SON XƏBƏRLƏR

Ermənistanla əlaqələrin qurulması barədə mərhum Türkeşin öngörüsü

2021.10.20, 07:36
Ermənistanla əlaqələrin qurulması barədə mərhum Türkeşin öngörüsü

Gunaz.tv
Ermənistandan Azərbaycana qarşı düşmən siyasətindən vaz keçməsini istəməliyik Alparslan Türkeş: "Ermənilər iqtisadi sıxıntı içindədir, bundan qurtulmaq üçün Türkiyə ilə münasibətlərini yumşaltmağa cəhd göstərirlər" Mərhum MHP sədri bu sözləri söyləyəndə "acından ölən" Ermənistan hələ Azərbaycanın 20 faiz torpaqlarını işğal etməmişdi Türkeşin bu fikirləri Ermənistanla əlaqələrin qurulmasının tərəfdarı olanların nə böyük səhvə yol verdiklərini göstərir 16/09/2009 Türkiyədə AKP hökumətinin "erməni açılımı" və "kürd açılımı"nı ortaya çıxardığı bir dövrdə maraqlı bir kitab işıq üzü görüb. Rəsmi sənədlərə və faktlara əsaslanan kitabda hələ 18 il əvvəl türk siyasətçilərinin Ermənistana münasibəti, eləcə də daxili təhlükəsizlik məsələlərinə yanaşmaları ortaya qoyulur. Bu kitab 1992-ci ildə Ermənistan prezidenti Levon Ter- Petrosyanla danışıqlar aparmış MHP sədri Alparslan Türkeşin Azərbaycana verdiyi önəmi, Ermənistana münasibətini, uzaqgörənliyini üzə çıxarır. Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının TBMM-dəki qrupunun katibi Hüseyn Hüsnü Uğur MHP-nin mərhum sədri Alparslan Türkeşin 1960-cı ildən başlayaraq 35 il müddətində Türkiyə Böyük Millət Məclisində qatıldığı iclaslarda qanunvericilik və nəzarət fəaliyyətilə bağlı çıxışlarını kitab halına gətirib. Əgər TBMM Kültür, Sənət və Yayın Kurulunun nəşrlərinə aid olan "Başbuğ Alparslan Türkeşin TBMM-dəki çıxışları, qanun layihələri və təklifləri" adlı kitabını qələmə alan Hüseyn Hüsnü Uğur indi də MHP qrup katibi vəzifəsini yerinə yetirir. MHP-nin məhz indiki şəraitdə Alparslan Türkeşin çıxışlarını üzə çıxarması maraq doğurur. AKP-nin həm "erməni açılımı", həm də "kürd açılımı"nı etirazla qarşılayan MHP rəhbərliyi əslində partiyanın uzun illərdən bəri eyni siyasəti yürütdüyünü vurğulamağa çalışır. Həqiqətən də Alparslan Türkeşin fikirlərini oxuduqda MHP-nin Ermənistana yanaşmasının nə qədər optimal olduğunu, bu partiyanın qardaş Azərbaycanın maraqlarını nə qədər diqqətlə nəzərə aldığını görürsən. Onu da deyək ki, 1974-cü ildə stenoqraf olaraq TBMM-də işə başlayan Uğur TBMM Vəqfinin müdir müavini, Arxiv idarəsinin mütəxəssisi, TBMM baş katibliyinin müşaviri və TBMM sədrinin müşaviri vəzifələrini yerinə yetirib. Belə uzun müddət və nəhəng təəcrübə müəllifə Türkiyənin bu günüylə bağlı kitab ortaya qoymağa kömək edib, az qala yarım əsrin reallıqlarını, siyasi mövqelərini incəliyinə qədər təhlil etməyə imkan yaradıb. Kitab Alparslan Türkeşin Milli Birlik Komitəsi zamanı (27.05.1960-13.11.1960), Millət Məclisi dönəmi (07.11.1965-12.09.1980), Cumhuriyyət Senatı dinləmələri (01.04.1975-13.05.1976), Türkiyə Böyük Millət Məclisi dönəmindəki (06.11.1991-04.12.1995) fəaliyyətini əhatə edir. Hüseyn Hüsnü Uğur kitabla bağlı bildirib: "Başbuğumuzun dərin tarix bilgisi, böyük uzaqgörənliklə etdiyi çıxışları və faaliyyətləriylə verdiyi mücadiləni anladan bu əsər tarixi sənəd olmaqla yanaşı, siyasi həyatımızın son yarım əsrini aydınladan, Türkiyənin və Türk Dünyasının gələcəyinə işıq tutan, eyni zamanda siyasi həyatımızda yol verilən xətaların təkrarlanmaması üçün təcrübə əldə etmək imkanı yaradan dəyərli bir qaynaqdır". Kitabda Alparslan Türkeşin Ermənistanla əlaqələr, daxili təhlükəsizlik məsələləriylə bağlı TBMM-dəki çıxışları da yer alır. Türkeş 12 dekabr 1991-ci ildə parlamentdəki çıxışında "Türkiyə Cümhuriyyəti dövlətinin SSRİ-dəki Türk Cümhuriyyətləri və muxtar bölgələrilə əlaqələri" mövzusunda keçirilən geniş müzakirələr zamanı deyib: "Bildiyiniz kimi Ermənistan cümhuriyyetiylə sərhədik. Amma ermənilər daim Türk düşmənçiliyinə söykənən siyasət yürüdürlər. Türkiyəyə qarşı da daim düşmənçilik siyasəti yeridilib. Amma bizdən daha çox Azərbaycana qarşı düşməncəsinə siyasət yürüdürlər. Xüsusilə, Qarabağ məsələsini müstəmləkəçilərin də ustalıqla qurcalamaları nəticəsində Azərbaycan türkləriylə ermənilər arasında hər gün toqquşmalar meydana gəlir. Bu gün Ermənistanı həm Azərbaycan, həm də Türkiyə dövrələyir və iqtisadi yöndən böyük sıxıntı içindədir. Bu sıxıntıdan qurtulmaq üçün Türkiyə ilə münasibətlərini yumşaltmağa cəhd göstərirlər. İndi bizə siyasi münasibətləri inkişaf etdirməkdən çox "əvvəlcə ticarət və ekonomik münasibətlərimizi inkişaf etdirək, bunun nəticəsində siyasi münasibətlər də inkişaf edər" şəklində təkliflər irəli sürülür. Çünki ermənilər çox sıxıntı içindədirlər. Amma biz Türkiyə Cümhuriyəti olaraq, Azərbaycan Cümhuriyyətiylə quracağımız siyasi münasibətlərimizi planlaşdırarkən Ermənistanın və Gürcüstanın vəziyyətlərini nəzərə almaq məcburiyyətindəyik. Ermənistanın Azərbaycana qarşı da düşmən siyasətindən vaz keçib, dostluq və barış siyasətinə dönməsini istəməliyik. Yalnız belə olduğu təqdirdə Ermənistanı tanımaq xarici siyasətimizdə mənfəətimizə uyğun ola bilər. Mərhum MHP sədri bu sözləri söyləyəndə "acından ölən" Ermənistan hələ Azərbaycanın 20 faiz torpaqlarını işğal etməmişdi. Türkeşin bu fikirləri Ermənistanla iqtisadi əlaqələrin qurulmasının tərəfdarı olanların nə böyük təhlükəyə yaxınlaşdığını göstərir. "Acından ölən" ermənilərin rusların dəstəyilə Azərbaycanın bu qədər torpaqlarını işğal etdiyini nəzərə alsaq, "tox erməninin" nə qədər həyasız olacağını düşünmək belə adamı narahat edir. Elə ona görə də iki yüz ildir ki, Azərbaycana, Türkiyəyə qarşı düşmən siyasəti yeridən bir xalqla, bir dövlətlə ən azı iki yüz heç bir əlaqə qurmamaq lazımdır. Lap torpaqlarımızı hərb və ya sülh yolu ilə qaytarsaq belə, Azərbaycanla Ermənistan arasında ən azı yüz il hər hansı əlaqə olmamalıdır. Bəlkə də bu fikir kimlərəsə də populist görünə bilər. Amma tariximiz bunun reallıq, qaçılmaz perspektiv olduğunu dönə-dönə təsdiqləyir. İmperiyanın mənəvi boyunduruğundan uzaqlaşmaq, düşmənin neçə on illərdir ki, yaydığı viruslardan qurtulmaq üçün ən azı iki yüz il ermənilərlə təmas qurulmamalıdır. Alparslan Türkeş daxili təhlükəsizliyilə bağlı 26 dekabr 1991-cı il tarixli çıxışında deyib: "Türkcəmizdə xalq arasında çox zaman söylənən bir söz var: "Bir insana qırx gün dəli desəniz, dəli olar". Psixologiya elmində də bir sıra qaydalar var. Bir məmləkətin insanlarını əldə etmək istəsəniz, qarışdırmaq istəsəniz, sosial və psixoloji yönünü yaxşı araşdıraraq, analiz edərək, ona görə bir plan həyata keçirməklə, insanları öz qardaşlarından, öz dövlətindən soyuda bilərsiniz. Öz dövlətinə qarşı, öz insanlarına qarşı hərəkətə keçirə bilərsiniz. Bu, bir elmdir, bir sistemdir və bir çox ölkəyə qarşı istifadə olunub. İndi də Türkiyəyə qarşı istifadə olunur. Halbuki, şərqlisi-qərblisiylə məmləkətimizin insanları bir-birinin qardaşlarıdır. Kürdcə danışan qardaşlarımız nə qədər kürdsə, biz də onlar qədər kürdük; biz nə qədər türksək, onlar da bizim qədər türkdür. Millətimizin gücü, devlətimizin ayaqda durması, her şeydən əvvəl, milli birliyimizin sağlam olmasına bağlıdır. Daxi təhlükəsizlik dediyimiz zaman, xarici təhlükəsizlik bundan ayrıla bilməz. Daxili güvenliyi olmayan bir dövlətin xarici təhlükəsizliyi də olmaz. Ona görə, məmləkətimizin xaricə qarşı da güclü ola bilməsi baxımından daxili təhlükəsizliyimizin təmin olunması lazımdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar