SON XƏBƏRLƏR

prossesin idarə olduğu yer: ABŞ

2021.10.20, 07:36
prossesin idarə olduğu yer: ABŞ

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "musavat"a istinadən yaydığı məlumata görə, Türkiyə ilə Ermənistan arasında qəfil elan edilmiş anlaşma ABŞ-dan idarə olunur. Bu barədə istər Qərb, istərsə də Türkiyə mətbuatı yazmaqdadır. Britaniyanın nüfuzlu “The Econimist” həftəliyinin yazdığına görə, ötən həftə elan edilən anlaşmada ABŞ administrasiyasının səyləri həlledici olub. Bildirilir ki, bu ilin yazında Türkiyə hökuməti daxildəki etirazlara və Azərbaycanın qarşı çıxmasına görə anlaşmanı təxirə salaraq sərhədlərin açılmasının Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olacağını deyib. “Azərbaycan üzünü Rusiyaya çevirməklə təhdid edərək Türkiyə hökuməti üzərində güclü təzyiq formalaşdırdı. Nəticədə baş nazir Ərdoğan Ermənistanla anlaşmanın ancaq Qarabağ probleminin həllindən asılı olacağını deyərək əvvəlki siyasətə dönməli oldu. Buna baxmayaraq, ABŞ administrasiyası Türkiyə hökumətinin Erməmnistanla münasibətlərin nizamlanması prosesini davam etdirməsi üçün səyləri dayandırmadı”. “The Economist” qeyd edir ki, iki ölkə Xarici İşlər nazirliklərinin birgə bəyanatına baxmayaraq, proses uzana bilər. İndi prosesin nə zaman yekunlaşacağını Türkiyənin özündə də bilmirlər. Çünki anlaşmaya Ermənistanda güclü etirazlar var. Erməni millətçiləri Serj Sərkisyanın “soyqırım” tələblərindən geri çəkilməsini və Türkiyə sərhədlərini rəsmən tanımağı qəbul etməsini xəyanət hesab edirlər. Müxalifət həmçinin Sərkisyanı Qarabağı satmaqda ittiham edir. Türkiyə mənbələri isə xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə ikinci köməkçisi Tina Keydanau Ankarada səfərdə olub və Ermənistanla anlaşma prosesinə dair danışıqlar aparıb. Onun Ermənistanla danışıqları koordinasiya edən XİN müstəşarı Ünal Çeviközlə də görüşdüyü bildirilir. Bu danışıqlar zamanı amerikalı diplomat Ankaranı prosesi davam etdirməyə çağırıb və ölkəsinin Türkiyə-Ermənistan anlaşmasına tam dəstəyini ifadə edib. Türkiyə mətbuatı indi Ermənistanla anlaşmanın gətirə biləcəyi faydaları araşdırır. “Hürriyet” qəzeti yazır ki, Ermənistanla sərhədlərin açılması Türkiyənin Avropa İttifaqına üzv olmasına kömək edəcək. Bildirilir ki, Ankara sərhədləri açmaqla kifayətlənməyib Ermənistanı bütün regional layihələrə cəlb etməyi də nəzərdə tutur. Bunlar əsasən Azərbaycanın sərmayəsi ilə tikilən Bakı-Tiflis-Qars dəmir yol layihəsi, “Nabucco” qaz kəməri layihəsi, Qaradəniz dairəvi yolu, Avropa İttifaqı ilə həyata keçirilən TRASECA VƏ İNOGATE layihələridir. Lakin bütün bu layihələrdə Ermənistanın iştirakı Azərbaycanın razılığı olmadan mümkün ola bilməzdi. Azərbaycan isə ancaq o halda razılıq verə bilər ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılmasını nəzərdə tutan planı qəbul etsin. Ankaradakı diplomatik qaynaqlar bildiriblər ki, Ermənistanın “Nabucco”ya cəlb olunması ehtimalı var. Çünki Gürcüstandakı qeyri-stabil vəziyyət Ermənistanı bu layihə üçün alternativ marşruta çevirə bilər. Ona görə də son vaxtlar Avropa çevrələri kəmərin Ermənistandan keçməsi variantını müzakirə edir. Hesablamalara görə, sərhədlər açılsa Bakı-Tiflis-Qars dəmir yol xəttindən bir qol ayrılaraq Ermənistana birləşdiriləcək, həmçinin Gürcüstanın dəniz limanları ilə Ermənistanı birləşdirəcək yeni yollar salınacaq. Hazırda Türkiyə ilə Ermənistan arasında hava yolu açıqdır, ancaq sərhədlərin açılması ilə qarşılıqlı aviareyslərin müntəzəm xarakter alacağı gözlənilir. Ermənistanda isə ekspertlər anlaşmanın elan edilməsindən cəmi iki gün əvvəl prezident Serj Sərkisyanın BBC-yə müsahibəsini təhlil edirlər. Məsələ ondadır ki, Sərkisyan həmin müsahibədə Türkiyə ilə münasibətlrin qurulması məsələsində işlərin yaxşı getmədiyini, Ankaranın əvvəlki anlaşmalara əməl etmədiyini və bunun nəticəsi olaraq futbol matçı üçün Türkiyəyə səfərinin baş tutmayacağını demişdi. Ancaq iki gün sonra elan edilən anlaşma prosesin əslində ehtimal edildiyindən daha sürətlə getdiyindən xəbər verib. İndi Ermənistanda sual edirlər: Sərkisyanın təzyiqi bu anlaşmanın elan olunmasında hansı rol oynayıb? Doğrudanmı Türkiyə onun futbol matçına gəlməyəcəyini görüb bu anlaşmanı elan etməyə qərar verib? Erməni ekspertlərinə görə, Sərkisyanın təzyiqinin bu məsələdə işə yaradığını demək olmaz. Çox güman ki, söhbət qarşılıqlı olaraq razılaşdırılmış oyundan gedir. Belə ki, Türkiyə tərəfi ciddi təzyiqlərlə üzləşən Sərkisyanın mövqeyini gücləndirmək üçün onunla razılaşdırılmış proses aparıb. Sonda Ermənistanla sərhədlərin açılmasının Qarabağ məsələsindən asılı olmadığı rəsmən məlum olub və Sərkisyan erməni ictimaiyyətini aldatmadığını nümayiş etdirərək mövqeyini gücləndirib. İndi onu sərhədlərin açılması üçün “Qarabağı satmaqda” ittiham edən müxalifətin səsi zəif çıxır. Ancaq hər halda Sərkisyanı xəyanətdə ittiham etmək üçün əsaslar var. Bura Ermənistanın “soyqırım” şərtindən geri çəkilməsi və Qars anlaşmasını tanımaq barədə öhdəlik götürməsi də daxildir. Xəbər verildiyi kimi, anlaşmaya etiraz olaraq Daşnaksütun Partiyası İrəvanda XİN-in binası qarşısında 1000 nəfərə yaxın adamın iştirakıyla mitinq keçirib.Daşnakların nümayəndəsi Vahan Hovhannisyan mitinqdə çıxışında deyib ki, Türkiyə ilə razılaşdırılan protokollarda əsl udan Ankaradır: "Türkiyə əvvəldən Ermənistanla əlaqələrin qurulması üçün üç şərt irəl sürürdü. Həmin şərtlərə görə, soyqırımın tanınması tələblərindən əl çəkilməli, 1920-ci ildə bolşeviklərlə imzalanan sənədlər əsasında ərazi bütövlüyü və sərhədlər tanınmalı, Qarabağ məsələsinin həllində razılaşmaya gedilməlidir. İndi bu razılaşmadan sonra nə baş verir, dünyada Türkiyənin imici bir sülhsevər ölkə kimi yüksəlir, o, BMT Təhlükəsizlik Şurasının üzvü olur, Rusiya ilə əlaqələrini genişləndirir, Suriya-İran danışıqlarına vasitəçilik edir, Avropa Birliyinə qoşulmaq şansı artır. Bəs, Ermənistan? Soyqırımı tanıtma cəhdləri dondurulur. Obama aprelin 24-də çıxışında soyqırım olduğunu demədi. Rusiya getdikcə, Ermənistanın maraqlarına uyğun olmayan siyasətə meyllənir. (Rusiya unudur ki, Türkiyə NATO-nun üzvüdür, onun strateji tərəfdaşı Türkiyə yox, Ermənistandır.) Mən başa düşə bilmirəm ki, bu vəziyyətdə niyə İrəvan öz əleyhinə oyun oynayır." Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan isə deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədləri olan ABŞ, Fransa, Rusiya, eləcə də dünyanın başqa dövlətləri Türkiyənin Ermənistanla sərhədinin açılmasını Qarabağ münaqişəsi ilə əlaqələndirmir. Əgər yalnız Türkiyənin bu istiqamətdə hansısa arzuları varsa, bu, onların öz işləridir.Nalbəndyan bir daha vurğulayıb ki, razılaşdırılan protokolların heç birində Qarabağa hər hansı işarə belə yoxdur. Lakin Ermənistandakı Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Ruben Mehrabyan hesab edir ki, Türkiyə ilə razılaşdırılan protokollar faktiki olaraq Ermənistan diplomatiyasının məğlubiyyətidir. Ekspertin fikrincə, bu sənədlərdə birbaşa Qarabağdan bəhs edilməsə də, onlar həmin problemə də təsir edəcək:"Protokolların icrası alqoritmlə nizamlanır. Prosesin gedişində Ermənistan rəhbərliyini divara dirəyib qəbul etmədiyi “Madrid prinsipləri”nin Krakovda yenilənmiş variantını imzalamağa məcbur edəcəklər. Ankara “futbol diplomatiyası” deyilən prosesdən geri çəkilsəydi, Serj Sərkisyanın da Qarabağ nizamlamasını ləngitməyə formal bir əsası yaranardı. Amma artıq bu kart əldən çıxdı. Manevr imkanları sıfırdır".musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar