SON XƏBƏRLƏR

Əbdülkərim Süruş (məşhur din alimi), ayətullah Əli Xamneyiyə məktub yazıb

2021.10.20, 07:36
Əbdülkərim Süruş (məşhur din alimi), ayətullah Əli Xamneyiyə məktub yazıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Hazırda ABŞ-da yaşayan məşhur dinşünas filosof, 1980-ci illərin əvvəlində İranda universitetlərin bağlanması, müxalif düşüncəli müəllim və tələbələrin tədris ocaqlarından qovulmasına gətirən Mədəni İnqilab Şurasının üzvü Əbdülkərim Süruş dini rəhbər ayətullah Əli Xamneyiyə açıq məktub yazıb. Seçki olaylarına toxunaraq islam adı ilə vətəndaşlara qarşı cinayətlər törədildiyini vurğulayan Ə.Süruş Xamneyinin bu hadisələrlə bağlı mütləqiyyətə söykənən birtərəfli mövqe tutduğunu yazıb. “Media forum” saytının məlumatına görə, o, Xamneyinin çıxışlarının birindəki etirafından sevindiyini bildirib: “Son çıxışlarınızın birində seçki olaylarından sonra islam respublikasının dünyada biabır olduğunu etiraf etmişdiniz. Afərin ki, dini istibdadı etiraf edirsiniz. Bir gün gələcək ki, biz dini istibdadın çöküşünü bayram edəcəyik”. Süruş sistemə qarşı intiqam atəşinin alovlanmasından fərəhləndiyini bildirib: “Siz öz abrınızın qorunması üçün Allahın biabır olmasına, xalqın sizin hökmranlığınızdan üz döndərməməsi üçün dinə və peyğəmbərlərə arxa çevirməsinə, rəhbərliyinizə ləkə gəlməmək şərti ilə şəriət və həqiqətin tapdanmasına razı idiniz. Lakin Allah bunu istəmədi. Yanmış ürəklər, tikilmiş dodaqlar, axıdılmış qanlar, kəsilmiş əllər, paklar, möminlər, peyğəmbərlər, məhrumlar, zülmə uğrayanlar və zülmə qarşı mübarizə aparanlar buna imkan vermədi. İndi hər şey dünyaya əyan olub və dünya əhalisi heyrət və qəzəblə yalançı ismət pərdəsinin yırtılmasının şahidi olub. Bilirəm, acı və ağır günlər keçirirsiniz. Səhvə yol veribsiniz, özü də böyük bir səhvə. Xalqı qorxutmaq üçün onların içinə casus göndərməkdən məqsədiniz nədir? Mətbuatı, partiyaları, yazıçıları, tənqidçiləri, müəllimləri və başqalarını rahat buraxın. Bəsdir artıq. Xəyanət və saxtakarlıq azmış kimi qətl və cinayətə əl atdınız. Xəyanət və cinayət azmış kimi məhbusları zorlamağı da ona əlavə etdiniz. Qətl, təcavüz və saxtakarlıq azmış kimi məhbuslara qarşı casusluq ittihamını və namusla bağlı qarayaxmanı da ona əlavə etdiniz. Dərvişlərə, etirazçı ruhanilərə, yazıçılara və tələbələrə də aman vermədiniz. Hamısını qılıncdan keçirdiniz və qırdırıb tökdünüz. Əmrinizlə bu cinayəti törədənləri isə mükafatlandıraraq hamının saqqalına güldünüz. Bir şeyi sizə demək istəyirəm. Bilin, sizin dövrünüz artıq başa çatıb. Bəxt də başında durduğunuz sistemdən üz çevirib. Allah da sizdən üz döndərib. Hər şey hamıya əyandır, sistem bütün dünyada biabır olub. Bir sözlə, tövbə yolu da üzünüzə bağlıdır. Allahın istəyi ilə bütün aləm sizə və sisteminizə qarşı hərəkətə gəlib və yaşıl hərəkat İranı yaşıllaşdırmaq üçün artıq yola düşüb”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar