SON XƏBƏRLƏR

"Kürd açılımı" təşəbbüsü, MHP ilə AKP-ni tam qarşı qarşıya gətirib

2021.10.20, 07:36
"Kürd açılımı" təşəbbüsü, MHP ilə AKP-ni tam qarşı qarşıya gətirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "musavat"-a istinadən yaydığı məlumata görə, Türkiyədə hökumətin kürd probleminin həllinə yönələn “demokratik açılım” təşəbbüsü AKP ilə MHP arasında sərt polemikaya səbəb olub. Xəbər verildiyi kimi, MHP hökumətin kürdlərə bir sıra hüquqların verilməsini və PKK-çılara amnistiyanı nəzərdə tutan təşəbbüsünə qarşı çıxaraq bu məsələdə AKP ilə hər hansı müzakirəni istisna edir. MHP bəyan edir ki, hökumətin planı Türkiyəni bölməyin yolunu açacaq və onun arxasında ABŞ, Avropa və Türkiyəni bölməyə çalışan qüvvələr dayanıb. MHP başqanı Dövlət Baxçali ötən həftəki çıxışlarından birində hökuməti sərt tənqid edərək onu dolayısıyla İmralı canisi adlandırdığı Öcalanla danışıqlar aparmaqda, demokratiya adı altında kürd separatizmini təşviq etməkdə günahlandırmışdı.Baxçalı həmçinin təşəbbüsü dəstəkləyən prezident Abdulla Gülü və Milli Təhlükəsizlik Şurasını da tənqid etmişdi. Dünən Baxçalının bu tənqidlərinə AKP-nin parlament qrupunun başqan vəkili Bəkir Bozdağ cavab verib. Bozdağ Baxçalının Erciyes vilayətindəki çıxışına cavab olaraq deyib ki, MHP başqanı iqtidarda təmsil olunarkən Öcalanın asılmasına səy göstərməyib: “İqtidarda olanda guruldamaq lazım idi. Erciyes ovasında qurd olub Ankarada quzu olmamaq lazımdır. Orada ulayırsansa Ankarada da ulamalısan, parlamentdə də ulamalısan. Millətin yanında cəsarətli olub parlamentdə qorxaq olmaq bizə yaddır”. Bozdağ iddia edib ki, Baxçalı indiki təşəbbüsün Amerika layihəsi olduğunu idda edir, əslində isə “Amerika layihəsi” vaxtilə Öcalanı asılmaqdan xilas edən qanun layihəsinin qəbuluna MHP-nin qarşı çıxmaması olub. AKP təmsilçisi iddia edib ki, MHP-nin həmin qanunun qəbulunu əngəlləmək imkanı olsa da, bundan istifadə etməyib. Bozdağa görə, MHP axan qanın dayandırılması cəhdlərindən narahatdır. Bozdağın bu ittihamlarına MHP-dən cavab verən baş katib Cihan Paçacı deyib ki, AKP təmsilçisinin dedikləri onların nə dərəcədə zavallı olduğunu təsdiq edir. “MHP-nin məqsədi separatçılığı önləməkdir. Hökumətin başlatdığı proses isə bölücülüyü təşviq edir”- deyə, o bildirib. Paçacı deyib ki, MHP başqanı prezident Abdulla Gül də daxil olmaqla, Türkiyənin bölünməsinə yol açacaq mexanizmi dəstəkləyən heç kimlə görüşməyəcək: “Vəzifəsi nə olursa-olsun biz bu cür təşəbbüsləri ortaya atanlarla görüşüb danışmaq fikrində deyilik. AKP-çilər MHP-nin bu məsələdə siyasətini anlayacaq dərəcədə zəka sahibi deyillər”. Bu gün qarşılıqlı mübahisələrin daha da sərtləşəcəyi və həftəlik parlament qrupu toplantıları zamanı liderlərin bir-birilərini sərt ifadələrlə tənqid edəcəyi gözlənilir. Hökumətdən kürd planını koordinasiya edən daxili işlər naziri Bəşir Atalay isə siyasi partiyalar və vətəndaş cəmiyyəti qurumları ilə təmasları başa çatdırıb. Bu təmaslara CHP və MHP qatılmayıb. Atalay deyib ki, görüşlər zamanı hər kəsimin təklifləri dinlənilib və onların əsasında konkret tədbirlər planı hazırlanaraq ictimaiyyətə açıqlanacaq. Gözlənilir ki, hökumətin təşəbbüsündə Türkiyədə kürd dilində təhsilə yol açan konstitusiya düzəlişi təklifi də olacaq. PKK-dan Türkiyənin ünvanına növbəti təhdid var. Terror təşkilatının silahlı qanadının rəhbərlərindən olan Duran Kalkan bildirib ki, sentyabrın 1-də onların elan etdiyi birtərəfli atəşkəs başa çatır: “Əgər həmin vaxtadək Türkiyə Silahlı Qüvvələri hərbi əməliyyatları dayandırmasa biz yenidən hücumlara başlayacağıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar