SON XƏBƏRLƏR

Türkiyədə PKK-nın siyasi qanadı DTP qapatıldı

2021.10.20, 07:36
Türkiyədə PKK-nın siyasi qanadı DTP qapatıldı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin Konstitusiya Məhkəməsi dünən PKK terror təşkilatının siyasi qanadının - kürdlərin Demokratik Toplum Partiyasının (DTP) köklü şəkildə qapadılması barədə qərar verdi. CNN TÜRK telekanalının xəbərinə görə, qərarı açıqlayan Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç bildirib ki, qərar "Rəsmi Qəzet"də yayınlandıqdan sonra DTP sədri və Mardin millət vəkili Əhməd Türkün və Diyarbəkir millət vəkili Aysel Tuğlukun millət vəkillik səlahiyyətlərinə son veriləcək. Adı çəkilən şəxslər də daxil olmaqla, partiyanın 37 üzvünün siyası fəaliyyətinə 5 illik qadağa qoyulub. Türkiyə mediası bildirir ki, qərarın qəbul olunmasına Konstitusiya Məhkəmənin (KM) 11 nəfərlik hakimləri yekdilliklə səs veriblər. KM-in qərarında bildirilir ki, "fəaliyyəti ilə yanaşı terror təşkilatı ilə olan əlaqələri də dəyərləndirildikdə dövlətin bütövlüyü və millətin bölünməzliyi əleyhinə fəaliyyətin mərkəzi halına gəlməsi səbəbi ilə DTP-nin təməlindən qapadılması"na səsbirliyi ilə qərar verilib. Qeyd edək ki, Türkiyə Cümhuriyyəti Baş Prokurorluğu 16 noyabr 2007-ci ildə kürdləri təmsil etdiyi iddiasında olan, terrorçu PKK-ya simpatiyasını gizlətməyən DTP-nin "dövlətin bütövlüyü və millətin bölünməzliyi əleyhinə fəaliyyətin mərkəzi" halına gəldiyi səbəbindən köklü olaraq bağlanması iddiası ilə məhkəməyə müraciət etmişdi. İddiada DTP-nin bağlanması ilə yanaşı, partiyanın 221 üzvünün (partiya sədri Əhməd Türk və bir sıra millət vəkilləri də daxil olmaqla) siyasi fəaliyyətinə yasaq qoyulması da tələb olunurdu. Konstitusiya Məhkəməsi iddia üzrə məhkəmə baxışına dekabrın 8-də başlamışdı. 1963-cü ildə yaradılan Konstitusiya Məhkəməsinin qərarıyla indiyədək 24 partiya qapadılmışdı. DTP 25-ci oldu. Daha 2 partiya Konstitusiya Məhkəməsi yaranmazdan əvvəl - 1954-cü ildə (Millət Partiyası) və 1960-cı ildə (Demokrat Partiyası) bağlanmışdı. 1980-ci il sentyabrın 12-də baş verən hərbi çevriliş zamanı bütün partiyaların fəaliyyəti yasaqlanmışdı. 1983-cü ildə partiyaların fəaliyyətinə icazə verilmiş, ancaq ondan sonrakı dövrdə 18 partiya bağlanmışdı. Əhməd Türkün Konstitusiya Məhkəməsinin qərarına ilk reaksiyası belə olub":Məhkəmənin qərarını gördük. Türkiyə çox həssas və ağrılı bir mərhələdən keçir. Belə bir vaxtda demokratiyanın önünün qapanması ümidsizliyi dərinləşdirir. Türkiyə birdir, bölünməzdir. Partiya bağlamaqla problemlər çözülməz. Bunun üçün məntiq və dialoq lazımdır. Bu qərar ümidsizliyi dərinləşdirir. Amma inanırıq ki, sonunda sülh və demokratiya zəfər çalacaq". Bağlınmış DTP lideri partiyanın rəsmi mövqeyinin bu gün açıqlanacağını bildirib. Gizli deyil ki, DTP-nin kursunu PKK müəyyənləşdirir. Yəni Ə.Türk hələ Qəndil dağında oturanlarla məsləhətləşməli, terrorbaşı Abdulla Öcalanın yatdığı İmralıdan xəbər gələcəyini gözləməlidir. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı isə DTP-nin bağlanması ilə bağlı bunu deyib: "Məhkəmənin qərarını hər kəs hörmətlə qarşılamalıdır". Hakim Ədalət və İnkişaf Partiyası (AKP) da Konstitusiya məhkəməsinin qərarına ilk reaksiyasını açıqlayıb. AKP yetkilisi Mustafa Elitaş partiyaların bağlanmasına qarşı olduqlarını, "amma Məhkəmənin qərarına hörmətlə yanaşdıqlarını" bəyan edib. *** DTP-nin PKK ilə əlaqəsi, Qəndil dağından idarə edilməsi kimsəyə sirr deyildi. Bu baxımdan kürdlərin bu partiyasının bağlanması sürpriz olmadı. Hüquqi dövlət üçün terrorçularla bağlı partiyanı qapatmaq normal sayılsın gərək. AKP hökuməti demokratik və kürd açılımına başladıqdan sonra hədəf Öcalanı və PKK-nı oyundankənar vəziyyətə salmaq idi. Lakin DTP kürdlərin deyil, Qəndil dağındakı terror təşkilatının iradəsi ilə oturub-dururdu, bu prosesdə demək olar ki, rolu yoxdu və ya rol almaq istəmirdi. Zira PKK bunda maraqlı deyildi. Prosesi pozmaq üçün həmişəki kimi bəhanələrə əl ataraq durumu gərginləşdirməyə çalışdılar. Guya ki, Öcalanın İmralıdakı kamerası darmış. Türkiyə şəhərlərində uşaqları irəli verməklə aksiyalar keçirdilər. Və dekabrın 7-də - Ərdoğanın Vaşinqtonda Obama ilə görüşü ərəfəsində PKK xaincəsinə pusqu quraraq Tokatda 7 mehmədciyi şəhid etdi. Artıq sözdə atəşkəs pozulmuş, "kürd açılımı" ciddi yara almışdı. DTP isə özündə bu terroru, onu üzərinə açıq şəkildə götürən PKK-nı pisləməyə cəsarət tapmadı. Bu fonda Türkiyənin Anayasa Məhkəməsinə də siyasəti bir kənara ataraq, yalnız hüquqdan çıxış etməyə haqq qazandırdı. İndi nə olacaq? Aydın məsələdir ki, partiya qapatmaq problemin həlli yolu deyil, üstəlik demokratik sistem üçün itkidir. Digər tərəfdən, Türkiyə təcrübəsində qapanmış partiyanın başqa adla yenidən zühur etməsi ənənəsi var. Yəni partiyanın qapanışı ilə onun təmsil etdiyi siyasi cərəyan ortadan qalxmır. Bu başqa məsələdir ki, DTP öz tövrü, mövqeyi ilə bu qapanışa yüz dəfələrlə layiq idi. "Reuters" agentliyi DTP-nin qapanışı xəbərini dünən dünyaya belə yayıb":Qapatma qərarı uzun illərdir sürən PKK problemini sonuclandırmaq üçün göstərilən səyləri baltaya bilər. Ekspertlər məhkəmənin verdiyi qərarı ölkədəki siyasi gərginliyi artıracağını və maliyyə birjaları təkrar açıldıqda bir həssasiyyat yarada biləcəyini bildirirlər". Heç şübhəsiz ki, keçmiş DTP üzvləri və onların yandaşları özlərinə məzlum görkəm verib dünyaya Türkiyə əleyhinə bağıracaqlar. Yaranmış durumda "demokratik açılım"ı davam etdirmək üçün AKP-nin "B" planı varmı? Ərdoğanın hökuməti üçün DTP və onun nisbətən yumşaq lideri Ə.Türklə işləmək bəlkə elə də problemli deyildi. İndisə ortalıqda "qarşı tərəf" də qalmadı. Oturub gözləmək də olmaz ki, PKK daha hansı "siyasi qolu"nu yaradacaq. DTP-nin qapanışı ilə AKP-nin "kürd açılımı" fiaskoya uğramış kimi görünür. Ən azı bu sürəcin, prosesin hansı istiqamət alacağı bəlli deyil. Yaranmış situasiyada Ərdoğan hökumətinin olduqca həssas, diqqətli addımlar atması, müxalifət partiyaları ilə "atışma"ya son qoyması lazımdır. DTP iki millət vəkilini itirsə də, TBMM-də nümayəndələri qalıb. Onların tövründən də çox şey açılı olacaq. Ola bilsin ki, kürd əsilli siyasətçilər bütün körpüləri yandırmağa cəsarət etməyəcəklər. Heç şübhəsiz ki, Avropa Birliyindən DTP-nin qapanışı ilə bağlı Ankaranın ünvanına sərt iradlar gələcək. Əslində, kürdlərin "etnik partiyası"nın qapadılması Venesiya meyarlarına (dövlət düzəninə, demokratik sistemə təhlükə, irqçilik və s. baxımından ) zidd deyil. Avropada da siyasi partiyaların qapadılmasına rast gəlmək olur. Məsələn, İspaniyada baskların silahlı ETA təşkilatının siyasi qanadı olan Batasuna partiyası 2003-cü ildə bağlananda Avropada heç kim etiraz etməmiş, Avropa İnsan Haqları Məhkəməsi isə İspaniya məhkəməsinin qərarını dəstəkləmişdi. Amma Türkiyə İspaniya deyil, Avropa yenə ciftə standartlarla hərəkət edəcək. Türkiyə-Avropa Birliyi Parlament Komissiyasının həmsədri Helen Flautre qapatma qərarından üzüldüyünü və "kürd açılımı" üçün sabotaj olduğunu bildirib. AB yetkilisi DTP-ni bütün hüququ yollara əl atmağa və Avropa Məhkəməsinə getməyə çağırıb. Beləliklə, Türkiyə həmişəki kimi uzun incə bir yoldadır... express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar