SON XƏBƏRLƏR

Nizami Cəfərov: "Türkiyə bu addımı atmaqla əslində Azərbaycana olan öz yolunu bağlaya bilər"

2021.10.20, 07:36
Nizami Cəfərov: "Türkiyə bu addımı atmaqla əslində Azərbaycana olan öz yolunu bağlaya bilər"

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahinin Bakıya səfəri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolların TBMM-dən keçməyəcəyinə dair vədinin üstündən ötməmiş baş nazir Rəcəb Tayyib Ərdoğanın oktyabrın 10-da iki ölkə arasında protokolların imzalanacağına dair açıqlama yayıldı. Onu da qeyd edək ki, Türkiyə hökumətinin başçısı protokolların imzalanması üçün hazırlıq işlərinin davam etdirildiyini bildirib. Baş verənlərlə bağlı ən anlaşılmaz və çaşqın vəziyyət Azərbaycanda yaranıb. Türk Dövlətləri Parlament Assambleyasının Bakı toplantısına ev sahibliyi edən Azərbaycan hökuməti bir neçə gündən sonra Naxçıvanda keçiriləcək türkdilli dövlət başçılarının zirvə sammitinə hazırlıqları davam etdirsə də, Türkiyə rəhbərliyinin Ermənistanla əlaqələrin qurulmasına dair ziddiyyətli mövqelərdən çıxış etməsi Bakını narahat etməyə bilməz. Məsələ burasındadır ki, Ermənistanla əlaqələrin qurulmasına ümumilikdə Cənubi Qafqazdakı problemlərin kompleks həlli kimi yanaşdıqlarını deyən AKP hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğan Ankaradan Bakıya gələn digər rəsmilərindən fərqli olaraq Nyu-Yorkda BMT tribunasında hər şeydən danışsa da, "Azərbaycanın torpaq bütünlüyü olmadan sərhədləri açmarıq"- söyləmədi. Bu da artıq AKP-nin Ermənistan siyasəti ilə ilgili Bakıda müəyyən şübhələr yaradıb. Hətta artıq bu vaxta qədər Türkiyə hökumətinin sərhədləri açacağına heç cür inanmadığını bildirən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, MM-in Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Nizami Cəfərovda da belə şübhələr var. Millət vəkili hələlik şübhələrinin o qədər də böyük olmadığını desə də, AKP rəsmilərinin ziddiyyətli bəyanatlarının bəzən şübhələr üçün əsas yaratdığını da etiraf edib. "Burda hər şey Türkiyənin müstəqil dövlət kimi iradəsindən asılıdır. Baş nazir söz verib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca Ermənistanla sərhədlər açılmayacaq" deyən millət vəkili hesab edir ki, bizim işimiz Türkiyə rəsmilərinin söylədiklərinə inanmaq və yeri gəldikcə də öz etirazlarımızı onların diqqətinə çatdırmaqdı. Nizami Cəfərovun sözlərinə görə, Türkiyədə "erməni açılımı"nın gündəmə gəlməsi və AKP hökumətinin bu istiqamətdə davamlı siyasət yeritməsi Azərbaycanı narahat etməyə bilməz. "Ona görə də bizim verilən vədlərə inanmağımız və öz etirazımızı da bildirməyimiz vacibdi. Çünki Türkiyə bizim strateji mütəffiqimiz və qardaş dövlətdi. Azərbaycanla Türkiyə arasında problem yaranmamalıdı. Yəni biz öz mövqeyimizi sözlə deyirik. Başqa nə edə bilərik ki" deyən millət vəkili TBMM-in başqanı Mehmet Əli Şahinin Bakıya səfəri zamanı da bu məsələnin ciddi müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, TBMM sədri oktyabrın 10-da Ermənistanla Türkiyə arasında protokollar imzalansa belə, bunun TBMM-dən keçməyəcəyini vəd edib. "Onun həm də belə bir fikri oldu ki, DQ münaqişəsi görün neçə illərdir ki, həllini tapmır. Yəni dediyindən belə çıxdı ki, onlar deyir daha bu qədər də gözləmək olmaz. Biz isə onun nəzərinə çatdırdıq ki, onların məsələni bu şəkildə qoymasının özü doğru deyil. Çünki bu neçə illər ərzində Ermənistanı biz blokadaya salmışıq. Ermənistan iqtisadi baxımdan çökməkdədi. Onların da nəzərinə çatdırdıq ki, bir dəfə Ermənistan çökməyə başlayanda İran yolu açıb ermənilərə nəfəs verdi. İndi də bunu Türkiyə etmək istəyir"- deyən millət vəkilinə görə, AKP hökumətinin Cənubi Qafqazda sabitlik yaratmaq siyasəti başadüşüləndi. "Amma bir şey də var ki, Qarabağ problemi həll olmadan burda sabitlik ola bilməz. Yəni Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün ilk növbədə Qarabağın sərhədi açılmalıdı. Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdı". Nizami Cəfərov həmçinin türkiyəli qonaqlara Ermənistan və Türkiyə arasındakı əlaqələr barədə də məlumatlı olduqlarını çatdırdığını deyib. "Bir ölkədə ki yüz minə qədər erməni işləyir. İrəvan-İstanbul təyyarə reysi var. Gürcüstan üzərindən tirlər işləyir. Burada onsuz da sərhədlər açıqdı. Söhbət sadəcə olaraq məsələnin hüquqi tərəflərindən gedir ki, biz də deyirik ki, bu bizim ziyanımıza olan məsələdi" deyən millət vəkili oktyabrın 10-da tərəflər arasında protokollar imzalanarsa və ondan sonra sərhədlərin açılması istiqamətində hər hansı addım atılarsa, bunun Bakı-Ankara münasibətlərində müəyyən dəyişiklik edə biləcəyini istisna etməyib. "Əgər Türkiyə Ermənistana yol açsa, Azərbaycanın da təbii ki, öz adekvat addımları olacaq. Türkiyə bu addımı atmaqla əslində Azərbaycana olan öz yolunu bağlaya bilər. Bizim isə şimala da, cənuba da yolumuz açıqdı. Sadəcə, biz ən yaxın strateji partnyorumuz və qardaş dövlətimizlə münasibətlərimizin pozulmasını istəmirik. Doğrusu, mən inana bilmirəm ki, bu qədər tarixi və təcrübəsi olan Türkiyə dövləti belə bir addım atacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar