəraitdə Azərbaycanın İrana qaz satmasının rentabelli ola biləcəyini düşünür. Bununla belə, Qabil Hüseynli rəsmi Bakının qonşu ölkə ilə əlaqələrinin yalnız iqtisadi müstəvidə dərinləşməsinə maraqlı olduğunu düşünür. Onun fikrincə, siyasi baxımdan əlaqələrin dərinləşməsinə hazırkı şəraitdə Azərbaycan o qədər də meyilli görünmür. Qabil Hüseynli rəsmi Bakının Tehranla əlaqələrini genişləndirməsinə Qərb dairələrinin hər hansı narazılıq bildirməsinə əsas görmür. Onun sözlərinə görə, hansı dövlətlə münasibətlər qurmaq və onu genişləndirmək işi Azərbaycanın öz suveren hüququdu. "Azərbaycan müstəqil dövlətdir. Başqa dövlətlərlə əlaqələrini də kiminsə istəyinə uyğun yox, öz maraq və istəklərinə uyğun qurur. Bu, Azərbaycanın öz suveren hüququdu. Ona görə də kənardan hansısa ölkə İranla münasibətlərin qurulması və yaxınlaşdırılması məsələsinə müdaxilə edə bilməz. Sadəcə, burada riskli tərəf İrana beynəlxalq sanksiyalarla üzləşməsi məsələsidir". Qabil Hüseynlinin fikrincə, Azərbaycanla əlaqələrin genişləndirilməsinə rəsmi Tehran da maraq göstərir ki, bu da başadüşüləndir. "İran bu gün izolyasiyada olduğundan Azərbaycanla əlaqələri genişləndirməklə bu vəziyyətdən çıxmağa çalışır. Azərbaycan İranı düşdüyü vəziyyətdən çıxarmaq üçün ən yaxşı yoldur".sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar