SON XƏBƏRLƏR

“TALİBAN”da daha qəddar lider dönəmi başladı

2021.10.20, 07:36
 “TALİBAN”da daha qəddar lider dönəmi başladı

Gunaz.tv
“Taliban” terror qruplaşmasının Pakistan təşkilatı özünə yeni lider seçib. “Assoşeyted press” agentliyinin məlumatına görə, Beytulla Məsudun öldürülməsindən sonra başsız qalan təşkilata Həkimulla Məsud başçılıq edəcək. Onun namizədliyi “Taliban”ın ağsaqqallar şurasında səsə qoyulub və 22 nəfər yekdilliklə onu təşkilata rəhbər seçib.Bildirilir ki, Həkimulla Məsudun cəmi 28 yaşı var, lakin o indiyədək Pakistanda bir sıra iri terror aktlarının təşkilatçısı kimi tanınıb. Onun son “əl işi”nə ölkənin Peşəvər əyalətində otelin partladılması da daxildir. Məsud xüsusi qəddarlığı ilə tanınır. “Taliban” nümayəndəsi Bəht Zada təsdiq edib ki, Həkimulla Məsud yekdilliklə təşkilatın lideri seçilib. Lakin bildirilir ki, ondan başqa namizəd olmayıb. Xəbər verildiyi kimi, Amerika pilotsuz kəşfiyyat təyyarəsindən endirilən raket zərbəsi nəticəsində bir neçə həftə əvvəl “Taliban”ın Pakistandakı lideri Beytulla Məsud ölkənin Əfqanıstanla sərhəd Cənubi Vəziristan əyalətində öldürülüb. Onun öldürülməsindən sonra “Taliban” daxilində liderlik uğrunda çəkişmə başlayıb və atışma olub. Bu atışmada təşkilatın rəhbərliyinə daxil olan şəxslərdən bir neçəsinin öldüyü haqda məlumatlar var. Ən çox axtarılan terrorçular siyahısında olan Beytulla Məsudun öldürülməsini ötən həftə ilk dəfə ABŞ prezidenti Barak Obama da təsdiq edib. Bildirilir ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi prezidentə terrorçunun öldürüldüyü haqda təkzibedilməz dəlillər təqdim edib. Lakin “Taliban” Məsudun sağ, ancaq xəstə olduğunu iddia etməkdədir. “Stratfor” analitik-kəşfiyyat agentliyinin eksperti Kamran Bokari hesab edir ki, Həkimulla Məsudun ilk vəzifəsi pərakəndə vəziyyətdə olan “Taliban” qruplaşmasında birlik yaratmaq olacaq. Bu baxımdan Amerika kəşfiyyatı terror təşkilatına dirçəlməyə imkan vermədən onun aparıcı şəxslərinin məhvinə yönəlmiş əməliyyatları davam etdirməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar