SON XƏBƏRLƏR

İran Azərbaycana qarşı "elmi" təxribat aparır

2021.10.20, 07:36
İran Azərbaycana qarşı "elmi" təxribat aparır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "olaylar"-a istinadən yaydığı məlumata görə, İranın Rusiyadakı səfirliyi Moskvada "Azərbaycan və Aranın öyrənilməsi mənbələrinə dair" beynəlxalq konfrans keçirəcək. Məlumata görə, konfransda Azərbaycan və Aranın coğrafi arealı, hər iki regionun dilləri və ləhcələri, xalqın dini (zərdüşt, xristianlıq, islam, şiəlik), Aran xalqları (talışlar, tatlar, ləzgilər, avarlar və s.), əfsanələr, tarixin təhrif olunması, Aranda baş verən hadisələrdə İranın konstitusiya inqilabının əhəmiyyəti, etnoqrafiya və Azərbaycanda yaşayan xalqların mənşəyi, İran-Rusiya müharibələri, Azərbaycan Respublikasının elmi ədəbiyyatında Gülüstan və Türkmənçay müqavilələri, Rusiya-İran müharibələrinin Qafqaz sərkərdələri (Cavad xan Gəncəli, Kərim xan Kəngərli, Hüseyn xan və Həsən xan İrəvanlı) və s. məsələlərə baxılacaq. Rəsmi dili fars dili olan konfransda xaricdən gələn iştirakçılar öz məqalələrini rus və ingilis dillərində təqdim edə biləcəklər. İran səfirliyinin keçirdiyi konfransla bağlı Azərbaycan ictimaiyyəti, ziyalılar narazılıq bildiriblər. Konfransda qoyulmuş mövzuların adları göstərir ki, İranın niyyəti heç də xoş deyil. Əvvəla, konfransın təşkilatçıları Azərbaycanı "Azərbaycan" və "Aran" deyə iki yerə ayırıblar. İran alimlərinin belə iddia edir ki, Azərbaycan tarixən bütöv olmayıb, onun şimalına Aran deyilib. Doğrudur, tarixdə belə bir dövr olub. Azərbaycanın şimalı ərəb mənbələrində Aran, gürcü mənbələrində Rani, erməni mənbələrində Arran adlandırılıb. Amma bu qısa dövr olub. 8-ci əsrdən şimali Azərbaycan ərəb mənbələrinə "yuxarı Azərbaycan" adlanmağa başlayırdı. Bu o deməkdir ki, hələ qədimdən Azərbaycanın cənubu da, şimalı da Azərbaycan adında tanınırdı. İran tərəfi məsələni bu şəkildə qoymaqla mürtəce panfarsizmə xidmət edir. Əsas məqsəd də Azərbaycanın elə qədimdən parçalanmış olduğunu "sübut etməkdir". Hamıya bəlli həqiqətdir ki, Azərbaycan torpaqları 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri ilə Rusiya və o zaman azərbaycanlı Qacarların Tehrandan idarə etdiyi dövlət arasında bağlanmış müqavilə əsasında parçalanıb. 1924-cü ildə in'ilis və rusların yardımı ilə hakimiyyəti ələ keçirmiş fars Pəhləvilər 1936-cı ildə BMT-yə müraciət edərək ölkənin İran adlanmasını xahiş ediblər. Azərbaycanın tarixi sərhədləri hazırda Rusiya Federasiyasının ərazisi sayılan Dərbənd şəhərindən başlamış Kəngər (İran) körfəzinə qədər uzanırdı. Azərbaycan türkləri tarixən bu ərazidə təşəkkül tapıblar. Son illər aparılan araşdırmalar göstərir ki, Azərbaycanın tarixi sərhədləri Sovet dövründə saxtalaşdırıldığı kimi deyil. Sovet dövründə rus şovinizmə bilərəkdən Azərbaycan tarixini təhrif edir, kökümüzü türkdən ayırır, sərhədlərimizi bildiyi kimi cizirdi. Yanlış olaraq belə yazılırdı ki, Azərbaycanın qədim dövlətləri olan Manna, Midiya, Atropatena yalnız Araz çayına qədər cənub torpaqlarında mövcud olub. Azərbayanın şimalı Albaniya adlanıb. Əslində isə Manna, Midiya və Atropatenanın sərhədləri bütün cənublu-şimallı Azərbaycan torpaqlarını, Abxaziyaya qədər Gürcüstanı, Çeçenistana qədər Şimali Qafqaz ərazilərini əhatə edirdi. Yunan mənbələrinin Albaniya adlandırdığı Alpan dövləti isə yalnız Şirvan ərazisində mövcud olmuşdu (Alban mədəniyyətinin yayılma arealı isə geniş idi). Tehranda keçirilən konfransın əsas məqsədi "Azərabycan", "Aran" bölgülərini yenidən diqqət mərkəzinə gətirmək, elmi araşdırmaların yönünü azdırmaqdır. Mövzuların birində yazılan "Rusiya-İran müharibələri" termini də doğru deyil. Yuxarıda qeyd etdik ki, 1803-1813-cü və 1826-1828-ci illərdə Qafqazda gedən müharibələrin iştirakçıları bir tərəfdə Rusiya, o biri tərəfdə isə Azərbaycan türk xanlıqları idi. Gəncədə ruslarla döyüşən İran hakimi deyil, Gəncə xanı Cavad xan idi. Lənkəranda, Bakıda ruslara Azərbaycan türkləri müqavimət göstərmişdi. Cənubu isə Astarabadda möhkəmlənib bütün əraziyə iddia edən türk Qacarlar təmsil edirdi. Qacar dövlətinin komandanı Abbas Mirzə Azərbaycan türkü idi və təmsil etdiyi sülalənin əksər nümayəndələrindən fərqli olaraq Azərbaycanın şimalının kafir ruslar tərəfindən işğal edilməsini istəmirdi. Bu halda müharibənin "Rusiya-İran müharibəsi" adlandırılması elmi səhvdir. İran tərəfinin Azərbaycan yaşayan talışların, avarların, ləzgi və tatların qayğısına qalmaları da boşuna deyil. Konfransda bu etnik azlıqların durumu da müzakirə olunacaq. Yəqin ki, toplantıya əsasən Rusiyada yaşayan bəzi separatçı "alimlər" də dəvət olunacaq. Onların iştirakı ilə keçirilən konfransın istiqamətinin necə olacağı təxminən bəllidir. Yəqin ki, elmi məruzələrdə Albaniya "ləzgi dövləti" elan olunacaq, talışların sayı 2 milyon göstəriləcək, "Şirvanşahların əsasının tatlar tərəfindən qoyulduğu" əsaslandırılacaq. Göründüyü kimi İran tərəfinin məqsədi Azərbaycan Respublikasında milli birliyi pozacaq addımlar atmaq, Azərbaycan tarixini saxtalaşdırmaq və etnik qüvvələri Azərbaycan Respublikasına qarşı qaldırmaqdan ibarətdir. Əsl niyyət isə Cənubi Azərbaycan məsələsini gündəmdən çıxarmaq, Azərbaycanın xalqının mənən bütövləşmə sürəcini ləngitməkdir.Elman Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar