SON XƏBƏRLƏR

Türkiyənin millət vəkili Atilla Kaya: «KÜRD AÇILIMI» BİR XƏYANƏT LAYİHƏSİDİR

2021.10.20, 07:36
Türkiyənin millət vəkili Atilla Kaya: «KÜRD AÇILIMI» BİR XƏYANƏT LAYİHƏSİDİR

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Türkiyə millət vəkili Atilla Kayanın "musavat"a verdiyi müsahibəni təqdim edir. Türkiyənin millət vəkili Atilla Kaya: «...Buna imkan verməyəcəyik» «Burası Türkiyə Cümhuriyyəti dövləti və türk dövlətidir» «Türkiyənin nə qədər düşməni varsa, bu layihə onların hamısı tərəfindən dəstəklənir» Türkiyə yenə qaynar günlər yaşayır. Hökumətlə müxalifət partiyaları arasında «kürd açılımı» mövzusunda ciddi fikir ayrılıqlarının yaşanması siyasi ehtirasları bir qədər də qızışdırıb. Bundan başqa, müxalifət partiyası olan CHP-nin rəhbəri Dəniz Baykalın srağagün zəfər bayramı tədbirlərində AKP lideri Ərdoğanla isti pıçıldaşması, bunun qarşılığında isə MHP lideri Dövlət Baxçalının iqtidara yönəlik sərt tövrlərini saxlaması Türkiyə mətbuatının əsas müzakirə mövzularındandır. Türkiyə gündəmindəki əsas mövzular ətrafında müzakirə aparmaq üçün MHP sədrinin müavini, millət vəkili Atilla Kaya ilə söhbətləşdik. - Söhbətə Türkiyə gündəmində əsas yerlərdən birini tutan AKP-nin təqdim etdiyi «kürd açılımı» mövzusu ilə başlamaq istərdik. MHP-nin bu məsələdəki mövqeyi necədir? Bu təklifin perspektivini necə görürsünüz? Sizin baxışlarınıza görə, əslində necə olmalıdır? - Türkiyə ictimai rəyinə əvvəllər «kürd açılımı», sonra isə «demokratik açılım» kimi təqdim edilən bir layihə var. Bizim bu məsələdə mövqeyimiz açıq və birmənalıdır. Hər şeydən öncə bu, bir Türkiyə proyekti deyil. Onun ssenarisi, yol xəritəsi və bütün detalları okeanın o tayında hazırlanıb. Ona görə də bu layihə tərkibi etibarilə Türkiyə Cümhuriyyəti dövlətinin türk kimliyini, onun quruluş fəlsəfəsini yenidən şəkilləndirməyə, dəyişdirməyə yönəlib. İlk gündən etibarən bu məsələyə açıq, net və qərarlı şəkildə qarşı olduğumuzu bildirmişik. Türkiyə dövlətinin prinsiplərinin və türk kimliyinin dəyişdirilməsinə heç vaxt icazə verməyəcəyimizi açıq şəkildə ifadə edirik. - Kürd açılımının qəbul ediləcəyi gözləniləndirmi? Bunun hansısa bir faydası ola bilərmi? Və ya əksinə, bu layihə ölkəyə və millətə nə kimi itkilər gətirə bilər? - Kürd açılımının qəbul edilməsi mümkün deyil. Hökumətin də nələri gerçəkləşdirmək istədiyi, nələri təklif etdiyi konkret, dəqiq bir layihə halında ortalıqda yoxdur. Sadəcə, bir sıra qeyri-hökumət təşkilatları, bəzi şəxslər və partiyalarla görüşlər keçirilir. Amma cəmiyyətə çatan bilgilərə, İmralıda yatmaqda olan terror hörgütü rəhbərinin bu məsələ ilə bağlı cəmiyyətə ötürülən mövqeyinə, o terror təşkilatının uzantısı olan Demokratik Toplum Partiyasının mövqeyinə, eləcə də iqtidara mənsub millət vəkillərinin zaman-zaman verdiyi açıqlamalara baxdığımız zaman bu layihənin həqiqətən də bir xəyanət layihəsi olduğu ortaya çıxır. Bu layihəyə görə, türklüyü əsnək (elastik, formasını asanlıqla dəyişə bilən-red.) bir kimlik səviyyəsinə endirmək istəyirlər. Baş nazir danışanda Türkiyədə 36 etnik qrupun olduğunu deyir və türkü bir etnik qrup səviyyəsinə endirir. Bu, həm tarixi gerçəkliklərə, həm də Türkiyənin quruluş fəlsəfəsinə son dərəcə zərərli olan bir durumdur. Burası Türkiyə Cümhuriyyəti dövləti və türk dövlətidir. Konstitusiyamıza görə, bu coğrafiyada yaşayan hər kəs, Türkiyə Cümhuriyyəti dövlətinə vətəndaşlıq bağı ilə bağlı olan hər kəs türk kimi qəbul edilir. Belə baxdığımız zaman bu layihə Türkiyə Cümhuriyyətini təməlindən bölünməyə götürən bir yolun başlanğıcına çevrilir. Ona görə də biz buna demokratik açılım demirik. Onu terror təşkilatının qeyri-sivil yollarla əldə edə bilmədiklərini demokratik açılım adı altında gerçəkləşdirilməyə yönələn bir layihə kimi görür və onun okeanın o tayında, yəni Amerika Birləşmiş Ştatlarında hazırlandığını deyirik. Layihəyə dəstək verənlər isə Quzey İraqdakı kürd dəstəkçiləri və Türkiyədəki bölücülərdir. Türkiyənin nə qədər düşməni varsa, bu layihə onların hamısı tərəfindən dəstəklənir. Bu isə onun orijinal bir layihə olmadığını sübut etmiş olur. - Gündəmdə diqqəti çəkən mövzulardan biri də AKP-CHP münasibətlərindəki yaxınlaşmadır. Zəfər günü tədbirlərində Dəniz Baykalla Ərdoğanın yaxınlaşması buna örnək oldu. Bu yaxınlaşma nədən xəbər verir və siyasətə nə gətirə bilər? - Bu, həmin partiyaların öz işləridir. Onların hansı siyasi tövr alacaqları, münasibətlərinin haralara gedəcəyi ilə bağlı şərh verməyim doğru deyil. Atacaqları hər cür addımın, ortaya qoyacaqları hər bir qərarın hesabını millətə verəcəklər. Mənim müşahidələrimə görə, CHP indiyə qədər sözügedən «kürd açılımı» mövzusunda neqativ mövqe sərgiləməkdədir. Bunun hansısa formada dəyişib-dəyişməyəcəyini isə hamımız birgə yaşayıb görəcəyik. - Amma bununla paralel olaraq AKP-MHP münasibətləri getdikcə gərginləşir. Baykaldan fərqli olaraq dünənki (srağagünkü - S.T.) zəfər bayramı tədbirində sayın Baxçalı protokola yaxınlaşmadı, sərt tövrünü növbəti dəfə nümayiş etdirdi. AKP ilə münasibətlərdə nələr baş verir? - Bu məsələ ilk gündəmə gəldiyi zaman bunu bir dövlət layihəsi kimi təqdim etdilər. Deyildi ki, bu dövləti meydana gətirən bütün qurumlar kollektiv şəkildə bir araya gəlməlidir. Belə bir ictimai rəy formalaşdırmağa çalışdılar. Amma bu «kürd açılımı» qarşısında qərarlı bir şəkildə MHP-nin xaricində, heç bir reaksiya ortaya qoyulmadı. MHP dedi ki, Türk Cümhuriyyətinin kimliyini dəyişdirməyə yönəlik heç bir cəhdə icazə vermərik. Bizim dövlətimizin quruluş fəlsəfəsinin, türk kimliyinin dəyişdirilməsini, onun müzakirəyə çıxarılmasını zatən qəbul etmərik. Xüsusilə bu nöqtədə bizim kimsə ilə müzakirə aparmaq fikrimiz yoxdur. 25 ildir terror təşkilatı ilə mübarizə aparırıq, bu mübarizədə zaman baxımından uğur qazanmış, terror təşkilatı da böyük ölçüdə zəiflədilib. Ancaq bu terror təşkilatının Türkiyənin bölünməsi üçün illərdən bəri fəaliyyət göstərən lobbiləri var ki, bunların sırasında Quzey İraqdakı lobbi, İrəvan lobbisi, Vaşinqton lobbisi xüsusi yer tutur. Bunlar Türkiyəni zəiflətmək üçün hər cür yola baş vururlar. Bütün bu fəaliyyətlərin qarşısındayıq və bunu dəstəkləyən partiyalarla danışıb görüşəcək heç nəyimiz yoxdur. - Yəni bu münasibətlərin soyuqluğu hansı mərhələyə qədər davam edəcək? Hansı şərtlər daxilində bir masa ətrafında oturub müzakirə apara bilərsiniz? - Hansı həddə qədər mümkündürsə, o həddə qədər də davam edəcək. Sayın genel başqan bu məsələdə dedi ki, sonuna qədər öz mövqeyimizdə israrlıyıq. - Bir neçə ay əvvəl AKP-nin Ermənistanla sərhədləri açması mövzusu gündəmi məşğul etmişdi. İndi isə bu məsələdə nisbətən sakitlik görünür, sanki artıq bu mövzu gündəlikdən çıxarılıb. Necə düşünürsünüz, bu müzakirələr müvəqqəti olaraq gündəmdən çıxarılıb, yoxsa ictimaiyyətin təpkisi də nəzərə alınaraq tamamən arxa plana atılıb? - İstər Ermənistanla sərhədlərin açılması, istərsə də «kürd açılımı» kimi mövzular Türkiyədə hər zaman həssaslıqla qarşılanıb. AKP hakimiyyəti başqa ssenarilərin Türkiyədəki tətbiqatçısına çevrilib. Ermənistanla sərhədlərin açılması mövzusu həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinin kəskin etirazına səbəb oldu. Hakimiyyətin strategiyası isə bəlli idi: öncə bununla bağlı bir ictimai rəy yaratmağa çalışır, sonra bir addım atır, bu addımı atdığı zaman isə ictimaiyyətdən gələn təpkilərin səviyyəsinə görə son qərarını verir. Təpkilər çoxdursa, geriyə doğru addım atır, həmin mövzunu bir kənara atıb gözləyir, daha uyğun bir zaman və zəmin tapdığı vaxt onu həyata keçirməyə çalışır. Dolayısı ilə cəmiyyətin açıq etirazını görüb hələlik müvəqqəti bir sakitlik nümayiş etdirir. Çünki onların siyasətinin təməlində səmimiyyətsizlik və ikiüzlülük var. - Sərkisyanın Türkiyəyə gəlişi ilə sərhədlər məsələsi yenidən gündəmə gələ bilərmi? - Bildiyimə görə, Sərkisyanın Türkiyəyə gəlib-gəlməyəcəyi məsələsində konkret bir qərar yoxdur. Sərkisyan bir açıqlamasında sərhədlər açılmadan Türkiyəyə gəlməyəcəyini demişdi. Bizcə də gəlməsinə gərək yoxdur. Amma bu müddət ərzində nələrin baş verəcəyini söyləmək çətindir. - Yəni Sərkisyanın səfərindən dolayı AKP hökuməti sərhədlər məsələsində bir geriləmə nümayiş etdirə bilər? - Yox. Ola bilməz. Çünki bütün cəmiyyətdə bu məsələyə qarşı etirazlar var. Bir tərəfdən «kürd açılımı», o biri tərəfdən digər siyasi gərginliklər varkən bu ərəfədə sərhəd qapılarının açılması mümkün deyil. Sevinc TELMANQIZI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar