SON XƏBƏRLƏR

Haşimi Rəfsəncaninin evladları ETTELAATın hədəfində

2021.10.20, 07:36
Haşimi Rəfsəncaninin evladları ETTELAATın hədəfində

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, İranın kəşfiyyat (ETTELAAT) naziri Heydər Moslehi Qumda bir qrup ruhani qarşısında çıxış edərək Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, Üləmalar Məclisinin rəhbəri Haşimi Rəfsəncaninin övladlarına qarşı tədbir görəcəklərini bildirib. Heydər Moslehi son aylarda ölkədə cərəyan edən olayları xarici düşmənlərin fitnəsi ilə əlaqələndirdiyini deyib: “Bu olaylar islam və inqilab düşmənlərinin ortaya atdıqları bir fitnə idi”. ETTELAAT naziri H.Moslehi dolayı yolla Rəfsəncaninin dini rəhbərə arxa çevirdiyini deyib: “Təəssüflər ki, ölkənin bu həssas şəraitində dini rəhbərin yanında olmalarını gözlədiyimiz bəzi adamlar islam hakimiyyəti ilə müxalifləri arasında vasitəçilik etməyə çalışır, öz çıxışlarında son fitnə başçılarının yaydıqları bəyanatlarındakı sözləri təkrar edirlər. Bu isə düşmənlərin bizə qarşı yumşaq müharibəsinin özəlliklərindəndir”. Ruhanilərdən birinin “Haşimi Rəfsəncaninin uşaqlarına qarşı tədbir görülməməyinin səbəbi nədir” sualını cavablandıran H.Moslehi deyib: “Biz bu barədə bir sıra ciddi işlərə başlamışıq. Onlarla bağlı tədbir görəcəyik. Lakin indiki şəraitdə bəzi inqilab düşmənlərini tutmaqla onları qəhrəmana və mifə çevirmək istəmirik”. Dekabrın 6-da Məşhədə səfər edən Haşimi Rəfsəncani tələbələr qarşısında çıxışı zamanı ölkədəki son hadisələrə toxunmuşdu: “Son aylardakı hadisələr zamanı “Sepah” və “Bəsic” qüvvələri xalqla üz-üzə qoyuldu və bu, düzgün addım deyildi. İnqilabı qələbəyə çatdıran elə bu xalqdır. Müharibə illərində də xalqın içindən könüllülər müharibəyə gedirdilər. Bizim inqilab islama, “Quran”a əsaslanırdı. Lakin bəzi mühafizəkarlar bu kimi söhbətləri qəbul etmir, xalqın səsinin yalnız formal xarakter daşıdığına inanır və ona əhəmiyyət vermirlər. Halbuki meyar xalqın səsidir. İran xalqı inanılmış müsəlmanlardır. Əgər onlar bizim hakimiyyətdə qalmağımızı istəsələr, qalacağıq, yox, istəməsələr, onda getməliyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar