SON XƏBƏRLƏR

Ağdamda atəşkəsin pozulması Rusiyadan qaynaqlanır

2021.10.20, 07:36
Ağdamda atəşkəsin pozulması Rusiyadan qaynaqlanır

Gunaz.tv
"Ermənistan hakimiyyəti və Qarabağın separatçı rejimi arasında münasibətlər durmadan gərginləşir" Qarabağ cəbhəsində 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəs rejimi indiyə kimi dəfələrlə pozulsa da, belə hallar geniş hərbi əməliyyatların bərpa olunması ilə nəticələnməmişdi. Amma srağagün ermənilərin növbəti diversiyası vəziyyəti xeyli kəskinləşdirib. Sentyabrın 10-da səhər saatlarında cəbhənin Ağdam istiqamətində hücuma keçən ermənilər ordumuzdan layiqli cavablarını alıblar. Döyüş meydanında 5 ölü, on yaralı buraxan ermənilər burnu ovulmuş şəkildə geri oturublar. Hücumu dəf edən Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri yaralanıb: Quba rayonundan olan əsgər Pərviz Yaqubov hazırda hərbi hospitalda müalicə olunur. Xatırladaq ki, bu insident Qarabağ cəbhəsində son aylarda qeydə alınmış ən böyük toqquşmadır. Atəşkəsin pozulması hallarına müntəzəm rast gəlinsə də, münaqişənin həlli prosesinin sürətləndiyi bir dönəmdə ermənilərin bu miqyasda hücuma keçmək cəhdlərinin səbəbləri çox maraqlı görünür. Məsələni şərh edən politoloqlar bu çərçivədə vurğunu daha çox Qarabağ münaqişəsinin tənzimlənməsini şərtləndirən məlum prinsiplərin üzərinə qoyurlar. Bildirirlər ki, ortadakı şərtlərlə bağlı Ermənistan hakimiyyətilə Qarabağdakı separatçı rejimin rəhbərliyi arasında dərinləşən ziddiyyətlər sonda atəşkəsin rozulmasıyla nəticələnib. Onların fikrincə, bu, Qarabağ separatçılarının rəsmi İrəvanın iradəsinə qarşı çıxmalarının real göstəricisidir. Bununla belə, bu barədə danışan başqa ekspertlər baş verənlərin daha dərin köklərə söykəndiyini vurğulayırlar. Ekspert İldırım Məmmədov atəşkəs rejimi dövründə cəbhənin müəyyən istiqamətlərində qeydə alınan lokal toqquşmaları müxtəlif səbəblərlə əlaqələndirir: "Rejimin qüvvədə olduğu on beş il ərzində atəşkəs dəfələrlə pozulub və bu gün də həmin hallar tez-tez təkrarlanır. Atəşkəs sazişi imzalananda cəbhə xəttinin ayrı-ayrı hissələrində vəziyyət fərqli idi. Bu baxımdan, münaqişə tərəfləri hətta geniş hərbi əməliyyatların davam etmədiyi şəraitdə də öz mövqelərini yaxşılaşdırmağa çalışırlar. Onun da nəticəsində atəşkəs rejiminin pozulması halları baş verir. Eyni zamanda başqa amillərin təsirini də nəzərə almaq lazımdır. Məsələn, mümkündür ki, tərəflərin kəşfiyyat qrupu hərəkət zamanı üz-üzə gəlirlərsə, bu zaman sözsüz ki, onların arasında atışmanın olması qaçılmazdır. Ön mövqelərdə gənc əsgərlərin yerləşdirilməsi də atəşkəsin pozulmasına təsirsiz ötüşmür. Təcrübəsiz əsgərlər xüsusilə, gecə saatlarında düşmənə öz sayıqlığını nümayiş etdirmək üçün əks istiqamətə atəş açırlar. Bu hərəkətlər cavabsız qalmadığından, atəş bəzi hallarda daha böyük ərazilərə yayılır. Dediklərimizdən başqa, atəşin pozulmasının başlıca səbəbi düşmən tərəfi daim təzyiq altında saxlamaqdır". İldırım Məmmədov bu günlərdə cəbhənin Ağdam istiqamətində ermənilərin mövqelərimizə hücum cəhdinin adi aksiya olmadığı qənaətindədir: "Bilirsiniz ki, Cənubi Qafqaz regionu ətrafında çox ciddi proseslər gedir. Baş verənlərin təsnifatını aparsaq, olduqca mürəkkəb məsələlərin neçə yerə şaxələndiyini görərik. Baxın, Azərbaycan-Ermənistan müharibəsi, Gürcüstan və Rusiya arasında gərginlik, Şimali Qafqazın barıt çəlləyinə dönməsi, bir yandan da, İranın destruktiv siyasəti... Bu sadalanan məsələlərin hər biri regiondakı ümumi duruma birbaşa təsir gücündədir. Ona görə də, ortadakı məsələlərə kompleks yanaşmaq məcburiyyətindəyik. Gəlin diqqət edək: ermənilər məhz hansı ərəfədə Ağdam tərəfdən hücuma keçməyə çalışdılar? Qarabağ danışıqlarının müəyyən nöqtəyə yaxınlaşdığı və Türkiyə-Ermənistan danışıqlarının intensivləşdiyi bir vaxtda. Aydın məsələdir ki, istər Türkiyə ilə Ermənistanın yaxınlaşması, istərsə də, Qarabağ münaqişəsinin hər hansı bir formada həlli Rusiyanın, eyni zamanda da, İranın maraqlarına uyğun deyil. Bu iki ölkə Qafqazlarda sabitliyin yaradılmasına və region dövlətlərinin qarşılıqlı anlaşma şəraitində inkişaflarında qətiyyən maraqlı deyil. Rusiya bu gün özünü nə qədər hegemon dövlət kimi göstərməyə çalışsa da, onun məlum iddialarının arxasında tələb olunan səviyyədə güc yoxdur. Yuxarıda göstərilən məsələlərin ardıcıl qaydada öz həllini tapması isə Rusiyanın nəinki Cənubi, hətta Şimali Qafqazı da tərk etmək risqini xeyli artırır. Buna imkan verməməyin də bir yolu qalır: regionda sabitliyi pozmaq. Bu işdə də Rusiyanın həmin istəyini təbii ki, Ermənistandan başqa heç bir dövlət yerinə yetirməz. Ona görə də, Ağdamda baş vermiş toqquşma Qafqazda hazırda davam edən proseslərə Rusiyanın və dolayısı ilə də İranın açıq reaksiyası kimi qəbul oluna bilər. Əsas səbəb budur. Həmin səbəbin daxilində isə bəzi yardımçı faktorlar da var. Onların sırasında ilkin olaraq, Ermənistan rəhbərliyilə Qarabağın separatçı rejimi arasında güclənən fikir ayrılıqlarını göstərmək mümkündür. Amma bütün hallarda qeydə alınan destabilizasiya faktlarının arxasında Rusiya dayanır. Bu proseslərdə Azərbaycanın üzərinə düşən əsas vəzifə Silahlı Qüvvələrin maksimum dərəcədə gücləndirilməsi, onun döyüş qabiliyyətinin artırılmasını təmin etməkdir. Fikrimcə, bu məsələlər ölkənin siyasi-hərbi rəhbərliyinin diqqətindədir".Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar