SON XƏBƏRLƏR

Ermənistan getdikcə lazımsız ölkəyə çevrilir

2021.10.20, 07:36
Ermənistan getdikcə lazımsız ölkəyə çevrilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı Ermənistan tərəfindən qısqanclıqla qarşılanır. Dünyanın iri dövlətlərinin diqqətindən kənarda qalan İrəvan, regionun ən lazımsız fiquru imicindən yaxa qurtarmağa çalışır. Rusiyanın Azərbaycanı strateji tərəfdaş kimi qəbul etməsi Ermənistanın bütün ümidlərini puça çıxarıb. Hakimiyyətin himayəsində olan kütləvi informasiya vasitələri bir neçə gündür ki, Moskvanın əleyhinə kampaniyaya başlayıb. Bir-birinin ardınca dərc olunan yazılarda Rusiyanın Azərbaycanla əlaqələrinin sıxlaşması İrəvana qarşı böyük zərbə kimi qiymətləndirilir. Ən böyük himayədarını itirmək Sürix protokollarının imzalanmasından sonra regionda mövqeyinin möhkəmlənəcəyinə ümid edən Ermənistan üçün gözlənilməz olub. «Türkiyə ilə münasibətlərin normallaşması prosesində irəliləyiş yoxdur. Bu məsələdə heç kim Ankaraya təzyiq etmək istəmir. Digər tərəfdən, Rusiya gözlənilməz mövqe nümayiş etdirməyə başlayıb. Sanki başlıca məqsəd ermənistanı regionda təkləməkdir» - deyən siyasi ekspert Qevork Qəribyan baş verən son hadisələri İrəvana qarşı əvvəlcədən hazırlanan planın tərkib hissəsi hesab edir. Ekspert etiraf edir ki, İrəvan - Moskva münasibətlərinin soyuqlaşması Ermənistanı regionun ən lazımsız fiquruna çevirə bilər. «Bu yaxınlaşma Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin dəstəklənəcəyindən xəbər verir. Bu isə Ermənistan üçün ciddi təhlükədir»-deyən siyasətşünas indiki məqamda ölkəsi üçün yeganə çıxış yolunu Birləşmiş Ştatlarla əlaqələri sıxlaşdırmaqda görür. «Düzdür, Dağlıq Qarabağ münaqişəsinin həllində Vaşinqtonun mövqeyi İrəvanı qane etmir. Vaşinqton hətta protokolların ratifikasiyasında Ankaraya təzyiq göstərməkdə belə acizdir. Amma Rusiyanın bu satqın siyasətinə ən tutarlı cavab Birləşmiş Ştatlarla əlaqə qurmaqdır». Qəribyan özünü inandırmağa çalışır ki, Ağ Evlə münasibətlərin normallaşmasını asanlıqla həzm edə bilməyən Kreml Ermənistanı itirməmək üçün səyləri artıra bilər». Qəribyanın bu utopik fərziyyələrini şərh edən ekspertlər isə Birləşmiş Ştatların Ermənistanla əməkdaşlıqda maraqlı olmadığına əmindirlər. Onların fikrincə, istər Rusiya, istərsə də Birləşmiş Ştatlar hazırda yalnız Azərbaycanla strateji müttəfiqliyi qoruyub saxlamaq niyyətindədir. Regionun ən zəif ölkəsilə əməkdaşlıq nəinki iri dövlətlərin, heç kiçik ölkələrin də marağında deyil. Bu isə onu göstərir ki, erməni analitklərinin də etiraf etdiyi kimi, işğalçı Ermənistanın regionda təklənəcəyi labüddür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar