SON XƏBƏRLƏR

Elçibəyi anası savaş üçün doğmuşdu...

2021.10.20, 07:36
Elçibəyi anası savaş üçün doğmuşdu...

Gunaz.tv
(bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Əlçibəyin ölümündən doqquz il ötür) Ədalət Tahirzadə Əbülfəz Elçibəydən götürdüyü çoxsaylı müsahibələrdən birində Bəydən soruşur: "Ananızdan nə götürmüsünüz?" Bəy isə cavabı birnəfəsə verir: "O, çoxlu nağıl bilirdi". Elçibəyin anası çoxlu nağıl bilirdi... Bilirdi və danışırdı... Bəyin özü də anasından çoxlu nağıl öyrənmişdi, ancaq o bizə nağıl danışmadı. O, nağıl da danışa bilərdi, çünki nağıllardan gəlmişdi. Ağ atı, nurani siması ilə... Kəndiri qırıb onu qaranlıq quyuya salmaq istəyənləri sayı az deyildi. Çox əlləşdilər, çalışdılar, vuruşdular, Bəyi quyuya sala bilmədilər, əksinə o milləti qaranlıq quyudan çıxarda bildi. Qaranlıq zindanlar belə onun böyük işinə mane ola bilmədi, məhz buna görə adına BÖYÜK BƏY deyirlər. O bu millətə qaranlıq quyuya düşməməyin yollarını da göstərdi... Göstərdi və getdi... Millət indi qaranlıq quyudadır, ya yox, bu tamam ayrı söhbətin mövzusudur, amma Elçibəy bizə yolu göstərmişdi. Bəy yolunu gedənlərin sayı az oldu, azlar qazandı, çoxlar itirdi. Bu yolla getməyənlərin, bu yola xəyanət edənlərin hamısı səhvlərini çox gec başa düşdü, anlamazlığın, xəyanətin İlahi ədalətlə cavabı veriləndən sonra. Daldan atılan daş topuğa dəyəndən sonra... Elçibəy bir nağıl idi. Üç günlük, üç gecəlik nağıl. Uzun qış gecələrində nənələrimizdən, babalarımızdan eşitdiyimiz nağıl. Bu nağıl çox tez bitdi, hələ də yenidən belə bir nağılı eşidəcəyimizin, nağıl qəhrəmanını görəcəyimizin həsrətilə qovruluruq. Əslində Elçibəyin bədxahların kəsdiyi kəndirdən sonra quyuya düşdüyünü deyənlər, iddia edənlər, düşünənlər də var. Onlar hələ də quyuya daş atmaqla məşğuldurlar, Ramiz Rövşənin misraları təsadüfdən yaranmamışdı: "Sənə bir daş atar hər yerdən duran". Bəy hamını sevirdi, onu sevəni də, sevməyini də. O sevəni də, sevməyəni də, sevdiyini bu dünyada yaşadığı dövrdə hər kəsə göstərməyə çalışdı. Arifə bir işarə də bəsdir, dad qanmazın əlindən... Sevgi Bəyin həyat kredosu idi, pis də, yaxşını sevməyin fəlsəfəsini təəssüf ki, hər kəs başa düşmür, düşməməlidir də. Əslində bu dünyada hamımız çox şeyləri, çox mətləbləri başa düşmədən yaşayırıq, nəyisə başa düşmək bəlkə bizə heç lazım da deyil. Elçibəyi isə təkcə başa düşmək yox, həm də duymaq lazımdır. Çox adamlar var ki, oxuduğu kitabları başa düşür, gözəl izah verə bilir, ancaq ümumilikdə kitabın ruhunu, içini duya bilmir, hiss etməyi bacarmır. Böyük Bəy həm başa düşülməsi, həm də duyulması çətin olan bir kitabdır... Nağıl kitabı...Elçibəy yoluna ən birinci xəyanət edənlərdən, indi isə firon kimi gecələr özünü öz ayağından asanlardan biri bir vaxtlar Elçibəylə bağlı çox dəqiq bir fikir səsləndirmişdi. Təxminən belə: "Bu millət səni başa düşüəcək, bu millət sənin çəkdiyin əzabları çəkəndən sonra səni başa düşəcək". Doğrdanmı, belə hesab eləyirsiniz ki, indi bizim çəkdiyimiz əzabların dərin, şüuraltı qatları yoxdur və hər şey təsadüfdən, yaxud xırda səhvlər nəticəsində baş verib. Yox, biz Elçibəylə bağlı elədiyimiz səhvlərin əzabını çəkirik, yuxarıda dedim, bu yolu getməyənlər, yola xəyanət edənlər harda səhv etdiklərini bilməsələr də, hər halda səhv etdiklərini anlayırlar. "Elçibəyin taleyi belə olmamalı idi", - deyirlər, qarşısında baş əydiyim bəzi insanlar, içindən başqa heç nəyi olmayan insanlar Böyük Bəyin taleyinin belə olmasına görə əzab çəkirlər. Amma anlamaq, başa düşmək lazımdır ki, Elçibəyin taleyi məhz belə olmalı idi, bu aksiomadır, qismətdir, taledir, nəsə başqa bir şeydir, verə bilirsinizə adını siz verin. Millətinin azadlığı üçün çalışan, sözündən, əqidəsindən, əməlindən zərrə qədər geri çəkilməyən, öz prinsipləri uğrunda savaşan insanların taleyi əzəldən belə gəlib. Təkcə öz tariximizdən, ədəbiyyatımızdan onlarla misal gətirmək olar, fikrimin təsdiqi üçün. Babəkin qollarını, qıçlarını doğradılar, Nəsimini dabanından soydular, Cavidi sürgündə öldürdülər, Düdəngiskini terror yolu ilə aradan qaldırdılar, Sabir son günlərində sabun satmaqla dolandı, Məhəmməd Əmin qürbətdə Vətən nisgili, həsrətilə öldü... Səttərxan, Seyid Məhhəmməd Xiyabaninin qisməti də təxminən eyni oldu. İsa peyğəmbəri çarmıxa çəkdilər, Koperniki yandırdılar... Ümumiyyətlə, azadlıq uğrunda döyüşən neçə-neçə avropalı zalım fələyin qəfil gülləsinə tuş gəldi. Dostoyevskinin ölüm hökümünü üzünə oxuyub, onu fiziki cəhətdən demək olar ki, məhv etdilər, o, öz əsərlərində bu məqamı çox gözəl xırdalayıb. Kafkanın sağlığında ona heç kim dəyər vermədi, yalnız o öləndən sonra əsərlərinin fərqinə vardılar. İvan Bunin, Leonid Andereyevin də taleyinə qürbətdə yaşamaq, yaratmaq, ölmək düşdü. Tarixin bir az da bərilərinə gəlsək, lap yaxın günləri yada salsaq da mənzərənin dəyişmədiyini görərik. Millətin azadlığı uğrunda vuruşan Cövhər Dudayev öldürüldü...Zəlimxan Yandarbiyev öldürüldü. Aslan Məshədov öldürüldü. Hamını bir-birinə qatdığımı irad tutmayın, adını sadaladıqlarımın hamısı mənim üçün mücahiddir. Savaşdıqlarına görə, savaş üçün doğulduqlarına görə. Elçibəyi anası savaş üçün doğmuşdu... SAVAŞdı və cismən öldü...Cismən öldü, mənən yaşayır. Yuxarıda adını çəkdiyim insanlar kimi... Tanrı Tanrıdır və öz elçisini min bir daş altda yenə sağ eyləyir... Amma neyləyək ki, Tanrı öz elçilərini yanına tez aparmağa tələsir, onlar üçün çox darıxır. Cismən yaşatmadıqlarını, mənən yaşadır. Bəlkə də seçilmişlərin daha çox əzab çəkməsinə, məşəqqətlə üzləşməsinə dözə bilmir, əgər belədirsə niyə əzab, məşəqqət görməyi seçilmişlərin boynuna biçib? Bu dünya sınaq dünyasıdır əslində, yəqin, seçilmişlər ona görə sınağa daha çox çəkilir, başqalarından fərqləndiklərini Yerə, Göyə, hər kəsə, hamıya bir daha sübut etsinlər. Bəlkə də belə deyil, nə bilmək olar. Hər halda Tanrının işinə qarışmaq doğru olmazdı, ən azı adamı daş-qalaq edərlər. Seçilmişlər Tanrının da dəstəyilə özləri özlərini yaşadır. Bu səbəbdən Elçibəy yaşayır, ən azı mənim üçün yaşayır. Elçibəyi başa düşmək üçün oxumaq lazımdır, kitab oxumaq, özü də çoxlu, yaxşını da, pisi də. Bundan sonra Elçibəy adlı nağıl kitabını da oxumaq mümkün olacaq, kim nə götürəcək, babalı oxuyanın boynuna. Şəxsən mən Elçibəyi bir az da olsa Dostoyevskinin "İdiot"unu oxuyandan sonra başa düşmüşəm. Mənim üçün Elçibəy Dostoyevskinin nəzərdə tutduğu, canlandırdığı "idiot"dur. Üstümə hücuma keçməyə hazırlaşmayın... Dostoyevskinin nəzərdə tutduğu, canlandırdığı "idiot", yəni knyaz Mişkin İsa peyğəmbərin prototipidir. P.S. Yazı bəlkə də sistemsizdir, amma yəqin mizan- tərəzinin, sistemin olmadığı bir yerdə yəqin ki, sistemsiz yazı yazmaq da qəbahət sayılmaz.Ağa Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar