SON XƏBƏRLƏR

Seymur Həsənli: Biz Türkiyə səfirliyinin xoşuna gəlmək üçün nurçu-fətullahçı qüvvələrin üzərindən sükutla keçmirik (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Seymur Həsənli: Biz Türkiyə səfirliyinin xoşuna gəlmək üçün nurçu-fətullahçı qüvvələrin üzərindən sükutla keçmirik (MÜSAHİBƏ)

Gunaz.tv
Bu gün müstəqil Azərbaycanda güclü gənclər təbəqəsinin yarandığı ortadır. Xüsusi ilə son illər savadlı və intellektual dünya görüşə malik gənclərimiz dünyanın müxtəlif elm ocaqlarında təhsil alırlar və uğurlara imza atırlar. Onlar təşkilatlanırlar və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çıxarılmasında mühum rol oynayırlar. Belə gənclərdən biridə Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının başqanı, “Yeni Nəfəs+” qəzetinin təsiscisi Seymur Həsənlidir. Seymur bəyin GÜNAZ.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini tədqim edirik. - Seymur bəy xöş gördüK Sizi! İlk öncə Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının başqanı seçilməniz münasibəti ilə sizi təbrik edirəm. Özünüz haqqında oxucularımıza bilgi vermənizi istərdik. - Təşəkkür edirəm Elnur bəy. Düşünürəm ki, bu hələ davamızda növbəti mərhələnin başlanğıcıdır. Yəni təşkilatlar, qəzetlər bu yolda vasitədir. O ki, qaldı özümə Bakı Dövlət Universitetinin məzunuyam. Hələ tələbəliyin ilk kursunda Yeni Nəfəs Gənclər Hərakatının qurucusu və üç il müddətində rəhbəri olmuşam. Milli sahədə müəyyən qədər fəaliyyəti olan şəxslər həmin təşkilatın gücündən və həyata keçirdiyi işlərdən xəbərdardır. Daha sonra virtual aləmdə fəaliyyəti genişləndirərək, www.yeninefes.org saytını ərsəyə gətirdik. Tələbəliyin son ilində isə “Yeni Nəfəs+” qəzetini nəşr etdirməyə başladıq. Daha doğrusu qəzetin xüsusi buraxılışını çıxardıb dövlət qeydiyyatından keçirdərək hərbi xidmətə yollandım. Bu bir il müddət ərzində gənclər qəzetin yalnız dörd sayını nəşr etdirə bildilər. Çünki həmin qəzet tələbələrin 40 qəpiyi hesabına ərsəyə gəlirdi. - Təsiscisi olduğunuz “Yeni Nəfəs+”qəzetinin əsas prioritet xətti nədən ibarətdir? - Ülkücülərin priotet xətti hər kəsə məlum. Əsas məqsəd millətimizə, dövlətimizə, vətənimizə xidmət etməkdir. Bunu dildə deyil, əməldə həyata keçirməkdir. Millət və dövlət mənafeyi bizim üçün hər şeydən öndədir. Qəzetimizin də əsas qayəsi buna xidmət edir. Azərbaycanı bütövləşdirməyə, Türk dövlətlərini birləşdirməyə, milli kimliyin dərkinə xidmət edir. Gəncliyin bu ideallar uğrunda mücadiləyə qoşulmasına, düşməninə qarşı daim savaşda olmasına xidmət edir. Müharibə əhvalının yüksəldilməsinə, bu yolda öz gücünə və dövlətinə inanmasına xidmət edir. Biz qəzetdə bəzəilərindən fərqli olaraq hər şeyi açıq deyirik. Türkiyə səfirliyinin xoşuna gəlmək üçün nurçu-fətullahçı qüvvələrin üzərindən sükutla keçmirik. Deyirik ki, bu qüvvələr Azərbaycan dövlətçiliyi üçün təhlükədir. Ona görə də onları da, PKK-ya xidmət edənləri də, vəhhabi adlanan qruplaşmları da, Avropanın milli mənafeyini ölkəmizə gətirmək istəyən kosmopolit düşüncəli şəxsləri də açıq tənqid edirik. Qəzet nə qədər yaşayacaq bir o qədər də Azərbaycan türklüyünün və dövlətçiliyinin mənafeyinə zidd olan nə varsa hamısına qarşı hücumda olacaq. Ona görə nə qədər yaşayacaq dedim ki, biz bu qəzeti öz gücümüzə ayda iki dəfə nəşr etdiririk. Heç kim bizə dəstək vermir. Dəstək vermək üçün də bu yola çıxmadıq. Qəzeti həftəlik etmək üçün çox təkliflər gəldi. Amma filankəslərə toxunmayın dedilər. Amma qəbul etmədik, etmirik və etməyəcəyik də. Millət və dövlət mənafeyimizə zidd olan nə və kim varsa, hamısı ilə nəinki qəzet, küçə davası ilə də mübarizə aparmağa hazırıq. - Başqanı olduğunuz Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının fəaliyyəti, proqramı haqqında bilgi verərdiniz? - Öncə dediyim kimi təşkilatlar bu yolda vasitə. Hal-hazırda başqanı olduğum Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının fəaliyyət proqramı hazırdır. Elə Bakı Strateji Araşdırmalar Mərkəzində yayımlanıb bu proqram. Bəzi açıqlanması lazım olmayan fəaliyyətlər də var ki, onların gərək nəticəsini cəmiyyət görsün. Çünki Azərbaycanda çox təəssüf olsun ki, bir qrup özünü millətçi adlandıran şərəfsizlər ordusu var. Azərbaycanın dövlət mənafeyini ETTALAT-a satanlar var. Bir qrup gənc də həmin qüvvələrin təsirinə düşüb. O ki, qaldı rəhbəri olduğum təşkilatın proqramına, bura tədbirlər, elmi dərslər, ingilis dilindən söhbət dərsləri və daha nələr daxildir. Azərbaycanda hələ əvəzi olmayan həmrəylik konserti, Ankarada Qarabağ gecəsi keçirmək fikrindəyik. Mart ayının əvvəlinə Türk Dünyası ilə bağlı olan və Azərbaycanda eynisinə rast gəlinməmiş bir sayt istifadəyə verəcəyik. Xüsusi köynəklər hazırlanmaqdadır. Qalanı da qoy qalsın. Edərik və hər kəs şahidi olar. - Bu gün xaricdə fəaliyyət göstərən gənclər qurumları ilə əlaqələriniz varmı? - DAK Gənclər Təşkilatına qədər də beynəlxalq əlaqələr var idi. Bildiyiniz kimi hərbi xidməti baş vurduqdan sonra İzmir Azərbaycanlıları Kültür Mərkəzinin başqanı Camal bəylə Dünya Azərbaycanlıları Gənclər Birliyi adlı təşkilat yaratdıq. Mən həmin təşkilatın başqanı olaraq Türkiyədə səfərdə oldum. Beynəlxalq əlaqələri genişləndirdim. O ki, qaldı DAK-a, bu təşkilat diaspor təşkilatıdır. Fəaliyyətinin əsası Azərbaycan hüdudlarından kənarda olmalı. Bizim də ən sıx əlaqələrimiz qardaşımız Türkiyə, Özbəkistan, Qazaxıstan, əsarətdə olan torpaqlarımızdan Güney Azərbaycan, Borçalı, Avropa ölkələrindən Almaniya, İngiltərə və demək olar ki, əksərində yaxın dostlarımız var. - Azərbaycanda hamı Sizi mili düşüncəli gənc kimi tanıyır. Bütöv Azərbaycan ideologiyası Sizin üçün nədir? - Bütöv Azərbaycan bizim üçün tarixən pozulmuş haqlarımızın bərpasıdır. Bu gün 60 milyondan yuxarı Azərbaycan türkünün 38 milyonu Güney Azərbaycandadır. Onların nəinki adi insan hüquqları, heç Tanrı tərəfindən insana bəxş olunmuş öz dilində danışmaq hüququ belə yoxdur. Bəziləri Quzeydə mövcud olan dövlətimizi buna görə qınayırlar. Daha anlamır ki, əgər sən bu məsələni burada müzakirə edə, qəzetlərdə yaza, televiziyada danışa bilirsənsə bu elə dövlətin dəstəyidir. Bütöv Azərbaycan məsləsini müstəqil qəzetlər, təşkilatlar, televiziyalar qaldırmalıdırlar. Gun Az TV-nin bəlkə də ən işlək mərkəzlərindən biri Quzey Azərbaycandır. Bu belə də olmalıdır. Çünki bu televizya Azərbaycanın işğalda olan digər bir hisəsinin azadlığa qovuşması üçün mücadilə verir. Bu da dövlətimizin Güney məsələsinə diqqətinin bir göstəricisidir. Həm də Azərbaycan İran kimi bir avtoritar ölkə deyil ki, hər şeyi öz dili ilə desin. İran nə qədər quduzlaşıb ki, rəsmi səviyyədə belə Azərbaycanın bayrağını təhqir edir. Ona görə rəsmi ki, bu onların dövlət radiolarında, saytlarında, televiziyalarında baş verir. Çünki Azərbaycan adının varlığı, yaşaması, güclənməsi Güney Azərbaycanın azadlığına paralel surətdə gedən prosesdir. - Seymur bəy sonda Sizə öz təşəkkürümü bildirirəm suallarımızı cavablandırdığınıza görə və gələcək işlərinizdə uğurlar azru edirəm. - Təşəkkür edirəm Elnur bəy. Mən də sizə mücadilənizdə uğurlar arzu edirəm. Gun Az TV Azərbaycana xidmət edənlərin tribunasıdır. Ona görə xidmət edənlərin dedim ki, Azərbaycanı sevmək çox azdır. Onu bir əcnəbi vətəndaş da sevə bilər. Azərbaycanın millət və dövlət mənafeyinə xidmət etmək lazımdır. Bu sıradan Gun Az TV rəhbərliyini alqışlayıram. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar