SON XƏBƏRLƏR

Şimali Qafqazın gərginləşməsi Rusiyanı çaş-baş salıb

2021.10.20, 07:36
Şimali Qafqazın gərginləşməsi Rusiyanı çaş-baş salıb

Gunaz.tv
Rusiyanın Şimali Qafqaz bölgəsində vəziyyətin sabitləşməsi haqda birmənalı danışmaq çətindir. Mərkəzi hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, situasiyanı nəzarətə götürmək hələ də mümkün olmur. Şimali Qafqaz respublikalarında partlayışların, terror aktlarının və müxtəlif xarakterli sui-qəsdlərin ardı-arası kəsilmir. Vəziyyətin kəskinləşməsi Rusiya hakimiyyətini regiondakı hərbi qüvvələrini artırmaq məcburiyyətinə gətirib. Amma Kremlin bu tədbirləri bəzi ekspertlərin fərqli qənaətlərə gəlməsinə səbəb olub. Onlar belə düşünür ki, Rusiyanın Şimali Qafqazda hərbi kontingentini artırması onun yaxın vaxtlarda atacağı müəyyən addımlarla əlaqəlidir. Onların versiyasına görə, həmin addım çərçivəsində Rusiyanın Cənubi Qafqazdan çəkilməsi reallaşa bilər. Bu ehtimal kifayət qədər mübahisəli görünsə də, onun reallığa uyğunluğunu ən azı yoxlamaq mümkündür. Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Rusiyanın Cənubi Qafqazdan çəkilmək ehtimalının ciddi olmadığını deyir: "Son illərdə iqtisadi sabitliyini müəyyən qədər təmin etmiş Rusiya bütün istiqamətlərdə imperiya ambisiyalarını yenidən ön plana çıxardı. Maddi imkanlarını əhəmiyyətli dərəcədə artırmağa nail olmuş Rusiya artıq bu niyyətini ən açıq formada bildirməkdən də çəkinmirdi. Hər halda, Rusiyanın bir il əvvəl Gürcüstana hərbi təcavüzü də bu ambisiyanın nümayişi hesab oluna bilərdi. Təcavüz nəticəsində Gürcüstanın tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiya tam olaraq, Rusiyanın nəzarətinə keçdi. Buna qədər Rusiyanı diplomatik vasitələrlə yola gətirməyin mümkünlüyünə inanan Qərb artıq reallığın nədən ibarət olduğunu görüb, başa düşdü. Bir il əvvəl başlayan qlobal maliyyə-iqtisadi böhranın səbəbləri indi də araşdırılır. Hətta böhranın ilk dönəmində - neftin qiyməti sürətlə ucuzlaşanda da belə fikirlər səsləndi ki, məqsəd Rusiya və İranı iqtisadi baxımdan çökdürməkdir. Bu məqsəd qismən də olsa, həyata keçdi. Adlarını çəkdiyim ölkələr təkcə neftin ucuzlaşmasından on milyardlarla dollar pul itirdilər. Bundan başqa, Rusiyadan xaricə güclü maliyyə axını başladı. Nəticədə Rusiya imperiya ambisiyalarını sürdürmək üçün maddi dayaqlarını xeyli itirdi. Bununla belə, iqtisadi imkanları məhdudlaşsa da, Kreml həmin niyyətlərindən geri çəkilməyib. Onun Şimali Qafqazda möhkəmlənməyə çalışmasının da səbəbləri özlüyündə aydındır. Rusiya hakimiyyəti bilir ki, ölkənin parçalanması öz başlanğıcını məhz Şimali Qafqazdan götürə bilər. Orada artıq hansı vəziyyətin yarandığını xatırlatmaq artıqdır. Yəni Rusiyanın bu bölgəsində istər mərkəzi, istərsə də yerli hakimiyyətə qarşı güclü qəzəb və hiddət mövcuddur. Şimali Qafqazda müəyyən sabitlik yaranarsa, bu zaman güclü xalq hərəkatının baş qaldıracağı şübhə doğurmur. Ona görə də, Rusiya bu regionda hərbi mövcudluğunu belə sürətlə gücləndirir. Yəni Kremlin əsas diqqəti Şimali Qafqaza yönəltməsi onun Cənubi Qafqazı güzəştə getməyə hazırlaşması anlamına gəlmir. Rusiya hakimiyyəti bilir ki, Cənubi Qafqazdan çəkilərsə, o zaman böyük maraqlardan da imtina olunmalıdır. Bu isə heç inandırıcı deyil".Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar