SON XƏBƏRLƏR

Tehran hadisələrində, Güney Azərbaycanlı türklər keçmişdən olan təcrübələrə görə ehtiyatlı davrandılar

2021.10.20, 07:36
Tehran hadisələrində, Güney Azərbaycanlı türklər keçmişdən olan təcrübələrə görə ehtiyatlı davrandılar

Gunaz.tv
Böyük Rəsuloğlu: "Azərbaycan türkləri yenə də kiminsə onlardan yararlanaraq hakimiyyətə gəlməsindən, sərvətləri ələ keçirməsindən və sonra panfarsist rejimi davam etdirməsindən ehtiyatlandılar" Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin keçmiş sədri Böyük Rəsuloğlu Bakıdadır. Ötən əsrin 90-cı illərində Bakıda fəalliyyət göstərən güneylilər arasında fəallığıyla seçilən Böyük Rəsuloğlu mühacirətdə yaşadığı ölkədə də fəaldır. Onun təsis etdiyi qurum Güney Azərbaycan siyasi məhbuslarının hüquqlarının müdafiəsilə məşğuldur. Təşiklatın fəalliyyətindən, görəcəyi işlərdən və Norveçdəki Azərbaycan təşkilatları ilə əlaqələrindən danışan Böyük Rəsuloğlu bildirib ki, Avropa ölkələrində yaxşı təşkil olunmuş Azərbaycan diaspora təşkilatları var: "Təbii ki, onlarla əlaqələrimiz var. Amma bizim fəalliyyət istiqamətimiz bir az fərqlidir. Xaricdəki Azərbaycan təşkilatları əsasən Dağlıq Qarabağ problemi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılımasıyla məşğul olurlar. Bizim fəalliyyət istiqamətimiz isə bir az spesifikdir. Bilirsiniz ki, İran adlanan yerdə qeyri-fars millətlərinin, xüsusilə də Azərbaycan türklərinin hüquqları pozulur. Öz ana dili, milli kimliyi uğrunda mübarizə aparan insanlarımız həbslərə atılır, işgəncələrə məruz qalır. Biz tutulan və fars şovinist rejiminin həbsxanalarında əzab çəkən soydaşlarımızın haqlarını müdafiə edirik. Azərbaycan təşkilatları ilə müəyyən məsələlərlə bağlı fikir mübadilələrimiz olur. Ümumilikdə isə biz hüquq-müdafiə təşkilatlarıyla əlaqə saxlayır, onlarla işləyirik". Onun sözlərinə görə, insanların düşüncələrində xeyli dəyişiklik əmələ gəlib: "Artıq Azərbaycan mərkəzli türk düşüncə sistemi hakimdir. Azərbaycançılıq insanlarımızı birləşdirib. Avropada, Amerikada yaşayan azərbaycanlılar artıq özünü azərbaycanlı, türk sayır. Təbii ki, özünü iranlı sayanlar da var. Amma onlar azlıq təşkil edirlər. Hətta mən deyərdim ki, Güney Azərbaycanda da belədir. Güney Azərbaycan Milli Hərəkatı türklük məhvəri ətrafında dolanan bir azərbaycançılıqdır. Bu ideya getdikcə inkişaf edir və gələcəkdə daha da inkişaf edəcək. Artıq Güney Azərbaycanda bü düşüncə sistemi hakim olmaqdadır. Yaşlı nəsil insanlarımızda müəyyən problemlər var. Ancaq istər Güneydə, istərsə də Quzeydə türklük düşüncəsi insanlarımızda hakim kəsilib". Böyük Rəsuloğlu deyib ki, qarşılarında duran əsas məsələ Azərbaycanı tanıtdırmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır: "Güney Azərbaycan dünyada o qədər də tanınmır. Avropa xalqları millətimizin nə istədiyindən xəbərdar olmalıdır. Görüləcək işlər çoxdur. Quzey Azərbaycanın özünün də problemləri var. Qarabağ problemi, erməni lobbisilə mübarizə. Bu işlərdə soydaşlarımıza dəstək olmalı və güneyli-quzeyli bölgüsü aparmamalıyıq. Sizə deyim ki, Avropada heç bu bölgü yoxdur. Güneyli Quzeyin problemini özününkü bilir, quzyeli də Güneyin dərdini. Amma təşkilat və qurumların özünün də istiqamətləri var. Məqsədə uyğun fəalliyyətimizi qururuq. Beynəlxlaq təşkilatlarda, Norveçdə fəalliyyət göstərən siyasi təşkilatlara gedir millətimizin problemlərini anladırıq. Biz gedən zaman heç Quzey Azərbaycanı da o qədər də tanımırdılar. Amma indi vəziyyət fərqlidir. Azərbaycan Respublikası bu illər ərzində xeyli uğurlar əldə edib, tanınıb. Azərbaycan artıq bir dövlət olaraq dünya birliyi tərəfindən tanınır. Dövlətin, diaspora təşkilatlarının apardığı işlər nəticəsini verib. Artıq Avropada bilirlər ki, Azərbaycan demokratik ənənələri olan bir dövlətdir. Bir vaxtlar deyəndə ki, Azərbaycan hələ 1918-ci ildə demokratik cümhuriyyət qurub, parlament yaradıb, qadınlara seçki hüququ verib təəcüüb edirdilər. Norveçə gedəndən iki il sonra Norveç qəzetinə Novruz bayramı ilə bağlı məqalə yazdım. "Azərbaycan Novruz bayramı" adlı məqalədə Novruz bayramının gözəlliklərindən bəhs etmişdim. Çərşənbələrin fəlsəfəsini izah etmiş, bayramın gözəlliklərindən yazmışdım. Norveç oxucularının çox xoşuna gəlmişdi. Demək istəyirəm ki, bacardığımız qədər Azərbaycanı tanıtmağa çalışırıq. Azərbaycanın tanıdılmasında Azərbaycan dövlətinin əldə etdiyi uğurların da böyük rolu var". Güneyli soydaşımız qeyd edib ki, Azərbaycan dövlətinin diaspora quruculuğu istiqamətində atdığı addımlar təqdirlayiqdir: "Azərbaycan dövləti istəyir ki, diaspora, xaricə yaşayan soydaşlarımız aktiv olsun, yaşadıqları ölkənin ictimai-siyasi həyatında iştirak etsinlər. Bakıda bir neçə toplantı keçirildi, türk diaspora təşkilatlarıyla əlaqələrini möhkəmləndirilməsi üçün çalışmalar var. Bütün bunlar bizləri razı salır". Böyük Rəsuloğlu vurğulayıb ki, İranda prezident seçkilərindən sonra baş verənlər molla rejiminin sonunun başlanğıcıdır: "İran xalqı qorxu pərdəsini yırtdı. Bilirsiniz ki, İran inqilabından sonra ölkədə avtoritar dövlət qurulmuş, qapalı cəmiyyət formalaşmışdı. İnsanlarda da molla rejiminə bir inam vardı. İndi o inam da, qorxu da aradan qalxdı. Artıq İranda insanlar küçələrə axışıb öz haqlarını tələb edə, rejim rəhbərlərini tənqid edə bilirlər. Məncə, bu hadisələr İranda böyük dəyişikliklərə gətirib çıxaracaq. Amma azərbaycanlılar bundan nə qazanacaq, bu başqa mövzudur. Azərbaycan türkləri açığı çox narahatdır. Azərbaycan türkləri aldadılmağından ehtiyatlandığı üçün Mirhüseyn Musəvini açıq şəkildə dəstəkləmədi. Çünki İslam inqilabı zamanı xalqımızı aldadıb "haqlarınızı alacaqsınız" demişdilər. Amma sonra haqlarımız verilmədi. "Yaşıl inqilab" da azərbaycanlılar ona dəstək vermədiyi üçün baş tutmadı. Azərbaycan türkləri yenə də kimsənin onlardan istifadə edərək hakimiyyətə gəlməsindən, sərvətləri ələ keçirməsindən və sonra panfarsist rejimi davam etdirməsindən ehtiyatlandılar. Azərbaycan türkləri yalnız milli hüquqları açıq şəkildə qabardacaq hərəkata, inqilaba dəstək verəcək. Yəni İranda siyasi dəyişikliklərin vəd edilməsi, Güney Azərbaycan türklərinin milli hüquqlarının, ana dilində təhsil almaq haqqının tanınması əsas şərtdir".Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar