SON XƏBƏRLƏR

mədəni inqilaba hazırlıq

2021.10.20, 07:36
mədəni inqilaba hazırlıq

Gunaz.tv
Sosial elmlərin tədrisi ləğv olunacaq Bu günlərdə İranın ali dini lideri, ayətullah Əli Xamneyi bildirib ki, sosial elmlərin öyrənilməsi dini prinsiplərə şübhə və inamsızlıq yaradır. O, hökuməti və Ali Mədəni İnqilab Şurasını məsələni diqqətdə saxlamağa çağırıb. Belə ki, ali dini lider avqustun 30-da professor və "Bəsic" ilə keçirdiyi görüşdə deyib ki, sosial elmlərin bir çoxunun əsasını "materializm, Allaha və islama inamsızlıq fəlsəfəsi" təşkil edir. Eyni zamanda Xamneyi İranda 3 milyon yarım tələbənin təxminən 2 milyonunun sosial elmləri öyrənməsindən narahat olduğunu deyib: "Sosial elmlərlə bağlı neçə iş görülüb, nə qədər islam araşdırması aparılıb? Sosial elmlərlə bağlı neçə nəşr olunmuş kitabımız var? İslam tədrisinə inanan, sosiologiya, psixologiya və ya menecmenti tədris etməyə hazır nə qədər professorumuz var?" Bəzi müşahidəçilər hesab edir ki, Xamneyinin xəbərdarlığı universitet və mədəni institutlara qarşı yeni kampaniyanın başlanğıcına işarə ola bilər. Çünki üç həftədən sonra İran ali məktəblərində dərslər başlamalıdır. İran İslam Respublikası qurulandan 1 il sonra ölkədə "mədəni inqilab" olub. Məqsəd universitetləri Qərbin təsirindən uzaq tutmaq idi. İnqilabın nəticəsində 600-700 professor təmizləndi, universitetlər islamlaşdırıldı. Tədris planına yeni dini fənlər və kitablar daxil oldu. Təhsil icazəsi isə yalnız inqilaba və İslama loyal olan tələbələrə verildi. Təxminən 30 ildən sonra, yəni bu gün yenidən tarixin təkrarlana biləcəyindən narahatlıqlar var. Sosial elmlər İranda mübahisəli prezident seçkilərindən sonra iğtişaşlarda tutulmuş islahatçıların məhkəmə proseslərində də tənqid obyektinə çevrilib. İslahatçılar kütləvi nümayişlər keçirməkdə ittiham olunub. Bir çox müşahidəçilər hesab edir ki, sosial elmlərə yeni yanaşma birbaşa prezident seçkilərindən sonra etiraz aksiyaları ilə əlaqədardır. Tehran Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Qasım Şole Saadi deyib ki, hökumət yeni etirazların qarşısını almaq üçün daha bir "mədəni inqilab"a başlaya bilər. Ancaq bu addım İslam Respublikasında böhranı daha da dərinləşdirəcək: "Biz universitetlərin bağlandığı və heç bir problemin olmadığı inqilabın ilk günlərində deyilik. Universitetlərin bağlanması və tələbələrin etirazı böhran deməkdir". Qasım Şole Saadi əlavə edib ki, açıq fikirli professor və tələbələri sosial elmləri öyrənməkdən çəkindirmək dəyişiklik və sosial islahatlar aparmaq arzusunu azaltmayacaq. Tehran Universitetində ingilis ədəbiyyatı ixtisası üzrə təhsil alan bir tələbə isə vurğulayıb ki, hökumətin sosial elmlərə qarşı narahatçılığının səbəbi aydındır: "Sosial elmlər insanın "gözünü açır" və kitabları oxuduqca İrandakı vəziyyəti daha yaxşı anlayırsan". Tələbə hesab edir ki, hökumət daha çox "itaət" edən, sual verməyən tələbələrin olmasını istəyir. Ümumiyyətlə, "mədəni inqilab"la bağlı narahatlıqlar Mahmud Əhmədinejadın prezidentliyinin ilk dövründən peyda olub. Universitet və tələbələrə qarşı təzyiqlər artıb, çoxları dərslərdən uzaqlaşdırılıb, professorlara istefa etmələri üçün təzyiqlər edilib. Bu yaxınlarda Əhmədinejadın birinci prezidentliyi dövründə təhsil naziri olan Məhəmməd Mehdi Zahidi deyib ki, universitetlərin islamlaşdırılması gündəmdə olub. O bir çox qurumların, o cümlədən İmam Xomeyni Araşdırma İnstitutunun da bu plan üzərində işlədiyini bildirib. İranda belə söz-söhbət də gəzir ki, hökumət etirazların qarşısını almaq üçün akademik tədris ilinin başlanmasını təxirə sala bilər. Çünki İranın ali dini lideri, ayətullah Əli Xamneyi deyib ki, tələbələr nə qədər dindardırlarsa, bir o qədər də aksiyalar barədə az düşünərlər. Ancaq ölkənin islahatçı şəxsləri hesab edir ki, daha bir "mədəni inqilab" ölkəni və dini geriyə, yəni orta əsrlərə götürə bilər.Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar