SON XƏBƏRLƏR

GÜNAZ.TV Başqanı Əhməd Obalı: ...özləri etdikləri zülm ilə, öz rejimlərini laxlatdılar

2021.10.20, 07:36
GÜNAZ.TV Başqanı Əhməd Obalı: ...özləri etdikləri zülm ilə, öz rejimlərini laxlatdılar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi, GÜNAZ.TV Başqanı Əhməd Obalı bəyin "Şərq qəzeti"-nə verdiyi müsahibəni tam mətni ilə təqdim edir. GünAz TV İrandakı seçkilərdə daha fəal oldu -Elə kadrlar götürmüşdük ki, başqalarında yox idi. Hətta əlimizə gələn materiallardan ayrı televiziyalara da göndərirdik... Əhməd Obalı: "Biz Tehrandakı hadisələri işıqlandırmaqda digər televiziyalardan fərqləndik" Neçə müddət idi ki, danışmaq istəyirdik onunla. Çünki son zamanlar həm Azərbaycanda, həm də kənarda baş verən proseslərə bir vətənpərvər kimi, eyni zamanda media nümayəndəsi kimi onun fikirlərini maraqlı hesab edirdik. Nəhayət, dünən ABŞ-dan yayınlanan Güney Azərbaycan Televiziyasının (GünAz TV) rəhbəri Əhməd Obalı özü telefon açdı, redaksiyamıza. Fəaliyyətə başladığı dönəmdən Güney Azərbaycanda milli oyanış prosesinə böyük dəstək vermiş, Azərbaycanın uğurlarını, azərbaycançılığı, tarixi və mənəvi irsimizi, ümummilli problemlərlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmış bir televiziyanın rəhbərindən öncə sözügedən media qurumu ilə bağlı soruşduq. - Televiziya artıq beş ilə yaxındır ki, fəaliyyət göstərir. Açıldığı gündən Amerika şirkətlərinin birindən, yəni "TelSTAR 12"-dən yayılır. Bir ara biz həm də "Türksat"dan da yayınlandıq. Şərq istiqamətində olan peyklərə İran siqnal buraxa bilirdi. Bu səbəbdən də "Türksat"da sona qədər yayınlana bilmədik. Ona görə də belə bir fikir formalaşmışdı ki, bu televiziya bağlanıb. Əslində elə deyil, fəaliyyəti durmadan davam edib. İndi yenə Şərq tərəfdə yayınlana biləcəyik. Ardıcıl səylərimizdən sonra, nəhayət ki, Avropa ölkələrində rəsmi olaraq yayınlanmağa lisenziya aldıq. Gələn ay üçün bütün hazırlıq işlərini yekunlaşdırıb, "TelSTAR"-la yanaşı, Avropa istiqamətində olan peyklərdən də istifadə edə biləcəyik. - İrandakı vəziyyəti necə izlədiniz? Ümumiyyətlə, İslam Respublikasında seçki sonrası vəziyyətlə bağlı nə danışılır, Amerikada? - Seçkilərdən sonra İranda vəziyyət demək olar ki, bütün insanları narahat edir. Mitinqlər zamanı tutulanlara açıq-aşkar əziyyət edilməsi artıq əksəriyyətə məlumdur. İran mətbuatının özündə belə rejim tərəfindən təzyiqlərin olması ilə bağlı məlumatlar əksini tapıb. Hətta İran rejiminin öz adamlarından biri olan Millət Məclisinin fəal üzvü Əhməd Təvəkkülünün yaxşı bir sözü var. "Əlif" adında saytda yazıb: "Biz zülmümüzlə bu sistemi çökdürürük". Bu əlbəttə ki, həqiqətdir, zülmün artırılması eyni zamanda zülmedənlərin də tənəzzüllü deməkdir. İran rejimi dünyada da biabırçılığa məruz qalıb. Seçkini oğurladılar, millətin iqtisadi durumu ağırdır. Hətta öz adamlarının belə başına işgəncələr gətirmələri artıq bu rejimi laxlatmağa başlayıb. - İranda baş verən məlum olayların dünya ictimaiyyətinə çatdırılmasında GünAz TV-nin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? - GünAz TV çox məhdud imkanlara sahibdir. Həm maddi cəhətdən sıxıntılarımız var, həm də rəsmi olaraq İranda müxbirlərimizin olmaması səbəbindən bir çox hallarda başqa televiziyalar kimi fəaliyyət göstərə bilmirik. Amma sonuncu seçki məsələsinə gələndə iddia etmək olar ki, GünAz TV bütün televiziyalardan daha fəal oldu. Könüllü müxbirlərimiz ordan materiallar yığıb göndərirdilər bizə. Deyə bilərəm ki, GünAz TV-də Tehrandakı hadisələrin işıqlandırılması digər televiziyalardan fərqlənirdi. Elə kadrlar götürmüşdük ki, başqalarında yox idi. Hətta əlimizə gələn materiallardan ayrı televiziyalara da göndərirdik və bildirirdik ki, anonim olaraq, bizim adımızı çəkmədən istifadə edə bilərsiniz. Yəni bu hadisələrdə çox fəal iştirak etdik. - Məlumdur ki, diaspora işində də müəyyən təcrübəyə maliksiniz. Xaricdə yaşayan bir azərbaycanlı kimi diasporamızın səviyyəsini necə dəyərləndirirsiniz? - Mən bir vətənpərvər insan kimi çox istərdim ki, həqiqətləri danışaq. Biz nəticəyə baxmalıyıq. Efirdə mətbuat səhifələrində bir-birimizi tərifləməklə olmur bu işlər. Əgər bizim fəaliyyətlərimiz faktiki olaraq hər hansı bir nəticə veribsə, bununla ölçmək olar ki, çalışmalarımız hansı səviyyədədir. Ermənilərə, digər qruplara baxanda demək olar ki, bizim fəaliyyətimiz çox zəifdir. Amma son illərdə inkişaf, təşkilatlanma var. Məsələn, Amerikada, Vaşinqtonda bizim də mobil qrupumuz var. Bu, əlbəttə ki, dövlət tərəfindən deyil, orda yaşayan bir neçə azərbaycanlı tərəfindən yaradılıb. Gənc olmasına baxmayaraq aktivdir. Ümumiyyətlə, həm Avropada, həm də Amerikada diasporanın fəaliyyəti müsbətdir. Amma bundan qat-qat yaxşı ola bilər. Yəni biz hazırkı fəaliyyətlə kifayətlənməməliyik. Daha artıq çalışmaq lazımdır. - Dünya Azərbaycanlıları Konqresi adı altında iki qrupun fəaliyyət göstərməsi necə təsir edir diaspora işimizə? - Maneçilik törədir. Hər bir təşkilat parçalananda, onun müsbətdən daha çox, mənfi təsiri var. Yəni zehinlərdə təsir buraxır, insanlar bezib kənara çəkilirlər. Parçalanmanın heç bir zaman müsbət təsiri ola bilməz. Biz də çox çalışdıq ki, DAK birləşsin. Lakin təəssüf ki, bu baş tutmadı. İnşallah, gələcəkdə hər iki tərəfdən məsuliyyətli insanlar, səmimiyyətlə birləşməyə doğru addımlar atarlar. DAK bütöv də olsa, Azərbaycanın məsələsini həll edən bir təşkilat deyil, amma hər halda müsbət təsir buraxmaq lazımdır, mənfi təsirə nə ehtiyac var?! DAK da bir diaspora təşkilatı kimi birləşməlidir. O, vətənin içində fəaliyyət göstərən bir təşkilat deyil. Onu bu yola çəkmək də lazım deyil. DAK-ı diaspora təşkilatı kimi birləşdirib gücləndirmək lazımdır. - Dağlıq Qarabağ problemi ətrafında aparılan danışıqlarda son zamanlar bir intensivlik müşahidə olunmaqdadır. Necə dəyərləndirirsiniz bu istiqamətdə gedən prosesləri? - Qarabağ məsələsi bir neçə qüvvənin rəsmi oyununa çevrilib. Çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və Qarabağı Azərbaycanın torpağı hesab edir. "Qarabağ erməni qoşunları tərəfindən işğal olunub" bunu da deyirlər. Yaxşı, biz neçə il gözləməliyik ki, onların rəsmi tanıdığı torpaqlar azad olunsun? Əgər bunlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, onda işğalçının çıxmasını tələb etməlidirlər? Nədir bu müzakirələr? Belə görünür ki, məntəqədə sülhü istəməyən qüvvələr də var. Çünki sülh yaranırsa, münaqişələr həll olunursa, o zaman Cənubi Qafqaz ölkələri özlərinə daha azad yol seçəcəklər. Amma münaqişə olduqca hər iki dövlət başqa dövlətlərlə müzakirələr aparmağa məcburdurlar. Görünür, Qarabağ məsələsini həllini Minsk qrupunun bəzi üzvləri də istəmir. Nəticə bunu göstərir. Ona görə də Azərbaycan torpaqlarını öz gücü ilə azad etməyə məcburdur. Görünür, bu müzakirələrdən bir şey çıxmayacaq. Firdovsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar