Tarix, dil və mədəniyyət birliyi
2021.10.20, 07:36
TürkPA-nın ilk sessiyası başa çatdı Qurumun daimi mənzil-qərargahı Bakıda yerləşəcək Dünən Bakıda, Milli Məclisin binasında Türk Ölkələrinin Parlament Assambleyasının sammiti keçirilib. Sammitə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament sədrlərinin başçılıq etdiyi nümayəndə heyətləri qatılıb. Sammitin gündəliyinə dörd məsələ daxil olub; Türkdilli Ölkələrin Parlament Assambleyasının nizamnaməsinin qəbulu, assambleya katibliyinin əsasnaməsinin qəbulu, baş katib və müavinlərinin seçilməsi, yekun sənədin - Bakı bəyannaməsinin qəbulu. İclasda assambleyanın nizamnaməsi, katibliyin əsasnaməsi təsdiqlənib, baş katib və müavinləri seçilib, yekunda Bakı bəyannaməsi qəbul edilib. Birinci plenar iclası açan Milli Məclisin sədri Oqtay Əsədov TürkPA-nın yaradılmasının uğurlu addım olduğunu bildirib: "Belə bir qurumun yaradılması türkdilli ölkələrin əlaqələrinin gücləndirilməsinə təkan verəcək, regionda sülhə və sabitliyə kömək olacaq". Qazaxıstanın Parlament Məclisinin sədri Oral Muxamedjanov TürkPA-nın Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı kimi güclü quruma çevrilməsini arzulayıb: "İstərdik ki, təşkilatın vasitəsilə ölkələr arasında iqtisadi əlaqələr artsın, qanunvericilik bazaları yaxınlaşsın, parlamentlərarası əlaqələr genişlənsin". Qırğızıstan Respublikası Jogorku Keneşinin (Milli Məclis) sədri Aytibay Taqayev isə TürkPA-nın nümunəvi təşkilata çevrilməsini arzulayıb. O, qurumun türkdilli ölkələr arasında qarşılıqlı ticarət əlaqələrinin genişlənməsinə, investisiya qoyuluşlarının artmasına, xalqların inkişafına təsir edəcəyinə inandığını deyib. Onun fikrincə, TürkPA-da təmsil olunan dövlətlər arasında sazişlər də imzalanmalı, bir sıra məsələlərdə birlik nümayiş etdirilməli, regional əməkdaşlıq olmalıdır. Aytibay Taqayev TürkPA-nın genişlənməsinin vacibliyini də vurğulayıb. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahin də çıxışında qurumun genişlənməsinin vacib olduğunu deyib. O, TürkPA-da təmsil olunan ölkələrin ortaq dəyərlərinin olduğunu deyib. TBMM başqanı 17 il əvvəl türk ölkələrinin rəhbərlərinin zirvə görüşünün keçirildiyini xatırladaq deyib ki, o zaman bu baş verməsəydi, bugünkü toplantı da olmazdı: "Hazırkı ölkə başçıları bu ideyaya dəstək verməsəydilər, iclas baş tutmazdı". Mehmet Əli Şahin Türkmənistan və Özbəkistanın da bu quruma qoşulacağına inamını ifadə edib: "İnanırıq ki, buna nail olacağıq. Tək əldən səs çıxmaz. İndi bizim 4 əlimiz var. Bu gün tarixi bir addım atırıq". TBMM sədri onu da bildirib ki, TürkPA-nın ikinci plenar iclası gələn ilin oktyabrında Qazaxıstanın Astana şəhərində keçiriləcək. TürkPA-nın ilk iclası rus dilində aparılıb. Qazaxıstan parlamentinin sədri bildirib ki, ilk iclasda rus dili Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında ünsiyyəti asanlaşdırmaq üçün seçilib. Nöbvəti iclaslarda hər ölkənin öz dili iclasın rəsmi dili olacaq və başqa dillərə tərcümə ediləcək. Qeyd edək ki, qəbul olunan əsasnaməyə görə, baş katib ölkələr üzrə əlifba sırasıyla müəyyənləşməlidir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Ramil Həsənov TürPA-nın baş katibi seçilib. O, 4 il quruma rəhbərlik edəcək. Baş katibin digər üç ölkədən olan müavinləri də müəyyənləşib. Onlar Türkiyədən Gürşüd Məlik, Qırğıstandan Ataxanov, Qazaxıstandan Səmədəliyevdir. Toplantıda qurumun Katibliyinin Əsasnaməsi də təsdiqlənib. Əsasnaməyə görə, TürkPA Katibliyinin daimi mənzil-qərargahı Bakıda yerləşəcək. İclasda nümayəndə heyətlərinin səsvermə proseduru qaydaları da müəyyənləşib. Bu qaydalara görə, hər nümayəndə heyətinin bir səsi olacaq. Hər nümayəndə heyəti 6 nəfərdən (parlament sədrindən və beş deputatdan) ibarət olmalıdır. TürkPA-nın baş katibliyi Bakıda yerləşəcək. Katibliyin büdcəsi 15 paydan ibarətdir. Gəlirinə görə 8 payı Türkiyə, 4 payı Qazaxıstan, 2 payı Azərbaycan, 1 payı Qırğızıstan ödəyəcək. TürkPA-nın katibliyinin 300 min avroluq illik büdcəsinin hara xərclənəcəyi də açıqlanıb. Vəsaitin 153.144 avrosu (170.160 manat) maaşlara ayrılıb. Assambleyanın baş katibinin aylıq maaşı 3250, onun iki müavininin maaşları isə 3000 manatdır. Maliyyə, arxiv və dəftərxana məsələləri üzrə katib ayda 700, köməkçi katib 500 manat maaş alacaq. Katibliyin məzuniyyət xərcləri isə 8760 manatdır. Katibliyin ümumi xərcləri 126.000 avro (140.000 manat) təşkil edəcək. Bura ofis xərcləri (ildə 12.000 manat), ezamiyyət xərcləri (ildə 48.000 manat), dəftərxana xərcləri (2400 manat), nəşr xərcləri (2400 manat), nəqliyyat xərcləri (6000 manat), avtomobil xərcləri (2400 manat), ofis texniki avadanlıqlarına texniki xidmət (1800 manat), sürücü maaşı (ildə 3000 manat), baş katib müavinlərinin ev kirayəsi (bir nəfər üçün ayda 1000 manat, illik ümumilikdə 36.000 manat), əməkdaşların və ailə üzvlərinin tibbi sığortası (20.000 manat), nəzərdə tutulmayan xərclər (6.000 manat) daxildir. TürkPA-nın katibliyinə xüsusi avtomobil də alınacaq. Bunun üçün büdcədə 21.000 avro (25.200 manat) nəzərdə tutulub. Qurumun baş katibi seçilən Ramil Həsənov jurnalistlərə deyib ki, assambleyanın üç komissiyası fəaliyyət göstərəcək. Baş katibin sözlərinə görə, komissiyalardan biri təhsil, elm, mədəniyyət, dil, ikincisi parlamentlərarası qanunvericiliyin tənzimlənməsi, beynəlxalq əlaqələr, sonuncusu isə iqtisadi, ticarət sahələrində əməkdaşlığı həyata keçirəcək. Ramil Həsənov bildirib ki, Bakıda yerləşəcək katibliyin ofisinin yeri də məlumdur: "Katiblik 2010-cu ilin yanvarında öz funksiyalarını həyata keçirməyə başlayacaq. Həmin dövrə qədər təşkilati məsələləri həll edəcəyik. Baş katibin üç müavini də Bakıda fəaliyyət göstərəcək. Onlar bura gəldikdən sonra katibliyin strukrur kimi fəaliyyətə başlaması nəzərdə tutulub". Assambleyanın yaradılmasıyla bağlı fikirlərini öyrəndiyimiz ölkə siyasiləri bunu tarixi addım kimi qiymətləndiriblər. BAXCP Ali Məclisinin sədri Mikayıl Rəhimli deyib ki, türkdilli dövlətlərin yaxınlaşması, tarixi ənənələrin müasir formada davam etdirilməsi tədqirəlayiq haldır: "Biz hesab edirik ki, türkdilli dövlətlər arasında əlaqələr daha sıx olmalıdır. Xüsusilə parlamentlər arası əlaqələrin gücləndirilməsi, Türk Parlament Assambleyasının yaradılması müsbət addımdır. Ümid edirik ki, Bakıdakı toplantı da türkdilli dövlətlər arasındakı münasibətlərə müsbət dividentlər gətirəcək. Nə qədər ki, türk xalqları arasında münasibətlər istənilən səviyyədə inkişaf etməyib, bundan onlar, ancaq ziyan görəcək, əziyyət çəkəcək. Birgə fəaliyyət isə, ancaq xeyir gətirəcək. Yüksək səviyyəli əməkdaşlıq olacaqsa, bu, türk dövlətlərinin dünya birliyindəki yerinə və mövqeyinə də müsbət təsir göstərəcək. Arzu edirik ki, əlaqələr daha sıx olsun. Assambleyanın işinə qatılan millət vəkillərinin sayı artsın. Parlament Assambelyasının müvafiq komitələri, komissiyaları, əlaqələri, əməkdaşlığı genişləndirəcək işçi qrupları yaradılsın". BAXCP Ali Məclisinin sədri türk ölkələrinin dövlət başçılarının Naxçıvanda keçiriləcək zirvə toplantısını da əhəmiyyətli sayır: "1992-ci ildən bəri üçüncü dəfədir ki, belə bir zirvə toplantısı keçiriləcək. Bu dəfəki toplantının Naxçıvanda düzənlənməsini alqışlayırıq. Hesab edirik ki, zirvə toplantısının keçirilməsi də türk xalqlarının birliyində önəmli addım olacaq". Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Türk Parlament Assambleyası ideyasının gerçəkləşməsini müsbət addım kimi qiymətləndirir. Onun sözlərinə görə, bu addımın daha öncədən atılması vacib idi: "Doğrudur toplantıya qatılmayan türkdilli dövlətlər də oldu. Ancaq ümid etmək istərdim ki, gələcək toplantılarda bu problem də öz həllini tapacaq". Azərbaycan Demokrat Partiyası sədrinin müavini Həsrət Rüstəmov türk dövlətlərinin müxtəlif formalı əməkdaşlığını əhəmiyyətli sayır: "Bizim partiyanın dəfələrlə bu istiqamətdə müxtəlif təklif və ideyaları olub. Biz belə hesab edirik ki, Azərbaycan türkdilli dövlətlərin real inteqrasiya prosesində nəinki iştirakçı olmalı, əksinə, həlledici rola iddia etməlidir. Bu gün həmin proses baş verir. Təbii ki, sammitin Bakıda baş tutmasını da əhəmiyyətli addım kimi dəyərləndiririk. Azərbaycan digər türkdilli dövlətlərlə olan etnik, dini yaxınlığını nəzərə alaraq onlarla münasibətlərini, əlaqələrini ən yüksək səviyyədə qurmalıdır. Bildiyiniz kimi Türkmənistan və Qazaxıstan bizim Xəzərdə əməkdaşlıq qurduğumuz dövlətlərdir, Türkiyə ilə siyasi, iqtisadi sahədə çox ciddi əməkdaşlıq edirik. Düşünürəm ki, bu əməkdaşlığın inikişafını gücləndirmək lazımdır. Türk Parlament Assambleyası ideyasının gerçəkləşdirilməsi əməkdaşlığın daha da inkişafına stimul verəcək". TürkPA-nın Bakı bəyannaməsi Azərbaycan Respublikası Milli Məclisinin, Qazaxıstan Respublikası Parlament Məclisinin, Qırğız Respublikası Joqorku Keneşinin, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətlərinin iştirakı ilə 2009-cu il sentyabrın 29-da Bakı şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası keçirilib. Türkdilli Ölkələrin Parlament Assambleyası, - Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması haqqında 2008-ci il noyabrın 21-də İstanbul şəhərində imzalanmış sazişin müasir dünyanın yeni çağırışları qarşısında xalqlarımızın qüvvələrini birləşdirmək yolunda atılan uğurlu tarixi addım olduğunu qeyd edərək, - Türkdilli Ölkələrin Parlament Assambleyasının üzvü olan parlamentlərin öz ölkələrinin həyatında demokratik inkişafın vacib təzahürü kimi önəmli rol oynadığına əsaslanaraq, parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsini və tarix, dil və mədəniyyətin ümumiliyini vurğulayaraq, - Türkdilli Ölkələrin Parlament Assambleyasının müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin pozulmazlığı, hüquq bərabərliyi, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət bəslənilməsi, zor işlətməkdən və zor işlədiləcəyi ilə hədələməkdən, iqtisadi və hər hansı digər təzyiq metodlarından imtina əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi, təbii ehtiyatlardan tam və səmərəli istifadə yolu ilə xalqların rifahının yüksəldilməsi, milli iqtisadiyyatların dinamik inkişafı işinə dəyərli töhfələr verməsini arzulayaraq, bəyanlayır: 1. Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində əməkdaşlıq dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələri dərinləşdirməyin, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın mühüm bir vasitəsidir. 2. Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyəti tarix, dil və mədəniyyətin ümumiliyinin verdiyi imkanlardan dost və qardaş xalqlarımızın inkişafı naminə istifadə etmək niyyətinə əsaslanır. 3. Türkdilli Ölkələrin Parlament Assambleyası bizim ölkələr arasında qarşılıqlı surətdə faydalı və bərabərhüquqlu əməkdaşlığa yeni təkan verəcək. 4. Türkdilli Ölkələrin Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərməyə çalışacaq, regional və qlobal təhlükəsizliyi qorumaq məqsədilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi üçün əlverişli siyasi meydan açacaq.Ağa Cəfərli