SON XƏBƏRLƏR

GİZLİ SƏFƏR VƏ İSRAİLİN İRANA QƏFİL ZƏRBƏ HAZIRLIĞI

2021.10.20, 07:36
GİZLİ SƏFƏR VƏ İSRAİLİN İRANA QƏFİL ZƏRBƏ HAZIRLIĞI

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "musavat"a istinadən yaydığı məlumata görə, İsrailin baş naziri, sentyabrın 7-də 14 saat ərzində “yoxa çıxan” Benyamin Netanyahunun Rusiyaya gizli səfər etdiyi haqda informasiya təsdiqlənir. Dünən bu barədə həm İsrail, həm Rusiya mənbələri məlumatlar yayıblar. “Kommersant” qəzetinin yazdığına görə, Kremldəki yüksək səlahiyyətli mənbə İsrail baş nazirinin Moskvada səfərdə olduğunu təsdiqləyib.Qəzetin istinad etdiyi ekspertlərə görə, Netanyahunun bu cür məxfi səfəri İsrailin İrana qəfil zərbə endirmək hazırlığı ilə bağlı ola bilər. Mümkündür ki, Netanyahu bu barədə Rusiya rəhbərliyini məlumatlandıraraq Moskvadan gözlənilməz reaksiyaları neytrallaşdırmaq istəyib. Bundan əvvəl İsrail mətbuatı baş nazirin iyun ayında İsveç sahillərində yoxa çıxan və 3 həftə sonra Afrika sahillərində tapılan, İrana gizli şəkildə raket daşıdığı iddia edilən “Arctik Sea” gəmisi ilə bağlı Moskvaya səfər edə biləcəyini yazmışdı. Lakin Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Nesterenko jurnalistlərə açıqlamasında deyib ki, onun rəhbərlik etdiyi idarədə Netanyahunun Moskvaya gizli səfər etdiyi haqda məlumat yoxdur. İsrail mənbələri isə xəbər verir ki, baş nazir Rusiyaya səfərini gizli saxlamaq üçün baş nazirin xidməti təyyarəsindən yox, yəhudi milyonçu Yossi Maymonun özəl təyyarəsindən istifadə edib. Çünki baş naziri gəzdirən İsrail Hərbi Hava Qüvvələrinin təyyarəsini jurnalistlərdən gizlətmək çətin olardı. İsrail ordusunun radiosu isə xəbər verir ki, baş nazir üçün sifariş verilmiş bu təyyarə həmin gün həqiqətən Təl-Əvivin Ben-Qurion hava limanının köhnə terminalında görünüb. Təyyarənin yanında Netanyahunun mühafizəçiləri olub, radiostansiyanın məlumatına görə, Netanyahu xaricə uçub. Xatırladaq ki, İsrail baş nazirinin ofisi əvvəlcə Netanyahunun “yoxa çıxdığı” haqda heç bir şərh verməyib, daha sonra bildirilib ki, baş nazir “məxfi hərbi obyektdə” olub. Dünən isə İsrail hökumətindəki yüksək səlahiyyətli mənbə Netanyahunun həqiqətən Moskvaya uçduğunu təsdiqləyib, lakin onun Rusiya rəhbərliyindən kiminlə görüşdüyü haqda informasiya verməyib. Əvvəlcə Netanyahunun baş nazir Vladimir Putinlə görüşdüyü haqda xəbər yayılmışdı. Benyamin Netanyahunun keçmiş müşaviri Beni Briksin “Ynet”ə açıqlamasında bildirib ki, əgər İsrailin aparıcı qəzetləri baş nazirin məxfi səfəri haqda bu cür dəqiqliklə yazırsa, deməli, bu faktı baş vermiş hesab etmək olar. İsrailin Moskvadakı səfirliyindən isə Netanyahunun Moskvada olub-olmadığı haqda suala belə cavab veriblər: “Əgər olubsa da bizim xəbərimiz yoxdur”. Beni Briksin bildirir ki, baş nazirin bu cür məxfi səfəri ancaq hansısa esktremal, fors-major situasiya ilə bağlı ola bilərdi. İsrail hökumətindəki mənbə isə deyib: “Bu səfər ancaq İranın nüvə proqramı ilə bağlı hansısa təhlükəli hadisə ilə bağlı ola bilər. İstisna deyil ki, İsrail İrana qarşı qəti addıma keçməyə hazırlaşır və bu barədə Kremli məlumatlandırmağı vacib hesab edir”. Rusiya baş nazirinin mətbuat katibi Dmitri Peskov da deyib ki, Netanyahunun Moskvaya səfəri və Putinlə görüşü haqda onun heç bir informasiyası yoxdur. Onun dediyinə görə, həmin gün baş nazirin iş qrafikində bu cür görüş nəzərdə tutulmamışdı. “Mən həmin gün Putinin başqa işlərlə məşğul olmasının şahidiyəm, hansısa israillinin Moskvaya gəlməsi və baş nazirlə görüşməsi haqda heç bir məlumatım yoxdur”. İsrail mətbuatı baş nazirin 14 saatlıq “itməsi” ilə bağlı daha bir neçə versiya müzakirə edir. Bunlardan biri də Netanyahunun hansısa mühüm danışıqlar üçün ərəb ölkələrindən birinə gedə biləcəyi haqdadır. Lakin ən ciddi versiya onun İranla bağlı Moskvaya səfər etməsidir. Bu gizli səfər İsrailin İrana qəfil zərbə endirmək hazırlığı içərisində olduğu haqda təxminləri gücləndirir. Dünən günün sonunda İsrail baş nazirinin ofisindən aşıqlama yayıldı. Açıqlamaya görə, baş nazirlik Netanyahunun 14 saat ortadan yox olması ilə bağlı həqiqətin gizli tutulduğunu qəbul edir. İsrail hökumətinin yaydığı yazılı açıqlamada ən son olaraq deyilir: “Baş nazir Binyamin Netanyahu, müdafiə sirri olaraq təsnifləndirilən bir fəaliyyətlə məşğul idi. Hərbi attaşesi (General Meir Kalifi) xoş niyyət prinsipi ilə bunu gizlətmə təşəbbüsü göstərdi və ictimai rəyə (doğru olmayan) bir bəyanda bulundu”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar