SON XƏBƏRLƏR

“GünAzTV”nin RƏHBƏRİ: “DÖVLƏTÇİLİYƏ MÜDAXİLƏ OLANDA AZƏRBAYCANI MÜDAFİƏ ELƏMƏYİ ÖZÜMÜZƏ BORC BİLİRİK”

2021.10.20, 07:36
“GünAzTV”nin RƏHBƏRİ: “DÖVLƏTÇİLİYƏ MÜDAXİLƏ OLANDA AZƏRBAYCANI MÜDAFİƏ ELƏMƏYİ ÖZÜMÜZƏ BORC BİLİRİK”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi "GÜNAZ.TV" Başqanı Əhməd Obalının "mediya forum"a verdiyi müsahibəni tam mətni ilə təqdim edir. “Media forum” saytının suallarını Mərkəzi ofisi ABŞ-ın Çikaqo şəhərində yerləşən “GünAzTV”nin rəhbəri Əhməd Obalı cavablandırır. - Hər bir KİV-i maraqlandıran məsələlərdən biri onun auditoriyasıdır. “GünAzTV”yə kimlər, hansı ölkələrdən baxırlar? - Bu kanalı yaradanda hədəfimiz o olub ki, tariximiz, mədəniyyətimiz, irsimiz, haqlarımız və digər problemlərimiz, kimliyimiz barədə danışılsın. Yəni bizim televiziya daha çox maarifləndirməklə məşğul olur. “GünAzTV” 2004-cü ilin axırında qeydiyyatdan keçib, 2005-ci ilin əvvəlindən fəaliyyət göstərir. Hazırda biz peyk vasitəsilə Orta Şərqə yayımlanırıq. Bir ara TÜRKSAT-la da yayımlanırdıq. Amma müəyyən problemlər çıxdı. Bu problemi çözməklə məşğuluq. İndi biz “Telstar 12”, “Amos 2” və internet vasitəsilə yayımlanırıq. Gələn zənglər, həmçinin bank hesabımıza pul köçürmələri yolu ilə bizə edilən yardımlar göstərir ki, televiziyamıza dünyanın hər yerindən baxırlar. Avstraliyadan, Yaponiyadan, Boliviyadan da tamaşaçılarımız var. Saytımıza ziyarətçilərin hansı ölkələrdən daxil olduğuna dair statistikadan da görürəm ki, bizi dünyanın 134 ölkəsindən izləyirlər. Təbii ki, tamaşaçılarımızın əksəri azərbaycanlılardır. Ancaq başqa millətlərin də nümayəndələri bizi izləyir, təqdim etdiyimiz milli musiqilərimizi dinləyirlər. - Bayaq bank hesabınıza pul köçürmələri məsələsinə toxundunuz. Ümumiyyətlə “GünAzTV” hansı maliyyə sayəsində fəaliyyət göstərir? - Dövlət televiziyası olmadığımız üçün biz reklam ala bilmirik. Təbii ki, buna görə yayım imkanlarımız da çox zəifdir. Biz tamaşaçılarımızın, həmkarlarımızın köməkliyi sayəsində fəaliyyət göstəririk. “GünAzTV”ni yaradanda onu 14-15 ay saxlaya biləcək qədər maliyyəmiz vardı. Yəni şəxsi pulumuz buna çatırdı. Amma sonradan məlum oldu ki, pul heç 14 aya da çatmayacaq. Ortalığa təsəvvür eləmədiyimiz xərclər çıxdı. Yardım üçün xalqa müraciət elədik və yardımlar gəldi. Millətin, diasporun yardımı olmasa, “GünAzTV” olmaz. Bizim arxamızda heç bir dövlət dayanmayıb və əslində bunu heç özümüz də istəmirik, çünki müstəqil olmaq daha yaxşıdır. Yardım göstərmək istəyənlər [email protected]/* */ e-mailinə müraciət edə bilərlər. Bu yaxınlarda KİV-in dəstəyi ilə yardım kampaniyasına da başlamaq istəyirik. - Televiziyanızın mərkəzi ofisi Çikaqoda yerləşir, Bakıda da ofisiniz var. Başqa hansı ölkələrdə nümayəndəlik aça bilmisiniz? - Türkiyə, Almaniya, Kanada və Hollandiyada təmsilçiliyimiz var. - “GünAzTV”nin ictimai rəyə təsir imkanlarını necə qiymətləndirirsiniz? - Millətimizə, xüsusilə Güney Azərbaycanda yaşayan həmvətənlərimizə qarşı son 80 ildə böyük haqsızlıqlar olub. Dilimizi, milliyyətimizi, kimliyimizi məhv etmək, tariximizi saxtalaşdırmaq, ədəbiyyatımızı talamaq üçün çox hücumlar olub. Buna qarşı fəaliyyət göstərmək lazımdır. Mən deyə bilərəm ki, yarandığı gündən “GünAzTV”nin bu proseslərə təsiri duyulur. 2006-cı ildə “İran” qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etirazın güclənməsində “GünAzTV”nin böyük rolu oldu. Kanalımızda əks-səda verən “Haray, haray, mən türkəm” şüarı, dərdlərimizdən danışmağımız, həmvətənlərimizin canlı olaraq Tehrandan, Təbrizdən kanalımıza qoşulub sözünü deməsinin ictimai ovqata çox müsbət təsiri var. Bura tarixi sənədlərə istinadən hazırladığımız proqramlarımızı da əlavə edə bilərəm. Həmçinin iddia edə bilərəm ki, Xocalı soyqırımı məsələsinə Azərbaycanda fəaliyyət göstərən televiziyalardan çox toxunmuşuq. Bizim efirdə hər gün latın qrafikası ilə ana dilimiz tədris olunur, musiqimiz, ədəbiyyatımız təbliğ olunur, gündəlik proseslərdən xəbərlər verilir. Azərbaycançılıq “GünAzTV”nin əsas xəttidir və bunun da müsbət təsirləri var. “GünAzTV”, adından da göründüyü kimi, Güney Azərbaycanın televiziyasıdır. Amma mən Azərbaycanı güneyə, quzeyə bölməyin əleyhinəyəm. Azərbaycan elə Azərbaycandır, dərdimizin bir hissəsi Güneydirsə, bir hissəsi də Qarabağın işğalıdır. Biz torpaqlarımızın işğalı mövzusuna daim yer ayırırıq. Dövlətçiliyə qarşı hər hansı müdaxilə olanda Azərbaycanı müdafiə eləməyi özümüzə borc bilirik. Çox zaman Azərbaycan dövlətinin demək istəmədiyi, deyə bilmədiyi sözləri də biz demək istəyirik. - Sizin efirə tez-tez İrandan da zənglər olur. Bu, “GünAzTV”nin İranda yayımına problem yaradırmı? - İran dövləti başqa xarici televiziyalar kimi “GünAzTV”nin də yayımından çox narahatdır. TÜRKSAT-la yayılanda İranda hər kəs bizi izləyə bilirdi. Ona görə İran dövləti dərhal Türkiyəyə müraciət elədi, TÜRKSAT-dan çıxarıldıq. Amerikadan yayımlandığımız üçün İran əlavə təzyiq və müdaxilə edə bilmir. Azərbaycanlıların səsinin öz televiziyalarından eşidilməsi İranı çox narahat edir. Sözsüz, bu gün də İrandan yayımımızla bağlı texniki müdaxilələr edilir. Bəzi günlər yorulub heç nə eləmirlər, amma biz heç yorulmuruq, fəaliyyətimizi davam etdiririk. Biz heç də İran dövləti ilə mübarizə aparmaq üçün bu televiziyanı açmamışıq. Sadəcə, İran dövləti özü bizi rəqib görür. Biz milli maarifləndirmə, milli şüurda oyanış, insan haqlarının qorunması istiqamətində çalışırıq. - TÜRKSAT-a qayıtmaq şansınız varmı? - Yayımımız kəsiləndən sonra TÜRKSAT dediyiniz istiqamətdə heç bir addım atmayıb. İnanmıram ki, bu məsələ tezliklə həll olunsun. Sadəcə, biz bu qapının açıq olmasını arzulayırıq. Digər peyk yayımçıları kimi bizimlə əməkdaşlıq eləsinlər, pulumuzu ödəyək, yayımımız baş tutsun. - Bir aydan çoxdur Güney Azərbaycan haqqında ən yaxşı yazılarla bağlı müsabiqə elan etmisiniz. Nəticə nə vaxt bilinəcək? - Biz təşviq edirik ki, jurnalistlər Güney Azərbaycan haqda yazsınlar, filmlər çəksinlər, Güneydən gələn aşıqlarımızın, musiqiçilərimizin yaradıcılığını dəyərləndirsinlər. Müsabiqə də bu məqsədlə başlayıb. Nəticələr gələn ilin sentyabr ayında açıqlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar