SON XƏBƏRLƏR

Qüdrət Həsənquliyev: yaranmış vəziyyətdən yeganə çıxış yolu Rusiya ilə açıq danışıqlardır (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Qüdrət Həsənquliyev: yaranmış vəziyyətdən yeganə çıxış yolu Rusiya ilə açıq danışıqlardır (MÜSAHİBƏ)

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı APA-ya verdiyi müsahibəni təqdim edir. “Qarabağ münaqişəsinin arxasında duran qüvvə kimi Rusiyanın müəyyən maraqlarını nəzərə ala bilərik” - Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulması ilə bağlı təklifiniz bir sıra dairələrdə etirazla qarşılanıb. Bu barədə nə deyə bilərsiniz? - Azərbaycan 20 ilə yaxındır işğal altında olan torpaqlarını azad edə bilmir. Biz bilirik ki, Ermənistan torpaqlarımızı Rusiyanın dəstəyi ilə işğal edib. Ona görə də danışıqları Ermənistanla yox, Rusiya ilə aparmaq lazımdır. Rusiya Azərbaycanın təkliflərini qəbul edərsə, Qarabağ probleminin ədalətli, beynəlxalq hüquqa uyğun həllini dəstəkləyərsə, yaxın müttəfiqi olan Ermənistanı da buna sövq edərsə, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu təmin edərsə, o zaman Rusiyanın da Azərbaycanda maraqları nəzərə alına bilər. İstər enerji daşıyıcılarının ixracı məsələsində, istərsə də Azərbaycanda Rusiya hərbi bazasının yaradılması, sərhədlərin birgə qorunması və Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması məsələləri ilə bağlı müvafiq addımlar ata bilərik. Amma bunu məqsədyönlü şəkildə belə qələmə verirlər ki, guya bu addımlar Avropaya inteqrasiyadan imtina etmək demək olar. Qətiyyən belə deyil. Qazaxıstan KTMT-yə daxil olmaqla nə itirib və yaxud Azərbaycan kənarda qalmaqla nə qazanıb? Qazaxıstan gələn il ATƏT-in sədri olacaq, Türkiyə ilə də münasibətləri Azərbaycandan daha yaxşıdır. Qazaxıstan və Rusiyanın özü Avropa ilə sıx əməkdaşlıq edir. Bundan başqa, Azərbaycanın İranla problemi var, Xəzər dənizində də ərazi bütövlüyünü bərpa edə bilmir. İran imkan vermir ki, Azərbaycan öz ərazilərindəki yataqlardan istifadə etsin. Bu məsələdə də Rusiya Azərbaycana dəstək ola bilər. Bəs Qərb Azərbaycana nə təklif edir? Qərb hətta Azərbaycanla qanı, canı bir olan Türkiyəni məcbur edir ki, Ermənistanla hər cür əlaqələr qursun. Müharibənin gedişində Türkiyəni məcbur etdilər ki, Ermənistana taxıl versin, hava məkanını açsın. Azərbaycana təklif edirlər ki, referenduma qədər Dağlıq Qarabağa xüsusi status verilsin. Ona görə də Azərbaycan öz siyasətində çevik olmalı, Rusiya qarşısında bu təkliflərlə çıxış etməlidir. Rusiyanın bu təklifləri qəbul edəcəyindən əmin deyiləm. Əgər Rusiya bizim şərtləri qəbul edərsə, o zaman dövlətlərarası strateji müttəfiqlik haqqında sənəd imzalana bilər. Qəbul olunmasa, Azərbaycan Neft Fondunda toplanmış vəsaitin hamısını ordunun ən müasir silahlarla təmin olunmasına sərf etməli, peşəkar ordu yaratmalı, hətta Rusiya-Ermənistan ittifaqında qarşı getməkdən belə çəkinmədən torpaqlarını azad etməlidir. Çünki hər keçən gün Dağlıq Qarabağı Azərbaycandan uzaqlaşdırır. - Həm vaxtilə sizin təmsil olunduğunuz hakimiyyət, həm də hazırkı iqtidar hər zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağın əleyhinə çıxış edib. Belə olan halda bu təklif haradan qaynaqlandı? - Bu təklifi irəli sürməyimin səbəbi problemin 20 il müddətində həll olunmamasıdır. Qərb Dağlıq Qarabağın müstəqilliyinə yol açan təkliflərlə çıxış edir. Ona görə də bildirirəm ki, əgər Rusiya bizim təkliflərimizi qəbul etsə, o zaman biz də Rusiyanın qarşısında güzəştə getməliyik. Bu, daha faydalıdır, nəinki Qərbin qarşısında güzəştlərə gedib Qarabağı itirmək. Artıq SSRİ-nin bərpası təhlükəsi yoxdur. Mən arzu edirəm ki, Azərbaycan tərəfindən bu təklif irəli sürülsün və Rusiya da bunu qəbul etsin. Digər tərəfdən, Azərbaycan hazırda Rusiya-Ermənistan ittifaqı ilə vuruşmağa hazır deyil. Ona görə də istəyirəm ki, qeyd etdiyim təkliflər gündəmə gətirilsin. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü olaraq da Avropaya inteqrasiya kursunu davam etdirə bilər. Biz bu gün Ermənistana güzəşt etməyə, Dağlıq Qarabağa ən yüksək muxtariyyət verməyə hazır olduğumuzu bildiririk. Mən deyirəm ki, Rusiyaya da güzəştə gedək. Yəni torpaqları Ermənistan Rusiya ilə birgə işğal etdiyindən Rusiya ilə də danışıqlar aparaq. Biz Ermənistanla danışıqlar aparıb onları razı salsaq belə, Rusiya istəməsə, yenə münaqişə həll olunmayacaq. Ona görə də Rusiya ilə də danışıqlar aparmaq lazımdır. Diplomatiyada bir qədər çevik olmalıyıq. - Siz həmişə Türkiyəmeylli siyasətçi kimi tanınmısınız. Birdən-birə Rusiyameylli çıxışınız və təklifiniz nəyə xidmət edir? - Mən yenə də Türkiyəyə yaxın mövqedəyəm. Bir daha qeyd edirəm ki, Qazaxıstanın Türkiyə ilə münasibətləri Azərbaycanın Türkiyə ilə münasibətlərindən aşağı səviyyədə deyil. Biz burada Bakını işğaldan azad edən Nuru Paşaya abidə qoya bilmirik, amma Qazaxıstanda Atatürkə Türkiyədəkindən də böyük abidə ucaldılıb. Nəyə görə belə düşünülür ki, guya biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olanda Türkiyə ilə münasibətlərimiz pozulacaq? Mənim təklifim Rusiyameylli olmaq deyil, mövcud şəraitdə Rusiyanın maraqlarını təmin etməkdir. Siyasət mövcud olanı əldə etmək imkanıdır. Bu gün qardaş Türkiyəni bizimlə qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalamağa belə qoymurlar. Ona görə də mən deyirəm ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu Rusiya ilə açıq danışıqlardır. Mən görsəm ki, torpaqların hərbi yolla azad olunması yolu seçilib, bunu tam dəstəkləyərəm. Amma hökumət sülh yolunu tutub. Ona görə də mən təklif edirəm ki, sülh yolu seçilirsə, Rusiyanı Ermənistanın arxasından çəkmək lazımdır. - Bu təklifinizə dəstək verən varmı? - Cəmiyyətdə çoxlu sayda sağlam düşüncəli insanlar var ki, onlar yaranmış vəziyyətdə bunu ən rasional təklif kimi qiymətləndirirlər. Təklifi dəstəkləyənlərin biri Pənah Hüseyn olub, amma indi deyir ki, bu, antimilli mövqedir. Fazil Mustafa, Arzu Səmədov və mən bir yerdə əyləşmişdik, bu fikirlərimi onlarla bölüşəndə Arzu Səmədov əleyhinə çıxdı, amma Pənah Hüseyn müdafiə etdi. Bu məsələdə söhbət Pənah Hüseyndən getmir. O, çox bəyanatlar verə bilər. Vaxtilə deyirdi ki, Azərbaycan xalqının 95 faizi istəməsə də biz hakimiyyətdə qalacağıq. Amma Surət Hüseynovun 75 banditi o hakimiyyəti istəməyəndə birinci istefa verib qaçan Pənah Hüseyn oldu. - Azərbaycanda Rusiyameylli qüvvələr var və onlar həmişə məqam gözləyiblər. Bu təklifiniz onların fəallaşmasına təkan verməzmi? - Mən bunu deyə bilmərəm. Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir. Amma hazırda əsas vəzifəmiz torpaqlarımızı qoruyub saxlamaq olmalıdır. Ona görə də biz böyük qonşumuz və Qarabağ münaqişəsinin arxasında duran qüvvə kimi Rusiyanın müəyyən maraqlarını nəzərə ala bilərik. Mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaqla müstəqilliyimizə təhlükə görmürəm. Bu gün belə bir təhlükə yoxdur. Hesab edirəm ki, bu blokun daxilində Azərbaycanda demokratik proseslər daha sürətlə inkişaf edə bilər və bu blokun çərçivəsində biz Qərbə daha yaxından inteqrasiya ola bilərik, nəinki təklikdə.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar