SON XƏBƏRLƏR

BMT-də Qəzzani bütün təfərrüatı ilə xatırladan Tayyib Ərdoğan, Qarabağı unutdu

2021.10.20, 07:36
BMT-də Qəzzani bütün təfərrüatı ilə xatırladan Tayyib Ərdoğan, Qarabağı unutdu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin APAya itinadən yaydığı məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 64-cü sessiyasında çıxış edib. APA-nın “CNN Türk”ə istinadən yazır ki R. T. Ərdoğan İsrail-Fələstin problemi üzərində uzun-uzadı dayanmasına baxmayaraq, Azərbaycan torpaqlarının işğalından danışmayıb və Dağlıq Qarabağ münaqişəsi haqqında 1-2 ümumi cümlə deməklə kifayətlənib. O, Türkiyədə Fələstin ixtilafına həssas münasibət olduğunu söyləyərək regional və qlobal sülhə nail olunması baxımından müstəqil Fələstin dövlətinin qurulmasının zəruriliyini vurğulayıb: “Türkiyə hər zaman Fələstin xalqının yanında olub və bundan sonra da olmağa davam edəcək”. Baş nazir İsrailin 2008-ci ilin sonunda Qəzzada keçirdiyi hərbi əməliyyatları da xatırladıb: “İsrailin hücumu qısa müddətdə insanlıq dramına çevrildi. Fosfor bombalarının atılması nəticəsində 1400-ə yaxın insan – uşaq, qadın, qoca həlak oldu, 5 mindən çoxu yaralandı. Qəzzanın infrastrukturu darmadağın edildi, hətta BMT-nin binaları da dağıdıldı. Hörmətli Pan Gi Mun bu dağıntını yerində gördü və etirazını dilə gətirdi. Beynəlxalq ictimaiyyətin Şarm əş-Şeyxdə Qəzzanın yenidən qurulması üçün milyardlarla dollar pul ayrılması üçün razılığa gəlməsindən 6 ay ötüb. Ancaq üzülərək ifadə etməliyəm ki, Qəzzada tragediya hələ davam edir. İnsanlar çadırlarda yaşayır, içməli su tapmır. Bu mənzərə qarşısında biz insani vəzifəmizi yerinə yetirə bilirikmi? BMT və ya Təhlükəsizlik Şurası nə edir? Bu məsələdə çox həssas olmalıyıq. Qəzza üçün verilən vədlər yerinə yetirilməyib və Qəzza taleyin ümidinə buraxılıb. Fələstin problemi sadəcə bir tərəfin tələbləri əsas götürülərək həll edilə bilməz. İsrailin təhlükəsizliyi qədər fələstinlilərin təhlükəsizliyi də önəmlidir. İsrailin sabitlik tələbi qədər Fələstin xalqının azadlıq və sülh tələbi də legitimdir”. R. T. Ərdoğan “qonşularla sıfır problem” strategiyası həyata keçirdiklərini xatırladaraq bu çərçivədə Ermənistanla münasibətlərin düzəldilməsi istiqamətində atılan addımlara toxunub: “Son vaxtlar qonşumuz Ermənistanla əlaqələrimizi normallaşdırmağa yönəlmiş cəhdlərimiz meyvələrinin verməyə başlayıb. Azərbaycanla Ermənistan arasındakı ixtilaf başda olmaqla, Qafqazdakı münaqişələrin bölgə ölkələrinin ərazi bütövlüyünün qorunması əsasında həllinin vaxtı çatıb”. Qeyd edək ki, R. T. Ərdoğan Türkiyə daxilindəki çıxışlarında, müsahibələrində Azərbaycan ərazilərinin işğalına son qoyulmadan Ermənistanla sərhədlərin açılmayacağını dəfələrlə bəyan etsə də, ABŞ-dakı çıxışlarında, ikitərəfli görüşlərində bu şərti bir dəfə də dilə gətirməyib. Çünki Ermənistanla paraflanan protokollarda belə bir şərt yoxdur. R. T. Ərdoğan və ətrafındakı şəxslərin Türkiyədə bu mövqedən çıxış etməsinin yeganə səbəbi Azərbaycan məsələsində həssas olan ölkə ictimaiyyətinin təzyiqindən yayınmaq və onları sakitləşdirməkdir. Onu da əlavə edək ki, Türkiyədəki islamçılar (yaxud islam dinindən siyasi məqsəd üçün yararlananlar) Fələstin məsələsinə hər zaman çox böyük diqqət və həssaslıqla yanaşsalar da, Azərbaycan və türk dünyası ilə bağlı məsələlərə biganədirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar