SON XƏBƏRLƏR

İrandan Ermənistana silah dəstəyi, Ermənistandan İranın nüvə proqramına dəstək...

2021.10.20, 07:36
İrandan Ermənistana silah dəstəyi, Ermənistandan İranın nüvə proqramına dəstək...

Gunaz.tv
Ötən həftə bir erməni politoloqu açıqlama yayaraq bildirdi ki, guya Ermənistandakı 102 saylı Rusiya hərbi bazasına silah-sursat Türkiyə üzərindən daşınıb. Türkiyə XİN dərhal bu məlumatı təkzib etdi, belə bir açıqlamanın Ankara və Bakı arasında münasibətlərə xələl gətirmək istəyən ermənilərin növbəti təxribatı olduğunu vurğuladı. Həmin vaxt Azərbaycanın hərbi ekspertləri bildirirdilər ki, Rusiya silah-sursatı Türkiyə üzərindən yox, İrandan keçməklə Ermənistana daşıyır. Bu məlumatın doğruluğunu dünən mətbuatda dərc olunan xəbər də təsdiqləyib. Belə məlum olur ki, son vaxtlar Ermənistan və İran arasında hərbi əməkdaşlıq, silah-sursat alveri intensivləşib. Xəzər dənizində İran və Rusiyanın birgə hərbi təlim keçirməsi, həm Moskva, həm də Tehranın Xəzərdə "başqa ölkələrin mövcudluğu" əleyhinə bəyanatlar verməsi baş verənlərin təsadüf olmadığını göstərir. "Nabucco" kimi nəhəng layihələrin reallaşması imkanının artması, İranın nüvə proqramının yaratdığı təhlükəyə diqqətin çoxalması bölgədəki gərginliyin artacağından xəbər verir. Ermənilər isə bu vəziyyətdən yararlanmağa çalışırlar. Mətbuat bildirir ki, iyul ayında Tehrandan İrəvana uçan təyyarə 150 sərnişinlə yanaşı, xeyli silah-sursat aparırmış. Xatırladaq ki, qəza barədə rəsmi məlumatda qeyd olunurdu ki, Tehrandan havaya qalxan Rusiya istehsalı olan təyyarənin kapitanı texniki nasazlıq barədə yerdə dispetçerə məruzə etməyib və təyyarə hava limanından bir qədər aralanandan, təxminən 20 dəqiqə sonra göydə alovlanıb, daha sonra yerə düşüb və dəhşətli partlayış baş verib. Qəzvin şəhəri yaxınlığında partlayan təyyarənin düşdüyü yerdə geniş yanğın törənib və yanmış cəsədlər bir neçə kilometrlik geniş əraziyə dağılıb. Dünən mətbuatda çıxan xəbərlərdə göstərilir ki, təyyarənin göyərtəsində olan partlayıcı maddələr Ermənistana göndərilirmiş. Rəsmi Tehran indiyədək təyyarənin sərnişinləri arasında təxminən 10 nəfərin adını gizli saxlayır. "Baybak" xəbər portalı qeyd edir ki, son zamanlarda İsrail ilə Azərbaycan arasında yaranan strateji müttəfiqlik münasibətlərinin genişlənməsi fars şovinistlərilə erməni cinayətkarların əlaqələrini dərinləşdirib. İran rəsmi dairələrinin "texniki nasazlıq barədə məruzəsi olmayıb" iddiası tam ziddiyyətlidir. Çünki qəzaya uğrayan təyyarənin nasazlığı olduğuna görə yolun yarısında Təbriz və ya Zəncana uçması tələb olunur: "Bu nasazlığın aradan qalxmadığını görən təyyarə heyəti Tehrana qayıtmağa məcbur qalıb və daha sonra qəzaya uğrayıb". Məlumatlara görə, qəzaya uğrayan hava gəmisini İsrail və ABŞ-ın kəşfiyyat təyyarələri izləyib və hətta silah-sursatın yüklənməsi zamanı havadan onun videogörüntusu çəkilib. Havada kəşfiyyat təyyarələrilə üzləşən Tehran-İrəvan marşrutu üzrə uçan təyyarənin qəfil geri dönməyə çalışsa da, yarı yolda qəza baş verməsi bir sıra qaranlıq sualları meydana çıxarır. Xatırladaq ki, şahidlər təyyarənin yerə düşdüyü yerdə güclü partlayış səsi eşitdiklərini bildiriblər. "Baybak"ın gəldiyi qənaət düzdür. Azərbaycan və İsrail arasında əməkdaşlığın genişlənməsi, "Nabucco" layihəsi, nüvə proqramına beynəlxalq diqqətin artması İran hakimiyyətini təlaşlandırır və məhz buna görə də Ermənistanla müxtəlif sahələrdə, xüsusilə hərbi əməkdaşlıq sahəsində əməkdaşlığı genişləndirir. Əslində isə Qarabağ müharibəsi başlayandan İran Ermənistana hər cür yardım edib, o cümlədən silah-sursat göndərib. Yaxud da Rusiya müharibənin qıızğın çağında Ermənistana silah-sursatı daha çox Gürcüstan üzərindən deyil, İrandan keçməklə göndərib. Xatırladaq ki, hələ neçə illər bundan əvvəl Rusiyanın İran üzərindən Ermənistana silah-sursat göndərməsiylə bağlı qalmaqal yaranmışdı. Bundan başqa, Ermənistan və İran arasında hərbi və nüvə sahəsində əməkdaşlığını təsdiqləyən faktlar da ortaya çıxıb. İran mütəxəssislərinin Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasında təcrübə keçməsini, Rusiyanın İranın nüvə proqramının inkişafında fəaliyyətinin məhz bu AES-lə bağlı olmasını təkcə Azərbaycan deyil, Avropa, ABŞ mətbuatı da yazıb. Rəsmi İrəvanın Çernobıl AES-lə oxşar olan Metsamor AES-in fəaliyyətini 1995-ci ildə bərpa etməsi təkcə Ermənistanın enerji ehtiyacının ödənilməsiylə bağlı deyildi. Avropa Birliyi "Metsamor"un bağlanması üçün milyonlarla dollar vəsait ayırsa da, yeni AES tikintisinə sövq etsə də ermənilər, əslində ruslar hələ də bu AES-dən əl çəkmirlər. Əvəzində ötən il Rusiyanın Atom Enerjisi Komitəsinin sədri Sergey Kiriyenko gəlib Ermənistanda 30 min ton ehtiyatı olan uran yataqlarının olmasından danışırdı. Maraqlı bir məqam da odur ki, avropalılar hansısa ölkənin enerji təchizatı üçün elə-belə pul ayırmazlar. "Metsamor" AES-in bağlanması üçün milyonlarla dollarından keçməyə hazır olan Avropa Birliyi əslində, İranın nüvə proqramına mane olmağa çalışır. Bu günlərdə MAQATE belə bir məlumat yayıb ki, İran bu ilin may ayından yeni sentrifuqaları istehsala buraxmayıb. Bu da onunla icah olunur ki, İranın uranı qurtarıb. MAQATE onu da bildirir ki, rəsmi Tehran yazda Şimali Koreyadan səhvən böyük bir partiya uran alıb. İran.ru saytı isə bildirir ki, yeganə realist izahat o ola bilər ki, rəsmi Tehran bir neçə bombanın yaradılması üçün kifayət qədər uran alıb, ancaq indi MAQATE-nin mövqeyinə hörmət göstərdiyini nümayişkarcasına göstərmək istəyir. İran XİN-in nümayəndəsi Həsən Qaşqavi isə maraqlı ölkələri rəsmi Tehranın nüvə proqramına mane olmamağa, bu problemi dialoq yolu ilə çözməyə çağırıb. Rusiyanın İranın nüvə proqramının inkişafında oynadığı rol, Ermənistanda uran xammalının istehsalına hazırlığın görülməsi və s. proseslər göstərir ki, Moskva hələ uzun müddət Tehranla nüvə sahəsində bazarlıq etmək niyyətindədir. Fars-molla rejimi isə Rusiya, Şimali Koreya, müəyyən dərəcədə Çindən başqa heç bir ölkə ilə nüvə proqramının inkişafı üçün əməkdaşlıq edə bilmir. Ermənistan isə bu fürsətdən yararlanmağa çalışır. Həm İranın nüvə proqramına birbaşa və dolayısıyla qoşulur, həm də Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün silahlanır. Haqqında danışdığımız təyyarə qəzası bu təhlükəli əməkdaşlığın bir sübutudur. Son dövrlər, daha dəqiq desək, ötən ilin avqustunda Rusiyanın Gürcüstana təcavüzündən sonra Ermənistanın məhz İrandan keçməklə silah-sursat daşıması daha ağlabatan görünür. "Beş günlük" müharibə zamanı məhz Gümrüdən qalxan rus qırıcı təyyarələrinin Tiflisi, Marneulini, gürcü hərbi hissələrini bombalaması faktı unudulmayıb. Məhz buna görə rəsmi Tiflisin Rusiyadan Ermənistana (Rusiyadan Poti limanı vasitəsilə Ermənistana müxtəlif yüklər göndərilir) silah-sursat daşımasına imkan verməməsi səbəbindən İran variantına üstünlük verilir. Bu silahlar isə həm Ermənistandakı rus hərbi bazalarının, həm də erməni ordusunun təchiz olunması üçün nəzərdə tutulur. Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi İrəvanın təkcə Azərbaycan əleyhinə deyil, eləcə də bölgə və dünya üçün təhlükəli fəaliyyətinə göz yumur.Elman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar