SON XƏBƏRLƏR

İsrailin hücuma keçmə ehtimalı artır

2021.10.20, 07:36
İsrailin hücuma keçmə ehtimalı artır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İsrail müdafiə nazirinin keçmiş müavini Efraim Sne bəyan edib ki, onun ölkəsinin İrana hərbi zərbə endirmək ehtimalı realdır. Snenin fikrincə, əgər Birləşmiş Ştatlar İrana qarşı kəskin sanksiyaların tətbiqinə nail olmasa, o zaman hərbi variant qaçılmaz olacaq. «Əgər ABŞ sanksiyaların tətbiqinə nail olmasa, İsrail özünü küncə sıxılmış hesab edəcək və onun hərbi yola əl atmaqdan başqa variantı olmayacaq» deyə, keçmiş nazir müavini bildirib. Bu günlərdə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranla nüvə məsələsinə dair danışıqların başlayacağını elan ediblər. Danışıqlardan nəticə hasil olunmasa, İrana qarşı yeni sanksiyalar gündəmə gələ bilər.İrsail parlamentindəki hakim koalisiyanın rəhbəri Zeyev Elkin isə deyib ki, Rusiyanın İrana S-300 raketlərini göndərməsi hərbi variantı tezləşdirəcək. Çünki bu raket sistemləri İranın nüvə məsələsini hərbi yolla həll etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır və ya aradan qaldırır. «Ona görə də İsrail bu sövdələşmənin həyata keçiriləcəyini görsə ləngimədən hərəkətə keçəcək» deyə, Elkin bildirib. Məlumata görə, Elkin baş nazir Benyamin Netanyahunun Rusiyaya bu günlərdə etdiyi məxfi səfər ərəfəsində onunla görüşən yeganə şəxsdir. «Biz indi elə nöqtəyə yaxınlaşırıq ki, İranın nüvə bombası əldə etmək cəhdləri finala yaxınlaşır. Hərəkət etmək üçün cəmi bir neçə ay vaxt qalır» deyə, siyasətçi bildirib. İsrailin müdafiə naziri Ehud Barak isə bu fikirdədir ki, İran atom bombası əldə etsə belə, onun ölkəsini yer üzündən silə bilməz. Çünki İsrail güclü ölkədir və buna imkan verməyəcək. Bu arada Vaşinqtonda yerləşən nüfuzlu İkipartiyalı Siyasət Mərkəzinin işçi heyəti prezident Barak Obamaya İranın atom bombası istehsal etməsinin qarşısını almaq üçün həmin ölkəyə qarşı siyasəti sərtləşdirməyi məsləhət görüb. Yeni açıqlanmış hesabatda 2 sabiq ABŞ senatoru və təqaüddə olan general xəbərdarlıq edir ki, əgər Ameika vaxtında lazımi ölçülər götürməsə İsrail təkbaşına İrana qarşı hərbi əməliyyat keçirə bilər. «Möhlət Bitir» adlı hesabat başlığın sentimentini əks etdirir. Sabiq Demokrat Senator Çarls Robb bunu belə izah edir: «Biz hesab edirik ki, vaxt daralır. Və biz nüvə silahlı İran və ya İsrail hücumunun qarşısını almaq üçün düzgün strategiya müəyyənləşdirməliyik.» Hesabat Rob, Respublikaçı sabiq qanunverici Daniel Kouts və Hərbi hava qüvvələrinin təqaüddə olan generalı Çarls Vald tərəfindən hazırlanıb. Müəlliflər prezident Obamanın İranla diplomatik təmaslar qurmaq səylərini alqışlayır. Lakin onlar israr edir ki, Tehran gələn ilədək azı bir atom bombası istehsal etmək imkanına malik olacaq. Onlar deyir ki, diplomatiya təcili olaraq sərt sanksiyalar və hərbi qüvvəyə söykənməlidir. Konnketukutdan müstəqil Demokrat senator Co Liberman bu fikirlə razılaşır. Onun sözlərinə görə, inandırıcı və aydın şəkildə hərbi qüvvədən istifadə seçimi İran qarşısında qoyulmalıdır. Hesabat ABŞ-ın İranla oktyabrın 1-də ilkin danışıqlara başlamağa hazırlaşdığı vaxta təsadüf edir. BMT-nin beş daimi üzvü və Almaniya İranla təhlükəsizlik və iqtisadiyyat mövzusunda danışıqlar aparacaq. Respublikaçı senator Con Kilin İrana qarşı potensial hərbi hücuma qarşı çıxanlara tövsiyəsi var: «Əgər siz hərbi seçimi nəzərdən keçirmək istəmirsinizsə, onda gəlin bu sonluğun qarşısını almaq üçün nəsə edək». Senator Kil Konqresi İranın bank və enerji sektorunu hədəf alacaq cəld və effektiv sanksiyalar tətbiq etməyə çağırıb. Lakin Kil deyir ki, əgər sanksiyalar növbəti bir neçə ay ərzində nəticə verməsə, onda hərbi əməliyyat masa üzərinə gəlməlidir. General Çarls Vald deyir ki, İran elə güman etməməlidir ki, başı Əfqanıstan və İraqa qarışmış Amerika İranla bağlı heç nə etməyəcək. Onun sözlərinə görə, iranlılar bilməlidirlər ki, Amerikanın kifayət qədər hava zərbələri endirmək imkanları qalır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar