SON XƏBƏRLƏR

Əli Xamneyiyə Universitet müəllimləri tərəfindən açıq məktub yazılıb

2021.10.20, 07:36
Əli Xamneyiyə Universitet müəllimləri tərəfindən açıq məktub yazılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə. Bu ilin iyununda İranda keçirilmiş prezident seçkisində əsas namizədlərdən olmuş Mirhüseyn Musəvi tərəfdarlarına məxsus “Rahesabz” ("Yaşıl yol") saytında verilən məlumata görə, Tehran Universitetinin 27 müəllimi İranın dini rəhbəri ayətullah Əli Xamneyiyə açıq məktub yazıb. Ancaq saytda müəllimlərin adları göstərilməyib. Bildirildiyinə görə, müəllimlər bir həftə əvvəl Tehran cümə namazına rəhbərlik edən Xamneyinin müxaliflərlə davranışda özünü Həzrət Əliyə bənzətməsini tənqid ediblər. “Rahesabz” saytında yerləşdirilən məlumata görə, açıq məktubda deyilir: “Cənab Xamneyi! Siz Həzrət Əliyə bənzəmirsiniz. Müxalifləriniz də İmam Əlinin müxaliflərinə bənzəmir. İmam Əliyə qarşı çıxanlar onun ədalətpərvərliyinə qarşı qılınc çəkmişdilər. Sizin müxalifləriniz isə xalqın seçim hüququna riayət edilməsi və oğurlanmış səslərinin geri qaytarılması tələbi ilə ən sivil və dinc şəkildə etirazlara qalxdılar. Etiraza qalxan vətəndaşların əllərində nə dəyənək vardı, nə də odlu və soyuq silah. Lakin sizin tabeliyinizdə olan qüvvələrin həm dəyənəyi vardı, həm silahı, həm də qəddarlığı. Bəs siz hansı məntiqlə özünüzü Həzrət Əlinin yerinə qoyur, müxaliflərinizi o həzrətin müxaliflərinə bənzədir, müxaliflərinizə güzəştə getdiyinizi iddia edirsiniz? Cənab Xamneyi! Niyə Həzrət Əlinin xalqa üz tutub “Ey xalq, bilin, hakimiyyət yalnız sizə məxsusdur. Özünüz özünüzə seçdiyiniz rəhbərdən başqa heç kəsin sizə hökmranlıq etməyə haqqı yoxdur” deməsini unudubsunuz? Doğrudan da ədalət, sədaqət və məzlumların hüququna riayət əsasında qurulan Həzrət Əli hakimiyyəti ilə saxtakarlıq, qorxu, təhdid və populizmə söykənən hakimiyyət arasında hansı oxşar cəhətləri tapmaq olar? Siz öz müxaliflərinizi əzmək üçün həmişə xarici düşməndən danışır, onları düşmənə qulluqda günahlandırırsınız. Halbuki sizin islam adı altındakı hakimiyyətiniz bu xalq üçün hər hansı xarici düşməndən daha təhlükəlidir. Sizin əmrinizdə olan məmurlar seçki nəticələrinə dinc etirazlara qalxmış günahsız gənc qız və oğlanları dəstə-dəstə həbs edir, zindanlarda onları zorladıqdan sonra yandıraraq qətlə yetirir, meyitlərini gecə yarısında çöllərə atıb gedirlər. Bəsdir. Özünüzü o həzrətə bənzətməyin. İmam Əli heç vaxt heç kəsi özünə tabe olmağa məcbur etməyib, əksinə, həmişə müxaliflərinin də hüquqlarına hörmətlə yanaşılmasını istəyib. Fələstin xalqının məzlumluğundan danışmaq yetər. Öz xalqı ilə amansız rəftar edən hakimiyyət bu xalq üçün hər hansı əcnəbi düşməndən daha təhlükəlidir”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar