SON XƏBƏRLƏR

Türkiyə Səadət Partiyasının lideri, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına sərt reaksiya verdi

2021.10.20, 07:36
Türkiyə Səadət Partiyasının lideri, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına sərt reaksiya verdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla paraflanmış protokollarda nəzərdə tutulan 6 həftəlik daxili siyasi məsləhətləşmələr çərçivəsində müxalifət partiyalarının liderləri ilə görüşlərə başlayıb. Ə. Davudoğlu ilk olaraq parlamentdə təmsil olunmayan Səadət (daha əvvəl “Fəzilət”, “Rifah” adları ilə fəaliyyət göstərib) Partiyasının lideri Numan Qurtulmuşla görüşüb. Görüşdən sonra jurnalistlərə açıqlama verən nazir söhbətin konstruktiv atmosferdə keçdiyini və müxalifətin hökumətdən fərqli mövqe tutmasının təbii olduğunu bildirib. O, N. Qurtulmuşla Qafqazdakı proseslər, Türkiyə-Ermənistan, Türkiyə-Azərbaycan münasibətlərində yaranmış son durum, eləcə də Kipr problemi, İraqla Suriya arasında yaranmış gərginlik, Orta Şərq sülh prosesi və İran məsələsini müzakirə etdiklərini söyləyib. N. Qurtulmuş isə bəyan edib ki, Ermənistan Dağlıq Qarabağdan və işğal edilmiş digər torpaqlardan çəkilməyincə Türkiyənin bu ölkə ilə sərhədləri açması əsla doğru olmaz: “Türkiyə Ermənistan məsələsi ilə bağlı doğru addımlar atmasa, həm Azərbaycanla münasibətlərdə sıxıntılar yaranar, həm də Türkiyənin Qafqazda həyata keçirməyə çalışdığı yeni strategiya çökər. Bu durumda Türkiyə sadəcə Qafqazda deyil, bütün türk cümhuriyyətlərində etibarını itirər, güvənilməz ölkəyə çevrilər”. Ə. Davudoğlu daha sonra ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykalla görüşə yollanıb. O, Demokratik Sol Partiyasının lideri Məsum Türkər, Demokrat Partiyasının lideri Hüsaməddin Cindoruk, Böyük Birlik Partiyasının lideri Yalçın Topçu və Demokratik Toplum Partiyasının lideri Əhməd Türklə də görüşəcək. Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı görüş barədə təklifi rədd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar