SON XƏBƏRLƏR

Mübariz Əhmədoğlu: "Tehran aktiv şəkildə Ermənistanı müharibəyə sövq edir"

2021.10.20, 07:36
Mübariz Əhmədoğlu: "Tehran aktiv şəkildə Ermənistanı müharibəyə sövq edir"

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, "Tehranın yüksək səviyyəli hərbçiləri Ermənistana hərbi yardım edərək bizə düşmən olan ölkənin hava hücumundan müdafiə sistemlərini təkmilləşdiriblər". Bu barədə dünən keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, hava hücumu sahəsində Ermənistan və Azərbaycanda eyni sistemin mövcudluğu qarşı tərəfdə qorxu yaradıb. Bu səbəbdən də düşmən ölkənin bütün səylə hava hücumundan müdafiə sistemlərini təkmilləşdirməyə başladığını deyən M.Əhmədoğlu əlavə edib ki, bu işdə Ermənistanın köməyinə İran çatıb. "Lakin Tehranla İrəvanın bu işbirliyinin üstünü iyulun 15-də baş verən təyyarə qəzası açıb. Məlum olub ki, qəzaya uğrayan təyyarədə ikisi erməni olmaqla, 12 nəfərdən ibarət hərbçi qrupu olub. Əgər təyyarə qəzaya uğramasaydı, bu, qrupun Ermənistana üçüncü səfəri olacadı". M.Əhmədoğlunun sözlərinə görə, təyyarədə olan mütəxəssislər İslam İnqilabı Keşikçiləri Ordusunun hava hücumundan müdafiə hissələrində xidmət ediblər. "Bu ordu İranda prezidentə deyil, dini lider, milliyyətcə azərbaycanlı olan Seyid Əli Xomneyiyə tabedir. Həmin hərbçilərin əsas məqsədi də Ermənistanın zenit və radar sisteminin koordinatorlarını dəyişmək və bu sahədə Ermənistanın Rusiyadan asılılığını azaltmaq olub". Politoloq hesab edir ki, İran Ermənistana yardım etməklə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin qarşısını almağa çalışır. Dediyinə görə, İran Rusiyanın, Amerikanın, Fransanın və bütün beynəlxalq ictimaiyyətin əleyhinə getməklə həm Allahın qoyduğu qanunları, həm də beynəlxalq hüquq müstəvisi səviyyəsində riayət olunan qanunları pozur. "İran üçün müqəddəs heç nə yoxdur. Vahid Azərbaycan məsələsi İranın gözünü elə bağlayıb ki, rəsmi Tehran bütün dünyaya, eləcə də xarici siyasətinə bu prizmadan baxır. Heç şübhəsiz ki, bu siyasət də İranı fəlakətə sürükləyir". Əhmədoğlu İranın Azərbaycanda ənənəvi bazasını itirdiyini deməklə yanışı bildirib ki, əvvəllər Azərbaycanda daha çox İranmeyilli ekspert kimi tanınan insanların heç biri bu gün İranı dəstəkləmir. "Hətta Nardaran kəndindəki bəzi dindarlar da İran hakimiyyətinin yalan üstündə qurulan siyasətini dəstəkləmirlər". Bundan əlavə, politoloq İran-Azərbaycan münasibətlərində Amerika və İsrailin heç bir rol oynamadığını da diqqətə çatdırıb. O, ermənilərin adambaşına Amerikadan alınan gəlirə görə yəhudilərdən sonra ikinci yeri tutuqlarını da deyib. "1988-ci ildə Qarabağda münaqişə başlayanda da Amerika ermənilərin yanında olub. Bu gün də Amerika erməniyə istənilən dəstəyi verir. Azərbaycana isə Amerika dəstək vermir və ABŞ-ın ölkəmizlə bağlı xüsusi siyasəti yoxdur. Sadəcə, biz Amerikanın sözü ilə onun müttəfiqlərinə neftimizi satırıq". M.Əhmədoğlu İranın antiazərbaycan münasibətlərinə də toxunaraq deyib ki, İran tərəfi Dağlıq Qarabağı mavi yanacaqla təmin etməklə, hər zaman ermənilərə dəstək olacağını sübut edib. Dediyinə görə, İran nəinki separatçı Dağlıq Qarabağ rejimi ilə, həmçinin Ermənistanla da xüsusi münasibətlər qurur. "İranın özündə neftayırma zavodlarına böyük ehtiyac olduğu halda, rəsmi Tehran Ermənistanda belə bir zavod tikməyə qərar verib. Baxmayaraq ki, Ermənistanda 1 nəfər də olsun neft mütəxəssisi yoxdur. Əslində İran bütün bunları etməklə, Ermənistanı Azərbaycandan güclü dövlətə çevirmək istəyir". Politoloq deyir ki, İran bu hərəkətlərilə Ermənistanın Azərbaycana qarşı müharibəyə başlamasını istəyir. Onun sözlərinə görə, Tehran aktiv şəkildə Ermənistanı müharibəyə sövq edir və bununla İran Azərbaycanı zəiflətmək və regionda söz sahibi olmaq niyyətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar